AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk Dünyası Birliyi Bakıdan Bütün Coğrafiyaya Səsləndi

  • + A
  • - A
  • Dünən, 18:05

    Türk Dünyası Birliyi Bakıdan Bütün Coğrafiyaya Səsləndi


    Bakı, 17 sentyabr — Azadmedia.az

    “Bizim ailəmiz Türk dünyasıdır” – CASCFEN-in yekun konfransı keçirildi.

    17 sentyabr 2025-ci ildə Bakıda daha bir əlamətdar tədbir baş tutdu. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən CASCFEN-in “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində yekun konfrans baş tutdu. Simvolik adı ilə yadda qalan tədbir – “Bizim ailəmiz Türk dünyasıdır”, əslində yalnız bir şüar deyil, bu gün Türk coğrafiyasını birləşdirən ruhun ifadəsi idi.

    Konfransın açılışında Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi, tədbirə həm emosional, həm də rəsmi çalar qatdı. Daha sonra CASCFEN prezidenti, Əməkdar jurnalist Nadir İsmayılov, Gəncliyə Yardım Fondunun rəhbəri Ahmet Tecim və digər qonaqlar çıxış etdilər.

    Tədbirin əsas moderatoru, Türk dünyasının sadiq qələm adamı Əkbər Qoşalı oldu. Qısa, lakin məzmunlu çıxışlarla millət vəkilləri, əməkdar jurnalistlər və alimlər Türk dünyasının gələcəyi üçün birgə addımların vacibliyini vurğuladılar. Azərbaycan Milli Məclisinin deputatlarından Vüqar İskəndərov və Elçin Mirzəbəyli çıxışlarında Türk dünyasının həmrəyliyinin regional və beynəlxalq müstəvidə əhəmiyyətini qeyd etdilər.

    Tədbirin diqqət çəkən məqamlarından biri də diplomatik korpusun iştirakı idi. Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Dr. Cihangir İşbilir qardaşlıq münasibətlərinin mətbuat və informasiya sahəsində də gücləndirilməsinin vacibliyini vurğuladı. Tədbirdə həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer və Türk dövlətlərimizdən olan rəsmilər iştirak edərək, çıxışları ilə Türk dünyası həmrəyliyinə dəstəklərini ifadə etdilər.

    Tədbirdə diqqət çəkən çıxışlardan biri də Əməkdar jurnalist, “Bayraqdar Media”nın rəhbəri Azər Həsrətə məxsus oldu. O, Türk dünyasının informasiya məkanında birliyə və koordinasiyaya ehtiyac duyulduğunu xüsusi vurğuladı:
    “Türk xalqları arasındakı qardaşlıq münasibətlərini gücləndirməyin ən təsirli yolu informasiya sahəsindəki əməkdaşlıqdır. Biz bir-birimizin səsini dünyaya daha gur çatdırmalıyıq”, – deyə Azər Həsrət qeyd etdi.

    Konfransda diqqət çəkən məqamlardan biri də Türkiyədə təhsil alan tələbələr arasında keçirilən “Bizim ailəmiz Türk dünyasıdır” adlı yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması oldu. Bu, həm də gənc nəsillərin türkçülük ideyalarına bağlılığının göstəricisi idi.

    Tədbir çərçivəsində CASCFEN ilə İZAZDER arasında əməkdaşlıq protokolunun imzalanması isə gələcək birgə fəaliyyətlərin hüquqi zəminini yaratdı.

    Konfransın sonunda xatirə fotosu çəkildi. Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalandığı həmin an, sanki bütün tədbirin fəlsəfəsini özündə ehtiva edirdi: Ortaq tarix, ortaq dəyərlər və ortaq gələcək naminə birləşən Türk dünyası ailəsi.

    Jurnalist Ülkər Piriyeva





















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR