AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

  • + A
  • - A
  • 16-05-2024, 17:49

    Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Lənkəran rayonuna media-tur təşkil olunub. Media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır. Səfər çərçivəsində media-tur iştirakçıları Lənkəran RMX ilə yanaşı, Lənkəran Regional Perinatal Mərkəzində də olublar.
    Lənkəran RMX-nın direktoru Ağabala Kəlbiyev media-tur iştirakçılarına icbari tibbi sığorta sisteminin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. A. Kəlbiyev bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra tibb müəssisəsinin strukturunda, təchizatında yeniliklər olub: “360 çarpayılıq xəstəxanada Poliklinika, Radiologiya, Fizioterapiya, Cərrahiyyə, Urologiya, Reanimasiya, Təcili Yardım, Terapiya, Laboratoriya, Hemodializ, İnvaziv kardiologiya və digər şöbələr fəaliyyət göstərir. RMX-nın tabeliyində 7 Ailə Sağlamlıq Mərkəzi, 60-dan çox kənd həkim/tibb məntəqəsi əhaliyə xidmət göstərir”. Onun sözlərinə görə, əsaslı yenidənqurma işləri aparılaraq, 75 çarpayılıq Lənkəran Regional Perinatal Mərkəz yaradılıb. Burada Doğum, Hamiləliyin patologiyası, Cərrahiyyə, Neonatologiya və digər şöbələr fəaliyyətə başlayıb. Mərkəz küvəz, fototerapiya, yeni doğulmuşların müayinəsi üçün exokardioqramma cihazları ilə təmin olunub.
    Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, artıq 3-cü ildir ki, Lənkəran rayonunda icbari tibbi sığorta sistemi tətbiq edilir: “Tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin əsas hədəflərindəndir. Göstəricilər onu deməyə əsas verir ki, ildən-ilə sığortadan yararlanmaq üçün edilən müraciətlərin sayı artmaqdadır. Xəstəxanaya 2021-ci ildə 108 800-dən çox, 2022-ci ildə 191 000-dən çox müraciət daxil olub. Ötən ilin göstəricilərinə görə isə müraciət sayı 2022-ci illə müqayisədə 53% artaraq 293 196-ya çatıb. 3 il ərzində xəstəxanada icbari tibbi sığorta hesabına 2 milyondan çox tibbi xidmət göstərilib ki, bunlardan 1 milyon 750 000-dən çoxu ambulator, 318 600-dən çoxu stasionar şəraitdə göstərilib. Son 3 il ərzində 21 604 cərrahi xidmət icra olunub”.
    Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, icbari tibbi sığortanın hədəflədiyi istiqamətlərdən biri də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaqdır. Keyfiyyətli tibbi xidmətin göstərilməsi səhiyyə infrastrukturu, təchizat məsələləri ilə bağlıdır:
    “Sevindirici haldır ki, Lənkəran RMX-nın müasir avadanlıqlarla təchizatı, xəstəxanada yaradılan şərait cənub bölgəsinin əhalisinə icbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir. Xəstəxanada İnvaziv kardiologiya və ürək-damar cərrahiyyəsi, Urologiya şöbələri yeni açılaraq, 4-cü tip laboratoriya şöbəsi isə yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilib. İnvaziv kardiologiya şöbəsində standartlara uyğun olaraq 1 cərrahi otaq, 1 texniki otaq, 6 çarpayılıq intensiv reanimasiya otağı, sterilizasiya və digər köməkçi sahələr yaradılıb. Şöbədə kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlar (rəqəmsal angioqrafiya aparatı), süni tənəffüz aparatı, defibilyator, EXO cihazları mövcuddur. Ürək-damar cərrahiyyəsi şöbəsində 19 palata, 2 əməliyyat bloku, 6 nəfərlik reanimasiya otağı tam təmir olunaraq vətəndaşların istifadəsinə verilib. Eyni zamanda tibb müəssisəsi yeni MRT və KT cihazları ilə təchiz edilib”.
    H.İbrahimlinin sözlərinə görə, İnvaziv kardiologiya şöbəsi fəaliyyətə başladığı dövrdən bəri 1859 pasiyent müraciəti olub. Pasiyentlərdən 600 nəfərə stend qoyulub. Şöbədə ilk dəfə olaraq 3 pasiyentə ürəkdaxili cihaz implantasiyası, 2 pasiyentə ürək ritminin ablasiya ilə invaziv müalicəsi icra edilib. Ürək-damar cərrahiyyəsi şöbəsi isə fəaliyyətə başladığı gündən 118 xəstə qəbul edib. 10 xəstəyə klapan dəyişilmə, 108 nəfərə aorta koronar şuntlama əməliyyatı icra olunub”.
    Media-tur iştirakçıları icbari tibbi sığorta çərçivəsində ürək-damar cərrahiyyəsi üzrə əməliyyat olunan vətəndaşları ziyarət edib, rəyini öyrəniblər.
    Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələri tibb müəssisəsində müayinə olunublar.
    Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR