AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qulu Məhərrəmli: “Jurnalistikaya qabiliyyət imtahanı faydasız və mənasız prosedurdur”

  • + A
  • - A
  • Bu gün, 12:37

    Qulu Məhərrəmli: “Jurnalistikaya qabiliyyət imtahanı faydasız və mənasız prosedurdur”

    Son günlər yenidən jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı geniş ictimai ajiotaj yaşanır. Bu məsələ cəmiyyətin müxtəlif təbəqələrində, xüsusilə də təhsil və media sahəsində çalışanlar, eləcə də abituriyent və valideynlər arasında ciddi müzakirə mövzusuna çevrilib. Məsələyə tanınmış media eksperti, professor Qulu Məhərrəmli də münasibət bildirib. Onun fikrincə, bu imtahanların tətbiqi həm nəzəri, həm də praktik baxımdan əsaslandırılmayan bir addımdır və jurnalistikaya qəbul prosesində əlavə süni maneələr yaradır.

    Qulu Məhərrəmli qeyd edir ki, jurnalistika nə musiqi, nə rəssamlıq, nə də aktyorluq kimi xüsusi yaradıcılıq və qabiliyyət tələb edən bir sahədir. “Bu, ədəbi yaradıcılıq və ya xüsusi istedad tələb edən istiqamət deyil ki, hansısa qabiliyyət sınaqları ilə seçilməlidir. Jurnalistika, ilk növbədə, savad, analitik düşüncə, hadisələri düzgün təhlil və təqdimetmə bacarığı tələb edən bir peşədir. Bu keyfiyyətləri formalaşdırmağın yolu isə keyfiyyətli tədris və praktik yönümlü təhsil mühitidir,” – deyə professor vurğulayır.

    Onun sözlərinə görə, qabiliyyət imtahanı nəinki tələbə seçimində effektivlik yaratmır, əksinə, həm Dövlət İmtahan Mərkəzi (DİM) üçün əlavə inzibati yükə, həm də abituriyent və onların valideynləri üçün yersiz həyəcan və vaxt itkisinə səbəb olur. “Hazırkı formada bu imtahan sadəcə bir yamaqdır. DİM üçün əlavə qayğı, ailələr üçün isə əsassız stress deməkdir,” – deyə o bildirir.

    Qulu Məhərrəmli hesab edir ki, əgər məqsəd peşəkar jurnalistlərin yetişdirilməsidirsə, bu zaman qabiliyyət imtahanları deyil, jurnalistika tədrisinin məzmunu və metodologiyası əsaslı şəkildə yenilənməlidir. Onun fikrincə, jurnalistika fakültələrində tələbələrə nəzəri biliklərlə yanaşı, daha çox praktik bacarıqlar verilməli, müasir media mühitinə uyğun peşə vərdişləri aşılanmalıdır.

    “Jurnalistikaya keyfiyyətli, düşünən, yazı bacarığı olan gənclərin gəlməsi üçün onlara süni baryerlər yox, inkişaf fürsətləri təqdim olunmalıdır. Qabiliyyət imtahanı kimi mənasız prosedurlar bu sahəyə istedadlı gənclərin marağını azaldır, onları alternativ ixtisaslara yönəldir,” – deyə media eksperti əlavə edir.

    Sonda Qulu Məhərrəmli bu cür imtahanların ləğv olunmasının vacibliyini önə çəkir: “Jurnalistikaya səviyyəli, düşünən və analitik qabiliyyəti olan gənclər gəlməlidir. Bu isə yalnız açıq, şəffaf və məntiqi qəbul sistemində mümkündür. Qabiliyyət imtahanı isə bu məqsədə xidmət etmir və ona görə də tezliklə ləğv olunmalıdır.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR