13 yaşlı azərbaycanlı qız Almaniyada etirazlara səbəb oldu
13 yaşlı Ofeliya Quliyevanın və anasının zorla deportasiyası Almaniyada qalmaqala və kütləvi etirazlara səbəb olub.
Ölkə.Az Yerli KİV-ə istinadən xəbər verir ki, azərbaycanlı qızcığazın və onun ailəsinin başına gələnləri onlarla alman nəşri yayımlayıb.
Quliyevlər ailəsi 8 il Yuxarı Frankoniya torpağının Kulmbax şəhərində yaşayıb. Ailə alman cəmiyyətinə uğurla inteqrasiya olunub və heç bir dil problemi olmayıb. Lakin bu qədər vaxtda ailəyə ölkədə yaşayış hüququ verilməyib.
Quliyevlər ailəsinin əhvalatını “faciəvi” hesab etmiş alman ictimaiyyəti dərhal qızın və anasının müdafiəsinə qalxıb.
“Gecə yarısı deportasiya etmək vacib idimi? Bu təcrübəyə son qoymaq lazımdır. Oğlumun sinif yoldaşını da gecə yarısı zorla deportasiya ediblər. O, hələ də dostunu itirdiyinə görə özünə gələ bilmir”, - yerli sakin Keyt D. deyir:.
Kulmbaxın digər sakini Renger B. də onunla razılaşır:
“Ailəni parçalamaq insanlıqdan kənardır. Daha dolğun araşdırma aparmaq lazım idi”.
Tereziya K.-nın sözlərinə görə, Almaniyadan qaçqınların deportasiyası qaydalarına yenidən baxılmalıdır:
“Ağır cinayətlər törətmiş insanlar məhkəmə araşdırması aparılmadan deportasiya edilməlidir. Digər tərəfdən, Ofeliyanın ailəsi kimi ailələr alman cəmiyyətinə uğurla inteqrasiya olunublar və hakimiyyət güzəştə getməlidir ki, onlar ölkədə qala bilsin”.
Özlərinə bəraət qazandırmaq üçün yerli hakimiyyət nümayəndələri bildirirlər ki, Ofeliyanın anası sosial orqanlara yalan məlumat verib. O ki qaldı gecə vaxtı deportasiya qaydasına, bunu təhlükəsizlik məqsədilə, etirazların qarşısının alınması üçün edirlər.
“Bu gənc istedadın Azərbaycanda heç bir inkişaf perspektivi yoxdur. Onun itib-batmasına yol vermək olmaz”, - B.Bayer əlavə edib.