13 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi uşaqlar arasında “İTi Zəka” hakatonunun mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq, müsabiqədə yarışanlara uğurlar arzu edib. O, ölkəmizdə uşaqların sağlam yaşaması, təhlükəsiz şəraitdə böyüməsi, bütün imkanlara əlçatanlığının təmin edilməsi, uşaq hüquqlarının həm beynəlxalq, həm də milli qanunverciliyin təyin etdiyi normalar əsasında təmin olunması istiqamətində həyata keçirilən tədbirləri və nailiyyətləri qeyd edib. Komitə sədri, iki il bundan öncə cənab prezident İlham Əliyevin Ali Baş Komandanlığı, Ordumuzun gücü və xalqımızın dəstəyi ilə qazandığımız qələbənin bu illər ərzində münaqişədən əziyyət çəkən ailələr, xüsusilə uşaqlar və onların pozulmuş hüquqlarının bərpası istiqamətində çox ciddi bir addım olduğunu vurğulayıb.
B. Muradova bildirib ki, Azərbaycan, informasiya texnologiyalarının tətbiqi, onların vətəndaşların həyatına təsiri baxımından bir sıra uğurlara imza atıb. Bu sahədə hər gün dəyişən yeniliklərin bütün vətəndaşlara, o cümlədən uşaqlara əlçatanlığını, onların həm faydalanmaq, həm də iştirakçılığını təmin etmək üçün müxtəlif layihələrin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bunlardan biri də artıq ənənə halını almış hakatonların keçirilməsidir. Belə müsabiqələr sayəsində ölkələri irəliyə aparmaq üçün ən öncül bir istiqamət sayılan informasiya texnologiyaları sahəsinə maraq göstərən insanların, uşaqların, gənclərin bir-biri ilə əlaqəsi, onların şəbəkəsi yaranır.
Çıxışının sonunda yarışmada iştirak edən bütün uşaqları təbrik edən Dövlət Komitəsinin sədri bildirib ki, bu müsabiqə həm də iştirakçıların əməyinə verilən qiymətdir və gələcək yarışmalara daha əzmlə qatılmaq üçün stimuldur.
Texnologiyalar dövründə yaşadığımızı qeyd edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, bu dövrdə rəqəmsal biliklərə yiyələnməyin önəmini vurğulayıb və belə hakatonların keçirilməsinin bu sahədə inkişafa dəstək göstərdiyini bildirib.
Dünyada bir sıra layihələrin uşaqlıq dövründə startap yarışmalarında meydana çıxdığını bildirən sədr müavini, zamanın tələbi ilə bu sahəyə xüsusi diqqət ayırmağın üstünlük qazandırdığını söyləyib. Layihə təşəbbüsünə görə Dövlət Komitəsinə təşəkkür edən C.Salmanov, Agentlik tərəfindən bu günədək reallaşdırılan layihələrdən fərqlənən bu hakatonun, kiçik yaşlardan innovativ düşüncənin formalaşdırılmasına töhfə verdiyini və gözəl bir təcrübə olduğunu diqqətə çatdırıb.
Müsabiqənin əhəmiyyətinə diqqət çəkən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hakatonda iştirak edən uşaqların ölkənin gələcək və uğurlu inkişafının təmin olunmasında mühüm rolu olacaqdır.
Hazırda dünyada baş verən sənaye inqilabından bəhs edən F.Qurbanov vurğulayıb ki, ölkənin gələcəyi insan kapitalına bağlıdır və gənc nəslin nümayəndələri Azərbaycanı gələcəkdə gözləyən bütün çağırışlara hazır olmalıdırlar: “Bu gün hakatonda iştirak edən uşaqların Qarabağda gedən quruculuq işlərində, həyata keçirilən innovativ layihələrdə fəallıq göstərəcəyinə inanıram”.
Müsabiqənin Münsiflər heyəti adından çıxış edən “Bilim Bakı” Mərkəzinin direktoru Yusuf Polat belə maraqlı müsabiqədə təşkilatçılardan biri olmaqdan məmnunluğunu ifadə edib. O, müsabiqəyə namizədliyini irəli sürən uşaqların sayına diqqət çəkərək, bu uşaqların gələcəkdə dövlətinə, millətinə töhfə verəcəyinə inamını ifadə edib. “Bu günün yarış iştirakçıları gələcəyin elm adamları, startapçılarıdırlar”- deyə o, əlavə edib.
Müsabiqənin yekununda mükafatlandırma mərasimi keçirilib. Belə ki, müsabiqədə birinci yeri “NN Edu” komandası, ikinci yeri Heydər Əliyev Liseyinin komandası, üçüncü yeri isə "İntellekt" komandası tutublar.