Yolumuz Şağan Reabilitasiya Pansionatınadır. Məsafə şəhərdən uzaq olsa da, təmirli yollar və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turâl Qurbanovla məlumat xarakterli söhbət yolun uzunluğunu unutdurur. Öyrənirik ki, postmüharibə dövründə reabilitasiya müəssisələrində 2700-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib.
Media-tur zamanı Şağan Reabilitasiya Pansionatında əlilliyi olan şəxslərə, eləcə də 44 günlük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olacağıq.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illər reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin yaradılması təmin edilib. Nəticədə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, reabilitasiya potensialının dəfələrlə artmasına nail olunub.
Agentlik sözçüsündən öyrənirik ki, Bakı və ölkəmizin regionlarında olmaqla 14 reabilitasiya müəssisəsi və 1 Protez-Ortopedik Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Həmin müəssisələrdə bu ilin ilk rübündə əlilliyi olan 14 722 şəxsə reabilitasiya xidmətləri göstərilib.
Bu dövrdə Agentlik tərəfindən əlilliyi olan 3 547 şəxsə isə 19 939 reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar və s.) verilib.
İkinci Qarabağ müharibəsindən sonra Agentliyin reabilitasiya müəssisələrində 2722 nəfər müharibə veteranına sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 1913 şəxs 35509 reabilitasiya vasitəsi, I və II Qarabağ müharibəsində yaralanaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 411 hərbçi 428 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.
Şağan Reablitasiya Mərkəzinə çatırıq. Çox xoş görüntüsü var. Kənardan vizual görünüşü insana xoş enerji verir. Yaradılan şəraitlə, əlilliyi olan şəxslərə, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olmazdan əvvəl Pansionatın direktoru Təranə Quliyeva ilə söhbət edirəm ki, müalicəyə gələnlər barədə ümumi təsəvvürüm olsun. Reabilitasiyaya gələn ən yaşlı 1930 təvəllüd, ən gənc isə 18 yaşında əlil vətəndaşdır.
Media-tur zamanı müalicə prosedurunda olan vətəndaşlarla danışıram. Əsəbi olanı, ərköyün olanı da var, abrına qısılıb sakitcə müalicəsinə davam edənlər, hətta biraz irəli gedib fürsətcilliyə can atanı da var. Təranə xanım məlumat verir ki, hazırda Pansionatda 20 qaziyə reabilitasiya xidməti göstərilir. Onların bəzisi ilə müalicəsi gedə-gedə danışırıq.
Bu qazimiz Hövsandan gəlmişdi Şağan Rabilitasiya Pansionatına. Gözəlov Elməddin Füzuli və Xocavənd döyüşlərində baş-beyinindən zədə alıb. Yerişinə də problem yaranıb. Şəfa arzulayıram.
Məhəmmədov Məhərrəm Elşad oğlu Xüsusi Təyinatlı Qüvvələrin 3-cü qrup Qarabağ Qazisidir.
Bakı şəhərində yaşayır. 4-cü dəfədir Şağan Reabilitasiya Pansionatına reablitasiyaya gəlir. Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. İnşallah əsalarını bir kənara atıb yeriyəcəyi gün uzaqda deyil. Hər iki ayağından güllə, qəlpə yaraları alıb.
Nəhimov Əfqan Mingəçevirdən gəlib. Budundan güllə yarası alıb. Əksər qazilərimizə dəyən güllələr hərəkətli güllələr olduğu üçün zaman alır sağalmaları. İnşallah hamısı sağalıb normal həyata dönəcək.
Vuran, sındıran, narazı qazilərə öyrəşib gözlərimiz. 20 Qazimiz Şağanda reabilitasiya müalicəsi alır. Əksəri sakit, ədəb-ərkanlı, nikbin oğullar. Bütün qazilərimizə diqqət göstərilər, şikayətlər ləğv olunar, İnşallah. Təəssüf ki, sui-istifadə, ərköyünlük halları var, qəbul edilməzdir.
Yəhya dayı ilə tanış oluruq. 1-ci Qarabağ Müharibəsi döyüşçüsüdür. Allahverdi Bağırovun yaxın silahdaşı olub. Torpaqlar işğaldan azad ediləndən sonra Ağdam və Şuşada olub. Kövrəlir, səfər təəssüratını danışa bilmir. Özü də ağdamlıdır
Mehdiyev Şəfi dayı Şağan Reabilitasiya Pansionatına Ələtdən gəlib. İldə 1 dəfə gəlir. Onların mehribanlığı diqqətimi çəkdi. 3 saata yaxın müxtəlif prosedurlarda gördüm onları. Bir dəqiqə bir-birlərinin əlini buraxmadılar. Xanımı dedi övladlarımız var, hamısını yerbəyer etmişik. Hamısı sağ olsun, özü üçün. Şəfisiz mən heç kiməm, Allah onu mənə çox görməsin! Amin, - deyib gülümsədim.
Elşad Səfərov Tərtərdən gəlib. 3-cü dəfədi gəlir. 4 gündü reabilitasiyaya başlayan Elşad Səfərov 2-ci qrup Qarabağ əlilidir. Birinci Qarabağ döyüşlərində iştirak edib, gözündən zədə alıb.
Hüseynov Anar Rəsulzadə qəsəbəsindən gəlib. Əlil arabasındadır. Həyat yoldaşı ilə gəlib. Hər il gəldiyini deyən A. Hüseynov müalicənin yaxşı təsir etdiyini bildirir.
Könül Hacıyeva Qubadan gəlib. 1-ci qrup əlildir. Gülər üzlü Könül xanım boş vaxtlarını şeir yazmaqla keçirir.
Feyruz Həmidov Binəqədidən gəlib. Avtobus sürücüsü olan Feyruz Həmidov hazırda əlil arabasına düçar olub...
Təranə xanımdan öyrənirik ki, reabilitasiya məqsədilə tez-tez qazilərimiz teatrlara aparılır. Pansionatda da onların asudə vaxtının səmərəli keçməsi üçün hər cür şərait yaradılıb. İdman zalı və ebru sənəti ilə məşğul olmaq ən sevimli məşğuliyyətləridir.
Ebru sənəti maraqlı sahədir, qazilərimizin su üzərində rəsm çəkib kağıza köçürmələrini biz də maraqla izlədik. Öyrəndik ki, lazım olan fırça at quyruğundan və qızılgül budağından hazırlanır.
Şağan Reabilitasiya Pansionatı Nazirliyə tabe olan ən böyük reabilitasiya mərkəzidir. 250 çarpayılıqdır. Açılışı cənab Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə olub. Pansionatda reabilitasiya keçmək yalnız əlilliyi olan vətəndaşlar üçündür. Reabilitasiya dövrü 15 gündür, qazilərimiz üçün istisnalar var. Qeyd edim ki, oktyabr ayına qədər reabilitasiya üçün növbələr götürülüb. Əlilliyi olan şəxslər yaxınlıqdakı DOST mərkəzinə yaxınlaşıb göndəriş üçün müraciət edə bilər. Təranə xanımdan öyrənirik ki, baxıma ehtiyacı olan əlillər ailə üzvlərindən 1 nəfərlə Pansionata qəbul edilir. Baxan şəxsin qidalanmasını Pansionat qarşılamır, baxıcılar bunun üçün dövlətdən müavinat alır.
Qazilərinizin əzmindən, Pansionatdakı əhval-ruhiyyədən böyük ruh yüksəkliyi ilə oranı tərk edirik. Tərk etməzdən əvvəl əzmkar kollektivlə xatirə şəkilləri çəkdiririk, əlbəttə ki, həssas vətəndaşlarla işləyən bütün personala səbr, dözüm, cansağlığı arzulayaraq.
Elnurə Abuşova,
Bakı-Şağan-Bakı