Dövlət xəstəxanalarında vətəndaşların xidmətlərə əlçatanlığı ilə bağlı aparılan işlərlə yanaşı, özəl tibb müəssisələrində də sığortadan istifadəni genişləndiririk.
Ötən il 111 tibb müəssisəsi ilə müqavilə bağlamışdıqsa, bu il daha 42 müəssisə ilə müqavilə bağlayaraq, sayı 152-yə çatdırmışıq.
Azadmedia.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransı zamanı deyib.
Biz bunu təkcə iri şəhərlərdə deyil, vətəndaşların xəstəxanalara daha yaxın olmasını, vaxtında xidmətə cəlb edilməsini təmin etmək üçün rayonlarda da tətbiq etdik, - deyən agentlik sədri qeyd edib ki, hazırda müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, 19 rayon da var. Sözügedən tibb müəssisələrinin 80%-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 20%-i isə regionların payına düşür.
Göstəricilərdən göründüyü kimi 2022-ci illə müqayisədə 2023-cü ildə özəl tibb müəssisəsinə verilən göndəriş sayında 17% artım olub. Göndərişlərin 94%-i planlı göndərişlərin payına düşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.