AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son üç ildə ilk dəfə daşıma məhdudiyyəti olmadan Bakı metropoliteni 2022-ci ildə - ikinci məqalə

  • + A
  • - A
  • 7-02-2023, 15:03

    Son üç ildə ilk dəfə daşıma məhdudiyyəti olmadan Bakı metropoliteni 2022-ci ildə - ikinci məqalə

    “COVID-19” pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində tətbiq etdiyi xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində və yaxud iki ildən sonra Bakı metropoliteni ilk dəfə fəaliyyətinə daşıma məhdudiyyəti qoyulmadan sərnişinlərinə xidmət göstərib.
    Məlumat üçün qeyd edək ki, pandemiyanın başlandığı 2020-ci ildə martın 29-31-də 3 gün səhər (07:00-09:00) və axşam (17:00-20:00) olmaqla, cəmi 5 saat fəaliyyət göstərən metropoliten daha sonra 3 dəfə tam sərnişindaşıma məhdudlaşdırılması kimi ağır dövrlərdən keçib. Birinci dəfə 2020-ci il aprelin 1-dən mayın 9-na, ikinci dəfə həmin il iyulun 4-dən sentyabrın 14-dək metro nəqliyyatı ilə sərnişin daşınmayıb. Metropoliten 2020-ci il oktyabrın 17-dən başlayaraq, 2021-ci il may ayının 31-dək sərnişinlərinə bağlı qalıb. Ümumən metropoliten 377 gün sərnişindaşıma prosesini həyata keçirə bilməyib. 2021-ci il ərzində məhdudiyyətlər bu və digər formada tətbiq olunsa da, 2022-ci ilin ən müsbət cəhəti bu qadağaların aradan qaldırılması olub.

    Metropolitendə ləğv olunan daha bir mühüm qadağa
    2022-ci ilin ilk yarısı Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar məhdudiyyətləri mərhələ ilə aradan qaldırması dövrü olub. Xüsusi karantin rejimi müddətində sərnişindaşıma fəaliyyəti 2020-ci il may ayının 9-u səhər saat 06:00-da bərpa edilən metropolitendə pandemiya dövründə ən mühüm və zəruri tələblərdən biri tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə tələbinin məcburi olması idi. Bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il may ayının 1-dən qüvvəyə minən qərarı ilə 728 gündən sonra metropolitendə ləğv edilib. Beləliklə, pandemiya dövründə sərnişinlər Bakı metropolitenindən istifadə etdikləri 389 gün ərzində tibbi maskadan istifadə etməli olublar.
    Bununla belə, ilin ilk yarısı ölkə üzrə bir sıra əsas məhdudiyyətlər qüvvədə olduğundan və mərhələlərlə ləğv edildiyindən Bakı metropoliteninin əsas fəaliyyəti üzrə sərnişin sayının artması buna müvafiq qaydada baş verib. 2022-ci il iyunun 21-dən xüsusi karantin rejimi ilə bağlı ictimai məkanlarda, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə 10 nəfərdən artıq qruplarda cəmləşmə qadağasının, ən əsası, mərasimlərin təşkili və keçirilməsi zamanı məlumatların xüsusi elektron portal qaydası ilə verilməsinin ləğvi Bakı metropolitenində sərnişindaşıma prosesinin pandemiyaya qədər olan dövrə yaxınlaşacağına işarə idi. Yay dövrü başa çatana qədər tədris ocaqlarında əyani tədrisə üstünlük verilməsi ilə bağlı əsas məlumatlar metropolitendə aparılan monitorinqlərin istiqamətinə də təsir edib.

    Əvvəlki illərin iş prinsiplərinə qayıdış
    Qadağaların ləğvi və yay fəslində ənənəvi istirahət dövrünün başlanması ilə bağlı aparılan monitorinqlər metro istifadəçilərinin də bundan səmərəli faydalanacağını göstərdiyindən, son 3 ildə ilk dəfə 2022-ci ildə qatarların hərəkətində yay qrafikinin tətbiqi mümkün olub. Buna qədər sərnişindaşıma fəaliyyəti göstərdiyi müddətdə metropoliten sərnişin sayından asılı olmayaraq, ən optimal hərəkət qrafiki ilə çalışıb.
    Sərnişindaşımanın artım templəri pandemiya dövründə son 3 ilin ən yüksək göstəricilərinə çatsa da, metro tarixinin ən çox sərnişin daşınan 2019-cu ilin göstəricilərindən (236 milyon 681 min 650) aşağıdır. 2022-ci il ərzində cəmi 208 milyon 696 min 44 sərnişin daşınıb. Bunun 202 milyon 499 min 638 nəfəri ödənişli sərnişinlər olub. İl ərzində orta hesabla gündəlik sərnişindaşıma 571 min 770 nəfər təşkil edib. 2022-ci il ərzində ən çox sərnişin dekabr ayının 19-da daşınıb. Pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi dövründə ilk dəfə bir gün ərzində metropolitenə 800 mindən artıq sərnişin daxil olub – 801 min 198 nəfər. Ötən il ərzində ən az sərnişin daşınan gün Novruz bayramı dövründə olub və 2022-ci il mart ayının 20-də metropolitendən 215 min 703 sərnişin istifadə edib. Pandemiya dövründə 2022-ci ilin dekabrında metropolitendən istifadə edən sərnişinlərin sayı xüsusi karantin rejimi dövrünün aylıq ən yüksək həddinə çataraq, 21 milyon nəfərdən artıq (21 milyon 293 min 624) olub. Ümumiyyətlə, əsas qadağaların mərhələ ilə aradan qaldırıldığı 2022-ci il ərzində metropolitendən ən az sərnişin yay tətillərinin optimal dövrü olan avqust ayında istifadə edib - 14 milyon 110 min 454 nəfər.
    Yumşalmaların ən optimal həddə çatdığı 2022-ci ilin payız aylarında metropolitendən istifadə edən sərnişinlərin orta aylıq göstəricisi 600 mindən, yalnız iş günlərinin statistik hesabı ilə 700 mindən artıq olub.

    Monitorinqlərin nəticələrinə uyğun olaraq
    Hələ yay aylarında metropoliten üzrə aparılan monitorinqlər əsasındakı proqnozlaşdırma göstəriciləri, eləcə də müəssisələrin, ən vacibi, tədris ocaqlarının payız dövründəki fəaliyyətinə əsaslanan məlumatlar təhlil edilərək, hərəkət qrafikinin tərtib edilməsi işləri aparılıb. Bütün stansiyalarda ilkin hazırlıq dövründə infrastruktur və işçi heyəti ilə bağlı müvafiq tədbirlər görülüb.
    Yeni tədris mövsümünün ənənəvi qaydada başlanması metropolitendə ən optimal qrafikə keçidlə bağlı hazırlıqların əsassız olmadığını nümayiş etdirib. Sentyabr ayının 14-də elan edilən qatarların texniki imkanlar həddində optimal hərəkət qrafikinə keçilib. Qatarların hərəkəti texniki cəhətdən mümkün ən optimal qrafiklə təmin edilib. Ehtiyat qatarlar nəzərdə tutulmaqla onların xətlərə buraxılması aparılmış monitorinqlərin nəticələrinə uyğun, sərnişin axınının ən sıx vaxtlarında həyata keçirilib. Sərnişin axını daha çox olan stansiyalarda əlavə işçi qüvvəsinin ayrılması ilə nəzarət mexanizmləri gücləndirilib. Eskalatorların iş rejimi müvafiq qrafik təyin olunmaqla yanaşı, onların iş rejiminin sərnişin axını templərinə uyğun istənilən vaxt dəyişdirilməsi diqqətdə saxlanılıb, nəzarət mexanizmləri gücləndirilməklə, müvafiq tənzimləmələr həyata keçirilib.
    Bütün bu fəaliyyət gün ərzində davam etdirilən monitorinqlərlə təhlil olunub, çevik və qrafik üzrə tənzimləmə mexanizmləri həyata keçirilib. Buna nümunə olaraq, səhər gur saatlarında müvafiq tənzimləmələrin tətbiqi məqsədilə ehtiyat qatarlardan birinin oktyabr ayının ortalarından hərəkət qrafikinə daxil edilərək, hər gün müntəzəm marşrut üzrə səhər 6:40-dan başlayaraq xəttə daxil olması və “Memar Əcəmi-Neftçilər” sahəsində hərəkəti təmin edilib.
    Bununla belə, bir sıra hallarda 2020-ci ilə qədərki dövrdə olduğu kimi, tənzimləmələr zamanı platforma səviyyəsinin ifrat yüklənməməsi və sərnişin axınının daha münasib istiqamətləndirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə eskalator meydançaları, vestibül, stansiya girişi və keçidlərdə müvafiq tənzimləmələrin tətbiq edilməsi də gündəlik zəruri tələblərdən biri olub. Bu tənzimləmələr gündüz saatlarında tədris mövsümünün birinci dərs növbəsi başa çatdığı saatlarda da xüsusi nəzərə alınmaqla, müvafiq stansiyalarda gücləndirilmiş nəzarət təmin edilib.
    Bu mənada metropoliten strukturları ilə yanaşı, Bakı Metropolitenində Polis İdarəsi ilə əməkdaşlıq çərçivəsində çoxşaxəli birgə fəaliyyət təmin edilib.

    Pandemiya qaydaları ilə xidmətin təşkili
    Sərnişindaşıma fəaliyyəti bərpa ediləndən əks-epidemik tədbirlər çərçivəsində stansiyaların və qatarların sanitar-gigiyena tələblərinə cavab verməsinə xüsusi diqqət yetirilib. Təyin edilmiş tədbirlər müxtəlif sahələr tərəfindən birgə və ayrı-ayrılıqda ciddi nəzarətdə saxlanılmaqla həyata keçirilib. Nazirlər Kabinetinin müvafiq qərarları, eləcə də qurum yanında Operativ Qərargahın tapşırıq və tövsiyələri, habelə “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələbləri ilə bağlı fəaliyyət hər dövrün tələblərinə uyğun tam təmin edilib.
    Metropolitenin fəaliyyəti müəssisədaxili fəaliyyətin tənzimlənməsi olmadan həyata keçirilə bilməz və effektli olmaz. Metropoliten əməkdaşlarının sağlamlığı, təhlükəsiz iş şəraitində çalışması xüsusi nəzarət altında saxlanılıb. Tələbata uyğun, 2022-ci il ərzində istismar və tikinti sahələrinin tələbləri fonunda, müxtəlif qablaşdırmalarda 4417,5 litr dezinfeksiyaedici maddə paylanılıb. Əməkdaşların 3-cü (“booster”) doza peyvəndləməyə təşviq edilməsi davam etdirilib və 2022-ci il ərzində daha 772 metropoliten əməkdaşı bu dozanı qəbul edib.
    Əməkdaşların könüllülük prinsipi ilə tibbi maskaya olan ehtiyaclarına xüsusi diqqət ayrılıb, zəruri hallarda bu tələbat tam ödənilib.
    Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi bütün istiqamətlər üzrə digər tədbirləri müntəzəm yerinə yetirib. Bu xüsusda bütün müvafiq strukturlar və bölmələr xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilib. Bədbəxt hadisələrin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər geniş miqyasda keçirilib, zərərli əmək şəraitində çalışan işçilər, ümumilikdə 5000-ə yaxın əməkdaş 45000 litrə yaxın südlə təmin olunub.
    Sahələrdə təhlükəsiz iş rejimini təmin etmək üçün 1450 planlı müntəzəm yoxlama nəticəsində aşkarlanmış nöqsanlar aradan qaldırılıb. Bu tədbirlərin məqsədi əmək şəraiti, sanitar-gigiyena və digər mövcud qaydalara riayət edilməsini diqqətdə saxlamaq olub. Əsasən işə qəbul edilmiş, ezamiyyətə gəlmiş, istehsalat təcrübəsinə göndərilmiş tələbələr də daxil, ümumilikdə, 996 nəfərə giriş təlimatı keçirilərək, onların müvafiq təhlükəsizlik tələblərinə əməl etməsi, bundan əlavə istifadə qaydaları ilə yaxından tanışlığı təmin olunub. Həmçinin 335 qəza-məşq oyunu, təhlükə potensiallı obyektlərdə çalışan 123 nəfərə təlim təşkil edilməklə, işçilərin peşə vərdişləri və hazırlığı üzrə iş aparılıb. Strukturlarda vəzifəyə yeni təyin edilmiş mühəndis-texniki işçilərlə əməyin mühafizəsi, ekologiya, ilkin yardım vərdişlərinin mənimsənilməsi qaydalarının təbliği üzrə 44 saatlıq, rəhbər işçilərə “Ekologiya və Ətraf Mühitin Mühafizəsi. İşlənmiş batareyaların utilizasiyası” üzrə 5 saat təlim keçirilib. Bədbəxt hadisələrin qarşısının alınması üzrə 71, əmək şəraitinin yaxşılaşdırılması üzrə 15 tədbir yerinə yetirilib.
    Hər il olduğu kimi, bütün təsərrüfat sahələrində və stansiyalarda qışa hazırlıq tədbirləri planlı şəkildə həyata keçirilib. Nəticə etibarı ilə 2023-cü il yanvar ayının qarlı-şaxtalı günlərində metropolitenin iş rejimində pozuntu halları qeydə alınmayıb, qatarlar qrafik üzrə hərəkət edib, ehtiyat qatarlar nəzərdə tutularaq, zəruri hallarda xəttə verilib. Həmin günlərdə depo yolları, stansiyaların açıq hava şəaritində olan giriş zonaları qardan və buzdan təmizlənərək sərnişinlərə nümunəvi xidmət göstərilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR