“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı helikopterin qəzaya uğrması nəticəsində şəhid olan pilot Xəyyam Əliyevin adını daşıyan gəmi bu gün dünya sularına yola salınıb.
Azadmedia.az xəbər verir ki, “Palmali Holding” tərəfindən təşkil olunan mərasim Türkiyənin Yalova şəhərindəki Boğaziçi tərsanəsində baş tutub.
Yolasalma mərasimində “Palmali Holding”in prezidenti, xeyriyyəçi Mübariz Mənsimovun dəvəti ilə Türkiyəyə təşrif buyurmuş Xəyyam Əliyevin ailə üzvləri də iştirak edib.
Əvvəlcə İstanbulda şirkətin baş ofisində onları qəbul edən Mübariz Mənsimov, şəhid atası Əlixan Əliyevə gəminin adı həkk olunmuş qızıl medalları təqdim edib. Mübariz Mənsimovun bu nəcib qərarından kövrələn şəhid atası şəhid oğlunun adının əbədiləşdirilməsinə görə minnətdarlığını bildirib.
Mübariz Mənsimov isə bildirib ki, özü və rəhbərlik etdiyi şirkət nə qədər yaşayırsa, şəhidlərin adlarını hər zaman uca tutacaq, onları yaşadacaq və qürurla daşıyacaqlar. Öz növbəsində, Əliyevlər ailəsi Azərbaycandan gətirdikləri hədiyyələri “Palmali Holding” şirkətinin rəhbərinə veriblər.
Bundan sonra Türkiyənin Yalova şəhərindəki Boğaziçi tərsanəsində şəhid pilot Xəyyam Əliyevin adını daşıyan gəminin suya buraxılması mərasimi keçirilib. Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olmuş on minlərlə insanın, həmçinin Türkiyə və Azərbaycanın ərazi bütövlükləri və suverenlikləri uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qardaş ölkələrin dövlət himnləri səsləndirilib.
Mübariz Mənsimov çıxışında bildirib ki, Dövlər Sərhəd Xidmətinin kapitanı olan Xəyyam Əliyev təqaüdə çıxandan sonra dünyanı qarış-qarış gəzməyi arzulayırmış. “Xəyyam şəhid olsa da, onun arzusu yerinə yetirildi. İndi onun adını daşıyan gəmi bütün dünyanı gəzəcək və şəhidin arzusunu yerinə yetirəcək”.
Əlixan Əliyev Mübariz Mənsimovun tələbələrə, şəhid ailələrinə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara hər zaman maddi və mənəvi dəstək göstərdiyini vurğulayaraq “Palmali” prezidentini Hacı Zeynəlabdin Tağıyevlə müqayisə edib. O, bildirib ki, Hacı Zeynəlabdin Tağıyevin əsasını qoyduğu xeyriyyəçilik məktəbinin XXI əsrdə davamçısı Mübariz Mənsimovdur. “İndiki zamanda belə kişilər çox azdır”, - deyə şəhid atası vurğulayıb.
“Xəyyamın şəhid olmasından sonra ilk dəfədir ki, sevindim. Oğlumun adı dünya sularını dolaşacaq. Şəhid valideyni olaraq deyim ki, onsuz da itirdiyimizi itirmişik və yeganə təsəllimiz onun ruhuna hörmət edilməsi, adının əbədiləşdirilməsidir. Biz onlara verilən qiyməymətlə yaşayırıq. Təbii ki, əgər övladsız həyata yaşamaq demək olarsa”...