AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bizim insanlarda Green Cardla bağlı yanlış təsəvvürlər var – Amerikada yaşayan soydaşımızla MÜSAHİBƏ

  • + A
  • - A
  • 18-10-2022, 11:22

    Bizim insanlarda Green Cardla bağlı yanlış təsəvvürlər var – Amerikada yaşayan soydaşımızla MÜSAHİBƏ

    Zaur Bayramlı Amerikada yaşayan soydaşlarımızdandır. Green Card qeydiyyat tarixinə başladığı bir dövrdə inanıram ki, Amerikada yaşamaq istəyən həmyerlilərim Zaur bəylə müsahibədən faydalanacaq.


    - Zaur bəy, doğrudanmı Amerika macəra doludur?
    - Macəra axtaran və macəra yaratmaq istəyən insan üçün hər yerdə macəra var. Amerika böyük ölkədir. Ştatlarda insanların xarakteri bir-birindən fərqləndiyi üçün macəralı yerlər də var, ciddi yerlər də var. Misal üçün, Vaşinqton ciddi bir yerdir, paytaxtdır. Yaşayanların əksəriyyəti məmurlardır, elm adamlarıdır. Azərbaycanlıların Texas səsləndirdiyi ştat dediyiniz kimi, macəra dolu ştatdır. Orda bir də gördüz heç nədən küçədə atışma baş verir.

    -Siz harda yaşayırsız?
    -Mən Vaşinqtona yaxın ərazidə yaşayıram. 25 km məsafədə. Ştat olaraq Virciniya ştatı. Sakit ştatdı, gözəl təbiəti var, insanları mədənidir, məktəblərin səviyyəsi çox yüksəkdir.

    -Siz ora Green Cardla getmisiz?
    -Bəli. 11 il Türkiyədə yaşamışam. Green Carda müraciət etdik, şansımız gətirdi. Gedək, getməyək düşündük, uşaqların təhsili üçün getdik. Düzünü deyim, Amerika üçün bayılan insanlardan deyiləm.

    -Peşman deyilsiz, təbii…
    - Peşiman deyiləm deyəndə, sonunda qürbətdir... Qürbətin də öz çətinlikləri olur. Bəzən doğmalarının başına bir iş gəldikdə gəlib çata bilmirsən, əlin yetmir. Başqa sıxıntıları da olur qürbətin...

    - Vətəndaşlarımız Gren Cardla çox maraqlanır. Green Card udan vətəndaş hansı prosedurlardan keçməlidir?
    -Green Carddan istifadə edən dələduz insanlar çoxdur dünyanın hər yerində. Azərbaycanda xüsusilə çoxdur. Oktyabrın 1-dən 30-na qədər Amerikanın dövlət saytına pulsuz şəkildə müraciət edirsən, sadə bilgilərdir; pasport nömrəsi, doğum yeri, ad-soyad, hansı işlə məşğulsan, təhsilin, ən azı orta məktəb attestatına sahib olmalısan. Maksimum 6 şəkilin ölçüləri düzgün olmalıdır. Şəklin ölçüləri standartlara uyğun olmadığı üçün çox adam çəkilişə qatıla bilmir. Vətəndaş elə zənn edir, müraciət edib, çəkilişdə iştirak edəcək. Amma sistem onu ələyir. Ona görə də şəklin özü də strandartlara uyğun olmalıdır. Bir nüansı qeyd edim, pasportda İran möhürü varsa, Green Cardı qazansaz belə, Amerika viza vermir. Daha ona mearaqlı deyil ki, İrana müalicə, yoxsa hansı səbəbdən getmisiz. Keçmişin təmiz olmalıdır, araşdırırlar, terror təşkilatı, yaxud radikal dini qurumlar ilə nə dərəcədə əlaqələrin var. Green Cardı qazansan belə Amerikaya getməyin il yarım çəkir. Ailəlisənsə, 21 yaşından aşağı övladlarını göstərə bilərsən. Orda yetkinlik yaşı 21 yaşdır. Bunun da öz səbəbləri var. 21 yaşdan aşağı ABŞ-da siqaret, alkoqollu içkilər ala bilməz. 21 yaşdan yuxarıdısa, onların adını müraciətdə sala bilmirsən. Yerləşdikdən sonra onları müxtəlif yolla yanına gətirmək bəlkə mümkün ola. Ailədə ər və arvad ayrı-ayrılıqda müraciət edə bilər, bu da əlavə şans deməkdir. Azərbaycan vətəndaşları Green Card qazansalar da, Amerikaya getmək üçün vizanı Amerikanın Bakıdakı səfirliyindən yox, Tiflisdəki səfirlik verir. Pandemiyada Tiflislə quru yollar bağlandığı üçün bəzən sənəddə qüsur olur, 5-6 dəfə getmək lazım olur. Mən adam tanıyıram, 7 dəfə getdi Gürcüstana viza almaq üçün. Adam da var, tam hazırlayır, bir dəfə getmək bəs edir. Bizim insanlarda Green Cardla bağlı yanlış təsəvvürlər var. Elə düşünürlər, udublar, gedən kimi ev, iş bunları gözləyir. Elə şey yoxdu. Green Card sadəcə yaşamaq və işləmək hüququ verir. ABŞ vətəndaşları kimi seçmək, seçilmək hüququ vermir, yaşamaq üçün maddi yardım verilmir, evi də özün kirayə götürürsən, həyatını özün qurursan. Amerika Kanada, Hollandiya və digər ölkələr kimi sosial ölkə deyil. Avropa ölkələri sosial yardımlar verir. Amma Amerika sırf kapitalist ölkə olduğu üçün yalnız yaşama və işləmə hüququ verir. Cüzi sosial yardım ola bilər, çox kasıb ailələrə uşağa görə yemək kartı verirlər, o da Amerika üçün çox cüzi puldur. Green Card qazanan vətəndaşlarımız nə qədər burdan maddi cəhətdən hazırlıqlı getsələr, o qədər az əziyyət çəkərlər.

    - İş tapmaq asandır?
    -Amerikada iş problemi yoxdu, iş bəyənməmək problemi var. Bizimkilər hesab edir ki, burda ali təhsil alıblar, gedib orda ixtisaslarına uyğun iş tapacaqlar. Elə bir şey yoxdur. Bizim diplomlarımız orda tanınmır. İnsanlarımız əsasən xırda işlərdən başlayırlar - sürücü, restoran işi. Sonra özlərinə uyğun ixtisaslar seçirlər, kurslara gedirlər. Sertifikatlar aldıqdan sonra iş səviyyələri artır. İş tapmaqla bağlı problem yoxdu, 3 restorana getsəz, birində iş tapacaqsız.

    -Demək, sosial işlərdən başlamaq lazım, başqa seçim yoxdur...
    - Bəlkə İT proqramlarını, kompüter texnologiyaları, proqramları mükəmməl bilən, ingiliscəsi yaxşı olanlar gedib orda da kurs bitirsə, rahat iş taparlar. Belə insanlar avantajlıdır. Elələri başqa soydaşlarımızla müqayisədə daha az sıxıntı çəkirlər. ABŞ-da İT sahəsində maaşlar həddindən artıq yüksəkdir.

    -İnsanlarımız getdi, sosial işlərdə işlədi, kirayə pullarını qazandı, normal yaşayışlarını qurdu. Bəs ev almaq necə? Xəyal olaraq qalır?
    -Amerikada evlər bahadır, amma əlçatmaz deyil. Kirayə və almaq üçün Azərbaycanla nisbətdə çox bahadır. Bir neçə il işlədikdən sonra kredit tarixi deyilən bir anket yaranır. Sən kredit kart borclarını, maşın krediti borclarını vaxtında ödəyirsənsə, sənin yaxşı bir keçmişin yaranır sistemdə. Orda sosial güvənlik deyilən bir nömrə var, ordan baxırlar bu adam ödəmələrində nə qədər düzənlidir, gəliri kifayət qədərdirsə, ev almaq mümkündür. Müxtəlif variantlar var, evin pulunun 10 falizini ilkin ödəməklə, evi ala bilirsən, kirayəyə verdiyin qədər evə ödəyirsən. İnsanlar həyət evlərinə daha çox maraq göstərirlər. Virciniyada evlər yarım milyondan dollardan başlayır, amma Amerikada evi olmaq arzu-xəyal deyil. Bizim gələn yurddaşlarımız 3-5 il sonra ev sahibi olmağa başlayırlar, yəni 30 illik kreditlə götürürlər, tam olaraq 39 il sonra ev sahibi olmaq olur. Sərfəli şərtlərlə 30illik kreditlər verirlər.

    - Diaspordan danışaq. Amerikada diasporun fəaliyyəti necədi?
    Azərbaycana gələn mühacir vətəndaşlarımız, Avropada yaşayanlar təəssüflə Diaspor fəaliyyətinin mafialaşdığını bildirir. Amerikada vəziyyət necədir?
    - Bəli, qeyd etdiyiniz mənfi faktlar var. Diasporumuzun fəaliyyəti tam ürəkaçan deyil, amma əvvəlki illərlə müqayisədə müsbət tendensiyanın şahidi oluruq. Əvvəlki rəhbərlik sizin də qeyd etdiyiniz kimi, mafialaşmış şəkildə fəaliyyət göstərirdi. Özləri qondarma təşkilatlar yaradırdılar, dövlətin büdcəsindən pullar silirdilər. Ortada real bir fəaliyyət yox idi. Amma Polad Həşimovun şəhadəti ilə başlayan, sonradan 44 günlük müharibə dönəmində Amerikadakı Azərbaycan diasporu çox ideal fəaliyyət göstərdi. Bunun da çox səbəbləri vardı. Həm millətimizdə vətənpərvərlik ruhu güclü idi. Bir xatırlatma edim, biz hər il Xocalı faciəsi ilə bağlı Ermənistan səfirliyinin qarşısında piket təşkil edirik. İnsanları ora dəvət edirik 50 nəfər güclə toplaşırdı. Amma 44 günlük müharibə dönəmində 700-800 adam toplanırdı. Bu, Vaşinqton üçün böyük rəqəmdir. Vaşinqton ətrafında yaşayan soydaşlarımız həqiqətən həmin dönəmdə erməniləri rəsmən əzdilər. Biz erməniləri sözün hər mənasında məğlub etdik. Müəyyən yerlər var, deyək ki, Los-Ancelesdə, San-Fransiskoda, Kaliforniyada ermənilər həddən artıq çoxdur. Orda bizim gənc soydaşlarımıza 700 erməni hücum etmiş, ağır şəkildə yaralamışdılar. Bütün hallarda onlar da var gücləri ilə fəaliyyət göstərirdilər.

    -Bəzən deyirlər, niyə erməni diasporu Azərbaycan diasporundan güclüdür?
    - Bizim xarici ölkələrə köçümüz müstəqilliyimizin ilk illərindən başlayıb, son 10-15 ildə biraz da artıb. Amma ermənilərin köçü 150-200 il əvvələ gedib çıxır. 1915-ci ildə Osmanlının erməniləri köç etdirmək qərarından sonra ermənilərin Amerikaya, Avropa ölkələrinə səpələnməsi artdı. 150 il tarixi olan diasporla 30 il tarixi olan diasporun müqayisəsi düzgün deyil. Bir də o toplum yaltaqlanmağı ustalıqla bilir, ələ alırlar. Deyək ki, Amerikada seçki vaxtı konqresmen, senator namizədlərinin seçki kampaniyaları şəffafdır, orda istənilən vətəndaş bank hesablarına ianə edə bilər. Bank hesablarını açıq şəkildə qoyurlar. Ermənilərin də pulları çox olduğu üçün bir konqresmenə toplu şəkildə yığışıb bir neçə milyon dollar yardım edirlər, görüşə gedirlər, şəxsi münasibətlər yaranır, bu adam da düşünür ki, ermənilər nə yaxşı xalqdır. Həm də milyonları görür, özünü onlara borclu hesab edir. İstər-istəməz ermənipərəst mövqe sərgiləyir. Erməni onun maddi maraqlarını təmin edir, seçkilərdə ona səs verirlər, bunlar da məcburdur ki, onun qarşılığını qaytarsın. Ona görə də ermənipərəst senat və konqresmenlərin sayı kifayət qədərdi. Hazırda hakimiyyətdə olan demokrat partiyasında da kifayət qədər nüfuzları var. Özünüz də gördünüz, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana gəldi, Azərbaycana gəlmədu. Minsk qrupunun həmsədri olan ölkə tərəfsiz mövqe sərgiləməli idi…

    - 44 günlük müharibədən sonra xaricdəki soydaşlarımız özləri təşkilatlanmağı bacardı, belə deyək, mafialaşmağa son qoydu. Bəs Diasporlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində hansı dəyişikliklər baş verdi? Fuad bəyi Nazim bəydən hansı fəaliyyət fərqləndirir?
    - Mən demirəm indikilər ideal işləyir, amma keçmişlə müqayisədə nələrsə etməyə çalışırlar. İnsanlarımız yenə soyuqlaşıb. 44 günlük müharibə dövründə olan ruh yoxdu. Müharibədən sonra bir neçə dəfə cəhd etdik müəyyən tədbirlər keçirməyə, gələn 800 nəfərin içindən heç 20 nəfəri gətirə bilmədik. Bu da da təbiidir, birinci səbəb müharibə artıq bitdi. Səbəblərdən biri də o idi ki, insanlarımız tam qələbə gözləyirdi, Xocalı, Xankəndini azad görmək istəyirdi... O qədər əhval-ruhiyyə yüksək idi ki, oraları alsaydıq da narazı qalacaqdılar ki, girişmişkən İrəvanı niyə almadıq (gülür). Bütün hallarda hazırkı fəaliyyətdə təqdirə və tənqidə layiq fəaliyyət var. Hər şeyi öz adı ilə çağırmaq lazım. Amma Diaspor Komitəsinin və yerlərdəki diaspor təşkilatlarının fəaliyyətləri yetərlidirni, ya yox? Gərək ermənilər diaspor üçün 1 saat ayıranda, biz 5 saat ayıraq. Eyni dərəcədə maddi olaraq, təşkilatlanma olaraq, Amerikanın yüksək dairələri ilə şəxsi əlaqələr olaraq onlar bizdən çox qabaqdadır. Ona görə də biz çox çalışmalıyıq. Bizim əlavə bir şansımlz var, düzgün diaspor fəaliyyəti qurulsa, bu şansdan ustalıqla istifadə etsək, erməniləri məğlub duruma düşürə bilərik - Başda Türkiyə Diasporu olmaqla Türk Dünyası Diasporu yaratmaq. Türkiyənin nümayəndələri Amerikada həddən artıq çoxdur. Həm Şuşa Bəyannaməsi, Şuşa Bəyannaməsindən əvvəl də Azərbaycan və Türkiyə diasporlarının işlərinin koordinasiya edilməsi ilə bağlı ölkələrimiz arasında anlaşmalar var. Amma bunları yerinə düzgün yetirirlərmi? Şəxsən məni qane etmir. Biz önəmli bir faktoru ya gözardı edirik, ya da da nəyə görəsə ondan istifadə etmirik. Bu, yəhudi diasporu faktorudur. İsraillə Azərbaycanın çox gözəl münasibətləri var. Yəhudilər öz maraqlarını hər şeydən üstün tutan bir toplumdur. Yəhudilərin burda maraqlarını biz öz leyhimizə döndərə bilərik, amma döndərmirik. Dünyada ən güclü diaspor yəhudi və erməni diasporudur, bunların arasında bir rəqabət var. Bu rəqabət də bizimlə yəhudi diasporunun bir olmasını zəruri edir. Amma biz bundan istifadə etmirik, etsək, erməni diasporunu əzə bilərik. Bərabər fəaliyyətlər düzənləsək, onlar bizlərin kölgəsində qalar. Amma istəmirik...

    - Dövlət səviyyəsində istəmirik, ya soydaşlarımız tənbəllik edir?
    -Əlbəttə, dövlət səviyyəsində olmalıdır. Əhali, orda yaşayan soydaşlarımızın da rolu var, amma mən əminəm ki, 20-30 ildən sonra tamam fərqli yerdə olacağıq. 30 ildir axın başlayıb, gedənlər də sosial problemlərinin qaydaya salınmasına çalışır, diaspora işlərinə vaxt ayıra bilmir. Amma 30 ildən sonra yeni nəsil Amerika vətəndaşı olaraq doğulur, Amerikada təhsil alır, yüksək maaşlarla işləyir, həyat qayğıları olmur. Həyat qayğısı olmayan insan da sosial, siyasət, diaspor məsələlərinə daha çox zaman ayıra bilir. Zaman keçdikcə yerinə oturacaq hər şey. Ermənilərdə güzəran problemi yoxdu. Dediyim kimi, 100-150 il əvvəl bu problemləri adlayıblar. Xaricdə neçə nəsil yeniləniblər. Amma düşmənçiliyi buraxmırlar. İnanın ki, burda nə qədər murdardılarsa, Vaşinqtonda da o qədər murdardılar, səviyyəsizdilər. 150 ildir Amerikada yaşasalar da, erməni xisləti onları tərk etməyib, hələ də övladlarını türkün düşməni ruhunda böyüdürlər.

    -Amerikada ən çox nə üçün darıxırsız, nəyi arzulayırsız?
    - Vətən üçün, doğmalar üçün . Ərzaqlardan ən çox nar üçün. Dünyanın çox ölkəsində olmuşam, bizim narlar və ətin dadı yoxdu heç yerdə. Qutab üçün darıxıram…

    -Amerikada bizim dövlətin qayğısını hiss edirsiz?
    - Səfirliklə çox yaxşı münasibətlərimiz var. Bütün tədbirlərə dəvət edirlər. Qayğı deyəndə, Amerikada əli, ayağı olan insanın heç kimin maddi qayğısına ehtiyacı yoxdur. Hərdən sənədlə bağlı işləriniz düşür, digər məsələlərdə problem yaratmırlar, qanun nəyi tələb edirsə, onları veririk. Bəzi insanlar Azərbaycan dövlətinə qarşı sırf radikal mövqedə dayanır, onların əvəzinə danışa bilmərəm, amma normal vətəndaşların münasibətləri yaxşıdır. 28 may, Novruz bayramı, həmrəylik günü ilə bağlı ziyafətlər təşkil ediləndə bütün soydaşlarımız quzeyli, güneyli dəvət edilir. Qeyd edim ki, güney azərbaycanlılar çox aktivdirlər. Amerikada bütün aksiyalarında çox fəal iştirak edirlər. Deyirlər, Azərbaycan dövləti bizim dövlətdir. Səfirlik qayğısı bundan ibarətdir. Bir də rəhmətə gedənlər olanda səfirlik sənədləşmə, nəşin göndərilməsi işlərində çox kömək olur.

    -Son sualım. Amerikaya getmək istəyənlərə nə tövsiyə edərdiz?
    - Getmədən ingilis dilini öyrənsinlər. Kompüter kurslarına getsinlər, proqramçı peşəsinə yiyələnsinlər. İT işini bilsinlər, mümkün qədər sərmayə ilə getsinlər. Amerikada ticarətdə pul qazanmaq çox rahatdı, amma sərmayə olsa.
    -Maraqlı idi, inanıram ki, Amerikaya köçmək istəyənlərə faydalı olacaq. Çox sağ olun.
    Söhbətləşdi: Elnurə Abuşova

    Ağ Evin qabağında Güney Azərbaycana dəstək aksiyası

    Azərbaycanın Amerikadakı keçmiş səfiri Elin Süleymanovla

    Qızı Banuçiçəklə Ağ Evin qarşısında

    44 günlük savaş vaxtı Xarici işlər naziri Ceyhun Bayramovla Vaşinqtonda









    Konqresin qarşısında Xocalı mitinqi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR