AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Orta Dəhlizin səmərəli fəaliyyəti ilə bağlı son illərdə önəmli layihələr reallaşdırıb

  • + A
  • - A
  • 29-11-2022, 09:42

    Azərbaycan Orta Dəhlizin səmərəli fəaliyyəti ilə bağlı son illərdə önəmli layihələr reallaşdırıb

    Dövlət başçısının yürütdüyü uzaqgörən siyasət nəticəsində dünyada böyük nüfuza sahib olan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Belə tədbirlər vasitəsilə dünya ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yerləşdiyi bölgənin sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində gerçəkləşdirilən mütərəqqi siyasətlə tanış olur, həyata keçirilən strategiyanı dəstəkləyir.
    Noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfransda çıxışında Orta Dəhliz kimi irimiqyaslı layihənin icrasını təhlükəsizlik, iqtisadi bacarıq və geosiyasət amillərinin şərtləndirdiyini, konfransın da məhz bu məqsədlə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlandırıldığını vurğulayıb.
    Orta Dəhliz yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün təhlükəsiz marşrutlardan sayılır. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn bu dəhlizin əhəmiyyəti getdikcə artır. Xüsusilə də hazırda Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi bazarlarına məhsulların tədarükündə problemlərin yaşanması adıçəkilən nəqliyyat marşrutuna marağı artırır. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət daşıyır.
    Azərbaycan Orta Dəhlizin səmərəli fəaliyyəti ilə bağlı son illərdə önəmli layihələr reallaşdırıb. Məsələn, ölkə rəhbərinin konfransda vurğuladığı kimi, beş il bundan əvvəl ölkəmiz tərəfdaşları ilə birlikdə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsini başa çatdırıb. İndi isə respublikamız artan yük həcmlərini nəzərə alaraq, Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başlayıb.
    “Şərq–Qərb” nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı–Tbilisi–Qars dəmir yolu nəqliyyatı ilə hazırda bir sıra ölkələrin yükləri Avropaya və əks istiqamətə daşınır. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artır, bu yoldan istifadə edən bütün dövlətlər arasındakı əməkdaşlıq dərinləşir. Bakı–Tbilisi–Qars dəmir yolu 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır.
    Konfransda Azərbaycanın nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanı haqqında da məlumat verilib. Bu infrastruktur layihəsinin 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəyinin nəzərdə tutulduğu qeyd edilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyər artırılıb. Bu liman İpək yolu layihəsi çərçivəsində həyata keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsidir.
    Konfransda Dövlətimizin başçısı, həmçinin Azərbaycan və Ermənistan arasındakı hazırkı duruma da münasibətini bildirib.İran və ya Ermənistanın regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməyəciyini diqqətə çatdıran möhtərəm Prezidentimiz Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlüklərinin olmadığını bildirdi: “Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır”.
    Əslində, cənab İlham Əliyevin hazırkı qlobal siyasət meydanında bilmədiyi heç nə yoxdur. Elə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransda ona ünvanlanmış suallara verdiyi əhatəli cavablardan aydındır ki, dövlətimizin başçısı bütün istiqamətlər üzrə siyasi, iqtisadi proseslərə dərindən bələddir və hazırkı qlobal müstəvidə Azərbaycanın maraqlarının nədən ibarət olduğunu həm gözəl bilir, həm də ustalıqla müdafiə etməyi bacarır. Ermənistan dövləti bu konfransda dövlət başçımızın səsləndirdiyi məqamlara nəzər salmalı və nə qədər ki, gec deyil, düşünməlidir.

    ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim
    Arzu Daşdəmirov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR