Elnurə Abuşova,
@Ailə və Uşaqlara Sosial Dəstək İB sədri
11 Oktyabr – Dünya Qızlar Günüdür.
Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il 11 oktyabr tarixi Dünya Qızlar Günü kimi qeyd olunur. Bu günün məqsədi qız uşaqlarının hüquqlarını müdafiə etmək, onların təhsilə, sağlamlığa, təhlükəsizliyə və bərabər imkanlara çıxışını təşviq etməkdir.
Qızlar cəmiyyətin gələcəyidir. Onların savadlı, özünə inamlı və güclü böyüməsi — ölkənin inkişafı, ailələrin rifahı və gələcək nəsillərin sağlam formalaşması deməkdir. Təəssüf ki, hələ də dünyanın bir çox yerlərində qız uşaqları erkən nikah, təhsildən kənarda qalma və zorakılıq kimi problemlərlə üzləşirlər.
Azərbaycan dövləti qızların təhsilinə, onların sosial həyatda aktiv iştirakına böyük önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial və təhsil proqramları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri qadınların və qızların hüquqlarının qorunmasına, onların potensialının reallaşmasına geniş imkanlar açır.
Bu gün hər birimizin borcu qız uşaqlarına inam və dəstək verməkdir. Onlara öz arzularının arxasınca getmək, cəmiyyətdə layiqli yer tutmaq üçün şərait yaratmaq hər bir valideynin, müəllimin və ictimai təşkilatın başlıca vəzifəsidir.
Mənim də qız övladım var. Onun layiqli vətəndaş olması üçün əlimdən gələni əsirgəmirəm.
Qızlarımıza işıqlı gələcək arzulayaq!
Onların təhsili, azadlığı və xoşbəxtliyi gələcəyimizin zəmanətidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.