Ər-Riyadda hava limanına hücum zamanı “Saudia” aviaşirkətinin pilotu həlak olub

Səudiyyə Ərəbistanının dövlət aviaşirkəti “Saudia”nın pilotu Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində həlak olub. Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. Məlumatı “Al Ekhbariya” telekanalı yayıb.
“Hadisə əməkdaşlarımızdan birinin ölümü ilə nəticələnib. Həlak olan kapitan Həmud əl-Qəltaminin ailəsinə dərin hüznlə başsağlığı veririk”, – deyə aviaşirkətin bəyanatında bildirilib.
“Saudia” hücum nəticəsində təyyarələrindən birinin zədələndiyini də təsdiqləyib. Bildirilib ki, hadisə zamanı təyyarə dayanacaqda olub və göyərtəsində sərnişin olmayıb.
Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, Kral Xalid Beynəlxalq Hava Limanının obyektlərinə və “Saudi Airlines” təyyarəsinə qarşı həyata keçirilən iki hücum nəticəsində ümumilikdə üç nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb.
Ər-Riyad hava limanı ötən gün hücuma məruz qalıb. İlkin məlumatlarda hücumlardan birinin Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən ballistik raketlə həyata keçirildiyi bildirilib. Bundan əvvəl isə hava limanına pilotsuz uçuş aparatları ilə hücum edildiyi qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.