Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenskinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Bununla bağlı avropalı siyasətçilər mükafat komitəsinə müraciət ediblər.
"Cəsur ukraynalı kişilər, qadınlar demokratiya və özünüidarəni qorumaq üçün mübarizə aparır. Ukraynanın demokratik yolla seçilmiş prezidenti Volodimir Zelenskidən tutmuş, ölkəsi uğrunda döyüşmək üçün ailəsi ilə göz yaşları içində vidalaşan adama qədər. Ukraynanın hər yerində insanlar qüvvələrə qarşı döyüşür. Bizim şəfqət və dəstək sözlərimiz insan haqları və sülh prinsipləri naminə verdikləri fədakarlıqların ədalətini bərqərar edə bilmir”, - avropalı siyasətçilərin Nobel Komitəsinə məktubunda deyilir.
Qeyd edək ki, bütün namizədlərin adları fevralın 1-nə kimi təqdim edilməli idi, lakin avropalı siyasətçilər Zelenskinin namizədliyində israrlıdırlar və müraciət üçün son müddəti martın 31-dək uzatmağı xahiş ediblər.
Zelenskinin namizədliyi qeydə alınacaqmı?
Bu barədə Modern.az-a açıqlama verən Beynəlxalq Nobel İnformasiya mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi Bəybala Ələsgərov bildirib ki, Ukrayna Prezidentinin namizədliyinin qeydə alınması mümkün deyil.
“Artıq ərizələrin qəbul müddəti bitib. Müraciət müddətinin 31 marta qədər uzadılmasına gəlincə, bu da qeyri-mümkündür”, - deyə B.Ələsgərov vurğulayıb.
Xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır. Bundan öncə Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bir neçə dəfə Nobel Sülh mükafatına namizəd göstərilib. Onun namizədliyi ekspert qrupu tərəfindən təsdiqlənsə də, QMİ sədri ali mükafata sahib ola bilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.