ABŞ sanksiyaları İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək? – İran XİN rəsmisi ilə müsahibə
5 noyabrdan etibarən ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci paketi qüvvəyə minib. Həmin sanksiyalar İranın enerji, maliyyə-bank və gəmi-hava daşımaları kimi iqtisadiyyatın strateji sahələrinə şamil olunub. Sanksiyalar siyahısına 300-ü yeni olmaqla 700-dən çox hüquqi və fiziki şəxsin adı salınıb. Vaşinqton bəyan edib ki, sanksiyalar vasitəsilə İranın neft ixracını sıfıra endirəcəklər. Bununla belə, ABŞ 8 ölkə – Çin, Hindistan, Türkiyə, Cənubi Koreya, Yaponiya, Tayvan, İtaliya və Yunanıstana sanksiyalardan müvəqqəti güzəşt edərək 6 ay ərzində onların İrandan neft idxal etmələrinə icazə verib. Bir şərtlə ki, həmin dövlətlər İran neftinin idxalını tədricən azaldacaqlar. İranın Buşehr Atom Elektrik stansiyasının tikintisilə bağlı layihə də sanksiyalardan kənarda qalıb. Bu cür istisnalara və Tehranın sanksiyaların İran iqtisadiyyatına təsir etməyəcəyilə bağlı bəyanatlarına rəğmən, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, sanksiyaların qüvvəyə minməsindən sonra İranı getdikcə artan maliyyə izolyasiyası və iqtisadi durğunluq gözləyir.
İranlıların ABŞ sanksiyalarının şərtləri altında necə yaşaması, sanksiyaların ikinci paketinin İran iqtisadiyyatına və qonşuları ilə ticari-iqtisadi münasibətlərinə mümkün təsirləri, Tehranın sanksiyaları necə dəf edəcəyi və Mnuçinin dediyi kimi, doğrudanmı İranı iqtisadi durğunluğun gözləməsilə bağlı Azvision.az-ın suallarını eksklüziv olaraq Beynəlxalq və Siyasi Tədqiqatlar İnstitutunun (IPIS) baş elmi işçisi, İran xarici işlər nazirinin məsləhətçisi Səid Rəsul Musəvi cavablandırıb.
– Cənab Musəvi, ötən həftə ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci paketi qüvvəyə mindi. Sizcə, bu sanksiyaların əsl məqsədi nədir?
Bu sualı cavablandırmaq üçün 2 məsələyə aydınlıq gətirməyi vacib hesab edirəm. Birincisi, İrana qarşı yeni sanksiyalar tətbiq olunmur. Son 40 ilə yaxın müddətdə İran ABŞ-ın müxtəlif sanksiyalarından daim əziyyət çəkib. İkincisi, Amerikanın sanksiyalalrı hətta İranın nüvə proqramı üzrə Hərtərəfli Müştərək Fəaliyyət Planı (HMFT) imzalandıqdan sonra da ləğv olunmamışdı. Onlardan sadəcə bir neçəsi qismən yumşaldılmışdı. Sanksiyaların böyük hissəsinin tətbiqi hətta prezident Obamanın administrasiyası tərəfindən də davam etdirilirdi. Cənab Tramp isə prezidentliyinin ilk günündən HMFT-nin həyata keçirilməsinə qarşı çıxırdı.
Qeyd etdiyim bu iki məsələni nəzərə alaraq deyə bilərəm ki, ABŞ son 40 il ərzində İrana münasibətdə öz siyasətinə sadiq qalıb. Amerikanın bu cür siyasətinin necə adlandığını gizlətməyə ehtiyac yoxdur . Onun adı “rejimin dəyişdirilməsi” dir. Təbii ki, amerikalı rəsmilər bu cür niyyətlərinin olduğunu təkzib edərək bəyan edirlər ki, onların məqsədi sadəcə İranın regional və beynəlxalq siyasətdəki davranışlarının dəyişdirilməsidir. Amma öz ölkəsinin tarixini bilən bir politoloq və iranlı kimi şəxsən mən amerikalıların 1953-cü ildə baş nazir Məhəmməd Musəddiqin devrilməsilə nəticələnən dövlət çevrilişi təşkil etmələrini unutmamışam. Ona görə də əminəm ki, ABŞ-ın İrana münasibətdə siyasətinin əsasında məhz hakim rejimin dəyişdirilməsi dayanır.
– İran cəmiyyəti ABŞ sanksiyalarına necə reaksiya verdi? Bəzi qərb qəzetləri yazıb ki, bu sanksiyalar İranhakimiyyətinə qarşı etiraz dalğalarına səbəb olub. Bu belədirmi?
İranın 3 min ildən çox tarixi ilə tanış olanlar heç vaxt elə bir fakt aşkarlaya bilməzlər ki, xaricdən təzyiqə məruz qalan hansısa iranlı öz ölkəsindəki rejimə qarşı düşmənlə əməkdaşlıq edib. İranlılar arasında öz ölkələrinin siyasi sisteminə fərqli yanaşan çox adam tapmaq olar. Amma söhbət rejimin xaricdən məruz qaldığı təzyiqdən gedəndə bütün iranlılar öz hökumətinin ətrafında birləşirlər.
– Amerikanın sanksiyaları İrana necə təsir edir?
Sanksiyaların ikinci paketi 4 noyabrda təklif edilib, amma artıq yaxın bir neçə ayda sanksiyaların üçüncü paketinin tətbiq olunacağından danışırlar. Deməzdim ki, bu sanksiyalar sadə insanlara heç cür təsir etmir. Yox. Bütün iranlılar və ilk növbədə sadə insanlar, xəstələr, uşaqlar və yaşlılar ABŞ sanksiyalarından çox əziyyət çəkirlər. Amma psixoloji müharibənin əsl müharibədən əvvəl başladığını anlasaq, onda bir qədər də gözləyib hələ daha neçə sanksiyalar paketinin tətbiq olunacağına baxaq.
Onu da əlavə etmək istəyirəm ki, bir vaxtlar İran indikindən daha böyük sanksiyalar paketi ilə üzləşib. Bilirsiniz ki, HMFT-yədək İran BMT Təhlükəsizlik Şurası sanksiyalarının təsiri altında idi. Və həmin vaxt Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya kimi iri dövlətlər və bir çox başqaları həmin sanksiyalara qoşulmaqdan imtina etdilər. İndi isə bizim əlimizdə BMT Təhlükəsizlik Şurasının HMFT-ni təsdiq etdiyi 2231 saylı qətnaməsi var. Bu faktla əlaqədar, ABŞ, İsrail və 2-3 ərəb ölkəsini çıxmaqla, bütün dövlətlər arasında konsensus var. Belə olduqda biz necə deyə bilərik ki, indiki mərhələdə tətbiq olunan sanksiyalar BMT Təhlükəsizlik Şurasının sanksiyalarından daha ağrılıdır? Biz Avropa İttifaqı, Rusiya, Çin, Türkiyə və digər dövlətlərin HMFT-nin qorunub saxlanmasına və İranla əməkdaşlıq yollarının axtarışına istiqamətlənən fəaliyyətinə nəzər salsaq, gələcəyə nikbin baxmağımız daha yaxşı olmazmı? Beynəlxalq hüquqa münasibətdə səmimi davranmaq və insan müdrikliyi və ədalətə inanmaq yaxşı olmazmı?
– Yeni sanksiyalar İranın qonşuları, xüsusən də Azərbaycanla ticari-iqtisadi münasibətlərə necə təsir edəcək?
– Qonşunu seçmirlər. Biz artıq uzun əsrlər boyu öz qonşularımızla yaşayırıq və bundan sonra da bir-birimizlə yanaşı yaşayacağıq. Ona görə də düşünürəm ki, bu cür şərtlər çərçivəsində İranın bütün qonşuları ikitərəfli münasibətlərimizin gələcəyi üçün öz məsuliyyətlərinin fərqindədirlər. Əminəm ki, Azərbaycan xalqı və rəsmi nümayəndələri İrana münasibətdə yaxşı mehriban qonşuluq siyasətini dəstəkləməyə istiqamətlənən düzgün siyasəti izləyəcəklər, eyni zamanda da, Azərbaycanın milli və regional maraqları naminə ABŞ-la da yaxşı münasibətlər saxlayacaqlar.
– İran ABŞ sanksiyalarından yan keçməyi necə planlaşdırır?
– İran hökumətinin vəzifəsi vəziyyətin öhdəsindən gəlməkdir. Düşünürəm ki, indiki mərhələdə İslam Respublikasının hökuməti sanksiyalara cavab kimi nəyin planlaşdırıldığını və onlardan hansı yolla qaçmağın mümkünlüyünü izah edə bilməz. Çünki bu, İranın milli təhlükəsizlik proqramının bir hissəsidir. Əgər biz nə etdiyimizi ictimailəşdirməyə başlasaq, onda bu o deməkdir ki, biz ümumiyyətlə heç nə edə bilməyəcəyik.