Donald Tramp Riçard Niksonun taleyini təkrarlaya bilər
ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun vəkili Con Din hazırkı dövlət başçısı Donlad Trampa qarşı aparılan təhqiqatı məşhur “Uoltergeyt işi”nə bənzədib.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, özünün tvitter səhifəsində yazıb.
Xatırladaq ki, 1974-cü ildə Demokrat partiyasının seçki qərargahının dinlənilməsi ilə bağlı yaranan həmin qalmaqal Riçard Niksonun istefası ilə nəticələnmişdi.
Con Dinin fikrincə, Trampa qarşı qaldırılan ittihamlar daha ciddidir. Belə ki, Ağ Evin sahibinə qarşı bir çox istiqamətlər üzrə, o cümlədən ailə fondu ilə əlaqədar (Donald J.Trump Foundation) araşdırma aparılır.
“Trampın seçkiqabağı kampaniyası, andiçmə mərasimi, üstəlik ailəsi… Bütün bunlar hazırkı anda federal səviyyədə cinayət və mülki təhiqiqatın altındadır. Bu, “Uoltergeyt işi”ndən də böyükdür və hələ başlanğıcdır”, – deyə Con Din tvitter mesajında yazıb.
Bundan daha öncə isə “The Wall Street Journal” Donald Trampın andiçmə mərasiminə çəkilən xərclərin hüquq-mühafizə orqanlarının diqqətinə düşdüyünü xəbər verib.
Manhetten prokurorluğu inauqurasiya komitəsinin mərasim üçün ianələr vasitəsilə topladığı 107 milyon dolların həqiqətən təyinatına uyğun xərclənib-xərclənmədiyini yoxlayacaq.
Bundan başqa prokurorluq bəzi donor sahibkarların bu ianələri prezident administrasiyasına rüşvət olaraq, verib-vermədiyini də araşdıracaq.