Ərdoğandan Putinə görüş öncəsi qəribə mesajların gizlinləri: dost ola bilərik, amma...
Menbiç əməliyyatları Türkiyənin gündəmində duran bir nömrəli məsələdir
Cahan.info-nun verdiyi xəbərə görə, Ərdoğan-Putin görüşündə Suriyadakı vəziyyət, xüsusilə də Menbiç ətrafında nəzərdə tutulan əməliyyatlarla bağlı konkret müzakirələr gözlənilir.
Ərdoğan Putindən əməliyyatlar zamanı rus hərbçilərinin neytrallığını maksimum qorumasını istəyəcək. Bu fonda tərəflər Menbiçdə qarşı-qarşıya gəlməmək və birbaşa toqquşma risklərini neytrallaşdırmaq üçün ortaq məxrəc tapmağa çalışacaqlar.
Görüşdə Türkiyə-Suriya sərhədi ilə bağlı ümumi razılaşma əldə oluna bilər. Ancaq orada elə şəhərlər var ki, mübahisəlidir və orada birmənalı olaraq Rusiyanın mövqeyi bəlli deyil.
Bu mənada Menbiçlə bağlı mürəkkəb danışıqlar gedir. Rusiya hərbiçilərinin Menbiçi asanlıqla tərk edəcəyini düşünmək olmaz. Hansısa kompromis razılaşmaların əldə olunması isə istisna edilmir.
Bu kompromislərin nədən ibarət olacağını görüşün yekunu göstərəcək. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Putinlə yanvarın 23-də görüşəcək.
Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Moskvada görüşdən öncə Rusiyanın məşhur "Kommersant" qəzetinə məqalə göndərmişdi.
Bu, siyasi liderlərin istifadə etdiyi köhnə üsuldur. Liderlər hansısa ölkəyə getmədən öncə mesajlarını daha əvvəldən həmin ölkənin məşhur qəzetlərinin birində yayınlayırlar ki, ev yiyəsi danışıqların formatına hazır olsun.
Ərdoğan bu yazısında Putinə demək istəyir ki, dostluğumuzu davam etdirə bilərik, ancaq nəzərə al ki, Türkiyə üçün İŞİD-lə YPG və PYD arasında fərqi yoxdur.
Buna rəğmən, bir dəfə eşitmədim ki, başda Putin olmaqla hansısa rusiyalı rəsmi İŞİD-lə YPG, PYD, hətta PKK arasında bərabərlik işarəsi qoysun.
Türkiyə Suriya ilə sərhəd boyunca təhlükəsizlik bölgəsi yaratmaq istəyir və gələn xəbərlərə görə ABŞ və Rusiya bunun əleyhinə deyillər.
Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan bu məsələni yanvarın 23-də rusiyalı həmkarı Vladimir Putinlə Moskvada müzakirə edəcək.
Əlbəttə, Ankaranın məramı aydındır.
Ancaq tampon bölgə Suriyada PKK-YPG-PYD problemini həll etməyəcək. Çünki həmin güclər tampon bölgəyə daxil olmasalar da özlərinin nəzarətindəki bölgədə güclənəcəklər.
Bu isə o deməkdir ki, Ankara mövcud reallığı nəzərə alaraq Suriya ərazisinin tamamında PKK uzantılarına qarşı genişmiqyaslı hücum əməliyyatı rellaşdıra bilməyəcək. Ancaq Ankaranın bir uğurunu da qeyd etmək lazımdır.
Vaşinqton necə vaxtdır deyirdi ki, “Rusiyadan C-400 raketləri alsaz Sizə Patriot raketlər satmayacağıq. Ancaq hazırda Türkiyə həm Rusiyadan, həm də ABŞ-dan raketləri almağa hazırlaşır.
Yaxın Şərqdə məzhəb və etnik qarşıdurmanın daha da dərinləşəcəyi ehtimalı böyükdür. Aparıcı ölkələr etnik və dini amildən istifadə edərək müxtəlif savaşçı qruplar formalaşdırıblar.
Hazırda real döyüş aparanlar içərisində bu növ qüvvələr az deyil. Bölgənin böyük dövlətləri arasında münasibətlər də pisləşməkdədir.
Tərəflər seçim etmək zorundadırlar. Ya ABŞ-ı, ya da Rusiya-İran tandemini dəstəkləməlidirlər. Bu da təbii olaraq ciddi problemlər meydana çıxara bilər.
O halda bütövlükdə Yaxın Şərqdə ölkələr arasında münaqişələr dərinləşir. Vurğulanan məqamlarla yanaşı, Yaxın Şərq ətrafındakı regionlara terrorun və ixtilafların sıçraması istisna edilmir.
Bu baxımdan, ehtimal edə bilərik ki, yaxın Şərq yaxın zamanlarda münaqişələrdən nəinki xilas olmayacaq, hətta daha geniş miqyasda hərbi toqquşmalar səhnəsinə çevriləcək.