AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk görüşü keçirdi

  • + A
  • - A
  • 21-04-2021, 17:29


    Dövlət Gömrük Komitəsinin Akademiyası Vətən müharibəsində iştirak etmiş media nümayəndələri və gömrük xidməti əməkdaşları ilə silsilə görüşlər nəzərdə tutan “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində bir qrup jurnalistlə tələbələrin onlayn görüşünü təşkil edib. Görüşdə I və II Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ qazisi, Prezident təqaüdçüsü Rey Kərimoğlu, II Qarabağ müharibəsinin iştirakçıları - “Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyev, “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev, Real TV telekanalının əməkdaşı İsmayıl Yaşaroğlu, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük xidməti əməkdaşı Ülvi Hacıyevin anası Həmidə Qurbanova iştirak edib.
    Tədbirdən öncə Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun rəhbərliyi ilə Akademiyanın əməkdaşları “Azərterminalkompleks” Birliyinin inzibati binasında şəhid-gömrükçü Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək üçün qoyulmuş büstünü ziyarət edib, şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunub.
    Tədbirin əvvəlində Azərbaycanın azadlığı, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
    Akademiya rəisi Qulu Novruzov açılış nitqi ilə çıxış edərək bütün dünyada Covid-19 pandemiyasının davam etdiyi dövrdə 2020-ci ildə Azərbaycan üçün fərqli bir tarix yazıldığını deyib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təcavüzkar, işğalçı ordusunun hücumlarını dəf etmək məqsədi ilə əks hücuma keçərək 44 günlük Vətən müharibəsində dəmir yumruqla zəfərə doğru irəlilədiyini bildirib. “Tarix bir daha göstərdi ki, milli birlik olduqda, xalq yenilməzdir. Xalqın önündə, dövlətin başında onu öz arxasınca apara bilən güclü və qətiyyətli lider olanda dövlət, xalq, toplum nə qədər güclü olur. Ali Baş Komandan İlham Əliyev bütün cəbhələrdə baş komandan missiyasını böyük məharət və uğurla yerinə yetirdi”, - deyə Akademiya rəisi vurğulayıb.
    Bu müharibənin Azərbaycan xalqının milli kimliyini təsdiq etmək üçün bir imtahan olduğunu deyən Qulu Novruzov Azərbaycan əsgərinin Vətən müharibəsində gəncliyin istinad edəcəyi minlərlə qəhrəmanlıq nümunələrini göstərdiyini deyib. Azərbaycanın azadlığı, ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması uğrunda mübarizədə canını fəda etmiş hər bir qəhrəmanın əziz olduğunu deyən Qulu Novruzov Vətən müharibəsində gömrük xidməti əməkdaşlarının da iştirakını qeyd edib. O, hər bir gömrük xidməti əməkdaşı üçün Vətən müharibəsində şəhid olan Ülvi Hacıyevin bir qəhrəmanlıq simvolu olduğunu vurğulayıb. “Tarix boyu zaman-zaman Azərbaycan xalqı müxtəlif vaxtlarda bu imtahanları verib, belə sınaqlardan keçib. Bu imtahanları bizim adımızdan Azərbaycan ordusu, Azərbaycan əsgəri, ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz, Ülvi Hacıyevlər verdi” - deyə o, bildirib.
    Vətən müharibəsində Gömrük Akademiyasının kollektivi, tələbələrinin də fəallığından söz açan Qulu Novruzov Akademiya əməkdaşı Ceyhun Sadıxovun könüllü olaraq müharibədə iştirak etdiyini qeyd edib. Akademiyanın hər bir tələbəsinin Azərbaycan dövləti və xalqının rifahı, inkişafı naminə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib. O, gənclərin informasiya müharibəsində aktiv olduğunu deyərək, tələbələrin informasiya savaşı cəbhəsində, xüsusən sosial şəbəkələrdə fəal olduqlarını diqqətə çatdırıb. Azərbaycanın informasiya müharibəsində media nümayəndələrinin fəaliyyətini xüsusi qeyd edən Akademiya rəisi tədbirdə iştirak edən jurnalistlərin hər birinə təşəkkür edib. Qələmini silaha çevirən jurnalistlərin yeri gəldikdə, məhz silahla düşmənə qarşı vuruşduqlarını deyib.
    Şəhid gömrükçü Ülvi Hacıyevin anası Həmidə Qurbanova onun uşaqlıq, məktəb və tələbəlik illərindən danışıb. Ülvinin könüllü olaraq cəbhəyə getdiyini bildirib. Ülvinin övlad, şagird, tələbə, vətəndaş kimi nümunəvi olduğunu qeyd edib. Ülvi Hacıyevin gömrük xidmətində fəaliyyətindən söz açaraq, onun gömrük əməkdaşı kimi hər zaman Vətənini hər şeydən üstün tutduğunu deyib, körpəlikdən Azərbaycan bayrağına olan sevgisindən söz açıb və Vətən uğrunda şəhid olduğunu deyib. Milli Qəhrəman Mübariz İbrahimovu özünə ideal sayan Ülvinin itkisinin bir ana kimi ona ağır olduğunu, bununla belə, övladı ilə fəxr etdiyini bildirib. Ülvi Hacıyevin Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə vuruşduğunu, torpaqlar işğaldan azad olunduqca Ülvinin sevincini, onun hər bir qarış torpağımızın azad olunmasından fərəhləndiyini xatırlayıb. Həmidə Qurbanova gənclərə Vətənə məhəbbət, böyüklərə hörmət kimi dəyərləri yaşatmağı tövsiyə edib.
    I və II Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ qazisi, Prezident təqaüdçüsü Rey Kərimoğlu II Qarabağ müharibəsində Azərbaycan əsgərlərinin rəşadətindən söz açıb. Keçmiş döyüşçü olaraq əsgərlərin ruh yüksəkliyinin, döyüş hazırlığının artırılması istiqamətində öz döyüşçü yoldaşları ilə gənclərə dəstək verdiklərini deyib. Gənc əsgər və zabitlərin qəhrəmanlığı, mətinliyi və vətənpərvərliyinə daha yaxından şahidlik etdiyini qeyd edib. Prezident İlham Əliyevin çıxışlarının hərbi hissələrdə heyətə xüsusi döyüş ruhu verdiyini vurğulayıb. Qələbə üçün vacib olan birlik və vəhdətin yarandığını diqqətə çatdırıb. 44 gün ərzində Prezident İlham Əliyevin öz çıxış və müsahibələri ilə həm də Azərbaycan mediasının informasiya blokadasını uğurla yardığını bildirib. Gənclərə sosial şəbəkələrdə daha da fəal olmağa, düşmənlə informasiya savaşında iştirak etməyə çağırıb.
    II Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyev Vətən müharibəsinin iştirakçısı olduğu üçün qürur hissi keçirdiyini bildirib. Müharibədən öncə hərbi müxbir kimi fəaliyyət göstərən Rəşad Baxşəliyev öz təkidi ilə döyüşlərə yollanıb, müharibədə zabit kimi xidmət keçib. O, gənc nəslin vətənpərvərliyinin nəticəsi olaraq böyük Qələbəyə nail olduğumuzu qeyd edib. Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edən zabit-jurnalist Prezident İlham Əliyevin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
    II Qarabağ müharibəsinin iştirakçısı, “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev deyib ki, gənclər üzərinə düşən tarixi missiyanı yüksək səviyyədə yerinə yetirdilər. Gömrük Akademiyasının tələbələrinin timsalında gənclərin hər birinin vətənpərvər ruhda tərbiyəsinin əhəmiyyətini vurğulayıb. Müharibə dönəmində qələmi silaha çevirən media nümayəndələrinin informasiya müharibəsində düşməni susdurmalı olduqlarını, bu istiqamətdə gənclərin də üzərinə iş düşdüyünü deyib.
    II Qarabağ müharibəsinin iştirakçısı, Real TV telekanalının əməkdaşı İsmayıl Yaşaroğlu Azərbaycan əsgəri olaraq ön cəbhədə səngərdə vuruşmaq üçün müharibəyə könüllü yazıldığını bildirib. Azərbaycanın haqlı mövqeyinin ortaya qoyulmasının vacibliyini vurğulayan İsmayıl Yaşaroğlu Gəncə, Bərdə, Tərtər şəhərlərində Ermənistan tərəfindən törədilən terror aktları ilə Xocalı soyqırımı törədən ermənilərin öz xislətini bir daha göstərmiş olduqlarını xatırladıb. İnformasiya müharibəsində medianın, həmçinin gənc nəslin fəaliyyətinin zəruri olduğunu qeyd edib.
    Tədbirdə iştirak edən media nümayəndələri hər biri Akademiya rəhbərliyinə layihə çərçivəsində qazi jurnalistlərlə görüşlərin keçirilməsinə görə minnətdarlıq ifadə ediblər. Gənclərin vətənpərvərlik hisslərinin aşılanmasında belə layihələrin vacibliyi qeyd olunub.
    Sonda Akademiya tələbələri maraqlı və yaddaqalan tədbirin təşkilinə görə təşəkkür edərək, zəfər yaddaşını qələmi ilə yazan media nümayəndələrinə minnətdarlıqlarını bildiriblər. Şəhidlər qarşısında gəncliyin böyük bir borcu olduğunu vurğulayıblar.
    Qeyd edək ki, Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə reallaşan “Vətən mənə oğul desə...” adlı layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənə məhəbbət, torpağa, dövlətinə xidmətin aşılanması məqsədilə Gömrük Akademiyasının tələbələrinin I Qarabağ müharibəsində, həmçinin II Qarabağ müharibəsində 44 günlük döyüşlərdə iştirak etmiş, qələmini silaha çevirərək döyüşmüş jurnalistlərlə, o cümlədən gömrük xidməti əməkdaşları ilə silsilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR