15 il öncə yazdığım, o zaman qəzetlərdə dərc olunan bu məqaləni böyük alimin 100 illik yubileyi münasibətilə yenidən çapa təqdim edirəm.
Əgər 1950-1960-cı illərə qədər Salyanın Qızılağac kəndi özünün rəngarəng təbiəti ilə tanınırdısa, həmin illərdən sonra bu kənd ölkədə şöhrət tapmış tarixçi-alim oğlu ilə də fəxr etməyə başladı. Belə demək mümkündürsə, Qızılağac təbiəti özünün ən gözəl meyvələrindən birini yetişdirmişdi. 1922-ci il avqust ayının 23-də mahalda sözübütövlüyü, həqiqətpərəstliyi, zəhmətkeşliyi ilə tanınan Nəcəfqulu Quliyevin ailəsində 4 qız övladından sonra dünyaya gələn oğlana ailə necə ümidlərlə baxmışdısa, zaman gələcəkdi ki, o, bir elm sahəsinin, böyük bir təşkilatın, gələcəyi etibar olunan minlərlə gəncin, tədqiqatçının, alimin ümid yerinə çevriləcəkdi. O, 1935-ci ildə kənd məktəbini yaşıdlarından bir il tez bitirib. Hamı bu parlaq təfəkkürlü, iti məntiqli gəncin gələcəyinə inanırdı. Tale onun üçün ətrafında elə bir mühit yaratmışdı ki, bu mühit onun tarixçi kimi yetişməsində mühüm rol oynayacaqdı. Bu mühitin mərkəzində isə dayısı, Salyanın tanınmış ziyalılarından biri, tarix müəllimi Müzəffər Əsədov dayanırdı. Ailənin məsləhəti və özünün də razılığı ilə orta məktəbi bitirən Əlövsət sənədlərini Salyan pedaqoji məktəbinə verərək qəbul oldu. Pedaqoji məktəbdə ona dərs demiş Böyükağa Qurbanov sonralar xatırlayacaqdı: “Gənc Əlövsətin müəllimlərə verdiyi suallar çox vaxt onları heyrətə salır və çıxılmaz vəziyyətdə qoyurdu: “Nədən, insanlar yoxsullara və varlılara bölünürlər?”, “Köləliyə qarşı üsyanı ilk dəfə kim qaldırıb?, “Niyə bizim xalqımız iki yerə bölünüb? “. Bu suallar o dövrün ictimai-siyasi ab-havası üçün xarakterik deyildi.
Əlövsət Quliyevin hələ pedaqoji məktəb tələbəsi ikən müəllimləri qarşısında qoyduğu suallar bu istedadlı gəncin parlaq gələcəyindən xəbər verməklə, onun xarakterini, gələcək elmi, ictimai fəaliyyətində tutacağı mövqeyini, həqiqətə, düzgünlüyə tapınacağını deməyə əsas verir, eyni zamanda onun xarakterini müəyyənləşdirirdi. Hiss olunurdu ki, Əlövsət dünyanı duymaq istəyi ilə qanadlanıb uçur. O, hələ tarixçi olmasa da, içindəki vətənpərvərlik hissləri onu xalqının tarixini, keçmişini, onun gələcəyini düşünməyə vadar edirdi. Tanrı hər bir insanı bir missiya üçün yaradır. Əgər qəlbimizin gözü ilə baxsaq, insanın gələcək missiyasını onun baxışlarından sezmək olar. Sanki onun da həyat yolunun cizgiləri Qızılağacdan Salyana uzanan palçıqlı, çamurlu yollarda çəkilmişdi. Bu palçıqlı yolların nə böyük hikməti varmış. Hərdən mənə elə gəlir ki, dahiliyə gedən yol palçıqlı yolların hikmətindən keçir. Nə qədər dahilər yağışlı, tufanlı günlərdə palçıqlı yollarla gedib dünyanın qəlb döyüntülərini tapıb, öz ürək döyüntülərini onun səsinə kökləyiblər.
Əlövsət Quliyevin anası Ceyran xanım dünyadan vaxtsız köçüb. O zaman Əlövsətin 13 yaşı var imiş. 1937-ci ildə - 15 yaşında dayısı Müzəffərin dəstəyi ilə Salyandakı 4№-li orta məktəbdə tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Əlövsət qısa bir zamanda pedaqoji kollektivin, şagirdlərin dərin ehtiramını qazanır. Salyanın pedaqoji mühiti onun üçün əsl həyat məktəbinə çevrilir. Amma o, təhsilini davam etdirmək barəsində də düşünür. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olur. Eyni zamanda Bakıdakı 172№-li məktəbdə dərs deyir. 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi kafedrası tələbə Əlövsət Quliyevin parlaq qabiliyyətini və biliyini nəzərə alaraq, onu universitetin filologiya fakültəsinə müəllimliyə tövsiyə edir. Eyni zamanda fakültənin həmkarlar ittifaqı Komitəsinin sədri seçilir. 1944-cü ildə Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra isə Azərbaycan tarixi kafedrasında müəllim kimi saxlanılır. “Azərbaycan tarixi” ixtisası üzrə aspiranturaya daxil olur, namizədlik, doktorluq dissertasiyası müdafiə edir. Görkəmli alim 1962-ci ildə professor elmi adı alıb. 1968-ci ildə isə AEA-nın müxbir üzvü seçilib. Elə görünə bilər ki, o, hamar yollarla addımlayıb, elm zirvəsini asanlıqla fəth edib, xeyr. Münasib olmayan mənzil şəraiti, maddi sıxıntılar onu həmişə narahat edib. Doğulduğu torpağa bütün varlığı ilə bağlı olan Əlövsət vaxt tapan kimi Qızılağaca gedib, təsərrüfat işlərində atasına yardımçı olub. Gəncliyinə rəğmən böyük işlərə imza atan, istedadı ilə hamını heyran qoyan Əlövsət Quliyevin uğurları ilə barışmayanlar, gözü götürməyənlər də var idi. Şübhəsiz ki, o, içində bunlarla da mübarizə aparmaq məcburiyyətində qalmışdı.
Elmira Axundova və Mirzə Hüseynzadənin “Əlövsət Quliyev: O, tarix yazırdı” kitabında oxuyuruq ki, 1948-ci ilin payızında Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov onu Mərkəzi Komitəyə çağırır. Deyir ki, məlumatıma görə gənc olmağına baxmayaraq, tarixçilərimiz arasında ən istedadlısı sənsən. Elə isə başa sal görüm, nə üçün gürcülər, ermənilər öz tarixlərini yazıblar, Azərbaycan tarixi isə yoxdur, niyə? nəyimiz əskikdir? Məgər Azərbaycanlıların fəxr etməyə heç nəyi yoxdur? Yoxsa bizim xalqımızın tarixi olmayıb? Gərək Azərbaycan tarixi yazılsın. Bu gündən işə başlayırsan. Redaksiya heyətini özün tərtib et. Kimləri lazım bilirsən ora daxil elə və qollarınızı çırmayıb işə girişin. Bu iş üçün məsuliyyəti sənin üzərinə qoyuram. Çox-çox sonralar akademik Yaqub Mahmudov yazacaqdı: “Bu insanın çox böyük enerjisi var idi. Bütün günü institutda işləyərək, sonra da gecə səhərədək evdə çalışırdı. Azərbaycan tarixinin Sovet elmində yer tutmasında Ə.Quliyevin xidmətləri misilsizdir”

Əlövsət Quliyevin aldığı tapşırıq, sözün həqiqi mənasında məsuliyyətli tapşırıq idi. Əlövsət Quliyev də bu tapşırığa elə bu prizmadan yanaşıb, ömrünün qalan hissəsini bütövlükdə ona həsr elədi. Tarix kitabının yazılması təkcə olanları sistemləşdirib kitaba daxil eləməklə yekunlaşmayacaqdı. Bu, gərgin axtarışlar, yeni strukturların təşkil edilməsi, mütəxəssislərin hazırlanması, yeni tədqiqat mövzularının seçilməsi və sairlə müşayiət olunacaqdı. Odur ki, Əlövsət Quliyevin qarşısında mühüm vəzifələr dayanırdı. Dövrün ictimai-siyasi problemləri də gənc alimin qarşısında mühüm maneələr yaradırdı. Ölkədə repressiyalar davam edirdi. Təkcə bir faktı qeyd edək ki, 1950-ci ildə görkəmli filosof Heydər Hüseynov repressiyaların qurbanı oldu. İndi bu məsuliyyətli işin yüksək səviyyədə həyata keçirilməsi tədqiqatçıdan, elm təşkilatçısından peşəkarlıqla yanaşı, dövrün ictimai-siyasi problemlərindən baş çıxarmaq bacarığı da tələb edirdi. Həqiqəti elə demək lazım idi ki, onu eşitmək istəməyənlər də eşitmək məcburiyyətində qalsınlar. Bunu isə Əlövsət Quliyev kimi xalqına, vətəninə ürəkdən bağlı olan kamil şəxsiyyət edə bilərdi. Əlövsət Quliyev məktəbinin yetirmələrindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət yazır ki, gənc olmağına baxmayaraq, qeyri-adi istedada malik, Vətənə, elə bağlı əsl vətəndaş olan Əlövsət Quliyev Tarix İnstitutunda direktor olarkən institutu kiçik bir kollektivdən böyük bir alimlər ordusuna çevirmişdir. Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən şərqşünaslıq, fəlsəfə, arxeologiya və etnoqrafiya şöbələri yaranmışdı ki, bunlar Əlövsət Quliyevin sayəsində böyük müstəqil institutlara çevrildilər. Əlövsət Quliyevin Azərbaycan tarixinin bütün dövrləri, arxeologiya, etnoqrafiya, epiqrafika, numizmatika sahəsində kadrların hazırlanmasında xidmətləri hesaba gəlməzdir. Qeyd olunan sahələrdə kadrların Moskva, Sankt-Peterburqda böyük alimlərin yanında hazırlıq kursu keçməsinə, aspiranturada, doktoranturada oxumalarına şərait yaratmışdır.
O, Azərbaycan tarixinin yazılmasında Azərbaycan Elmlər Akademiyasının akademikləri İ.A.Hüseynovun, M.A.Dadaşzadənin, İ.V.Striqunovun, Akademiyanın müxbir üzvü Z.İ.İbrahimovun, tarix elmləri namizədi Y.A.Tokarjevskinin və digər istedadlı alimlərin elmi potensialından bəhrələnmişdir.
Burada yuxarıda toxunduğum bir məsələyə qayıtmaq istərdim.Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan tarixşünaslığı qarşısında misilsiz xidmətlər göstərən Əlövsət Quliyevin zəhmətinə kölgə salmaq istəyənlər, əməyini yetərincə dəyərləndirməyənlər olmuşdur. Belələri yaşca ondan iki dəfə böyük olmalarına baxmayaraq, elmdə onun əldə etdikləri, nail olduğu zirvələrlə barışa bilmirdilər. Böyük alim bunları görür, belələrini elm yolunda maneə hesab edir, qəlbən qüssələnirdi. 1969-cu ildə Əlövsət Quliyevin Vətən sevgisi ilə döyünən qəlbi əbədi dayandı. Bu, Azərbaycan ictimaiyyəti üçün böyük bir itki idi. Akademik Teymur Bünyadov yazırdı: “Əliövsət Quliyev bütöv insan idi, alçaqlıqdan özünü gözləyirdi. Dost üçün dost idi, düşmənlə barışmazdı. Fəxr edirəm ki, onun tələbəsi olmuşam”. Akademik Cəmil Quliyev isə Əlövsət Quliyevi belə xarakterizə edirdi: “Ə.Quliyev xalqın tarixində böyük şəxsiyyət idi. Elə bir alim idi ki, tarix elminin təməlini qoymuş və nəzəriyyəsini inkişaf etdirmişdir”. Amma bu itkinin mahiyyətini dərk etməyib ona cılız məntiqlə sevinən paxıllarından biri bu xəbəri eşidən kimi sevincindən ürəyi partladı. Bu, içini qurd yeyən, paxıl, insanların sevincinə sevinməyən, özündən başqa gözü heç kəsi götürməyən adamın aqibətidir. Hər kəs yaddaşlarda öz əməlləri ilə qalır. İnsanlar hər kəsi öz əməlləri ilə xatırlayırlar. Yaxşını yaxşı, pisi pis... Bu məqamda müdriklərdən birinin qiymətli bir kəlamı yerinə düşür: “Afərin paxıllığa, nə ədalətli peşədir. Hamıdan əvvəl öz sahibini öldürür”.
Böyükağa MİKAYILLI, tədqiqatçı-jurnalist.