“Hazırkı Türkiyə Səddam Hüseynin bir vaxtlar dünyaya meydan oxuyan İraqına bənzəyir”
“Türkiyə xalqının yarısı bu referenduma "yox" dedi. Amma biz Türk xalqının “hə” fikirlərinə hörmətlə yanaşırıq.”
Bunu moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Hafiz Hacıyevin sözlərinə görə hazırkı Türkiyə Səddam Hüseynin bir vaxtlar dünyaya meydan oxuyan İraqına bənzəyir:
“Türkiyə xalqı yaxın zamanlarda yenidən parlament idarə üsuluna keçəcək. Türkiyədə çox güclü müxalifət, bir də xalqın iradəsi mövcuddur. Hazırkı Türkiyə Səddam Hüseynin dünyaya meydan oxuyan İraqına bənzəyir. Bu heç də yaxşı hal deyil. Ərdoğanın dünyanı hədələməsi doğru deyil. Hələ də siyasətdə hədə, hikkə ilə danışır. Bu, demokratikləşmədən kənar addımdır. Biz Türkiyə mediasını da yaxından izləyirik, saxtakarlıq haqda iddialar var. 2 milyondan çox möhürsüz bülleten ortaya çıxıb. Amma istənilən halda Türkiyə xalqının qərarına hörmətlə yanaşmalıyıq. Könül istərdi ki, Türkiyədə bütün xalqın iradəsi ilə formalaşan iqtidar olaydı. Hazırda biz görürük ki, Ərdoğan düşüb ortalığa özü bildiyini edir. Bu yaxşı nəticələrə gətirib çıxarmayacaq. Azərbaycan-Türkiyə münasibətlərinin gələcək perspektivinə toxunaraq onu qeyd etmək istərəm ki, iqtidarlarda kimlərin olmasından asılı olmayaraq xalqlarımız qardaş olaraq qalacaq. Hakimiyyətlər müvəqqətidir, amma Türkiyə-Azərbaycan qardaşlığı əbədidir.”