Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Xaçmaz rayonunda “Mənim Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində intellektual turnir keçirilib.
Azadmedia.az xəbər verir ki, Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbində təşkil olunan turnirdə Xaçmaz rayonunun müxtəlif təhsil müəssisələrində çalışan gənc müəllimlərdən, yuxarı sinif şagirdlərindən ibarət 8 komanda mübarizə aparıb.
Rəsmi hissədə çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bu layihəyə dəstək verdiyinə görə Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirib, Xaçmaz rayonunda turnirin keçirilməsinə şərait yaratdığına görə Xaçmaz Rayon İcra Hakimiyyətinə, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektoruna minnətdarlığını ifadə edib. Bu layihənin keçirilməsində əsas məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, gənclər arasında intellektual oyunların həyat tərzinə çevrilməsinə dəstək vermək, eyni zamanda Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, ədəbiyyatının gənclər arasında təbliğinə nail olmaq olduğunu bildirib.
Rəsmi hissədə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Tarıyel Didarov, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Nizami Mustafayev qeyd edib ki, gənc müəllimlərin, eləcə də şagirdlərin bu kimi yarışlarda birgə mübarizə aparması həm şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişaf etdirilməsi baxımından önəmlidir, həm də biliklərin artırılması, yeni məlumatların əldə edilməsi, məntiqi təfəkkürün inkişaf etdirilməsi baxımından vacibdir. Bu səbəbdən də Şabran rayonunda bu əhəmiyyətli layihənin icra edilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.
Rəsmi hissədən sonra start verilən yarışın qalibi adını Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbinin müəllim və şagirdlərdən ibarət “Turan” komandası qazanaraq Quba rayonunda keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə edib.
Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbinin “İstiqlal” komandası turnirin ikinci, Xaçmaz şəhər 1 nömrəli tam orta məktəbinin “Nömrə 1” komandası üçüncü mükafatın sahibi olub.
Yekunda qalib və mükafatçılar kubok, diplom, medal və bədii ədəbiyyat nümunəli kitablarla təltif ediliblər.
Qeyd edək ki, mart ayına qədər davam edəcək layihə çərçivəsində bu günə qədər Siyəzən və Şabran rayonlarında seçim turları keçirilib, Quba və Qusar rayonlarında da yeniyetmə və gənclərin iştirakı ilə turnirlərin keçirilməsi planlaşdırılmışdır. Seçim turlarının qaliblərinin iştirakı ilə Quba rayonunda final mərhələsi təşkil olunacaqdır.