Xəbər verdiyimiz kimi bu gün günorta saatlarında Xətai rayonu, 8 Noyabr prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaxınlıqda, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar. Çıxış yolu nədədir?
O yoldan hər gün keçən piyadalar özlərinə haqq qazandıraraq qeyd edirlər ki, işdən yorğun-arğın qayıdarkən, zamanlarını alır 5-10 dəqiqə itirib gedib piyada keçidindən keçmək. Sakinlərin söylədiyinə görə bəzən piyada keçidində eskalatorların işləməməsi yorğun, ac insanları daha da hövsələdən çıxarır, eskalator təmir olunsa belə, günlərlə ora yaxınlaşmırlar.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyevin isə hadisəyə öz baxış bucağı var.
Ekspertin fikrincə şəhəri maqistrala döndərib fəsadı fikirləşməyəndə bu növ qəzalar çox olacaq. Yolun digər tərəfində məktəb var niyə bu hissədə eyni səviyyəli sfetaforla nizamlanan təhlükəsiz adacığıyla təmin olunan keçid qurulmur? - sualını verən R.Ağamirzəyevin sözlərinə görə ərazidə məktəb, xəstəxana, poliklinika olmasını nəzərə alaraq sürət aşağı salınmalıdır. Eyni zamanda prospektdə transformasiya edilib sakitləşdirən elemetlərin qurulmasına ehtiyac var.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.