İranda məhkəmə 10 hərbçini 2020-ci ildə Ukraynaya məxsus "Boeing" sərnişin təyyarəsinin qəzaya uğramasında günahkar hesab edərək həbs cəzasına məhkum edib. Azadmedia.az AFP-a istinadla xəbər verir ki, hərbi komandir 10 il həbs cəzası alıb. İş üzrə digər doqquz müttəhim bir ildən üç ilədək müddətə azadlıqdan məhrum edilib.
Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737 təyyarəsi 2020-ci il yanvarın 8-nə keçən gecə Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb. Qəzada təyyarədə olan 176 nəfərin hamısı həlak olub. Fəlakət İran ordusunun general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın İraqdakı bazalarına raket zərbəsi endirdiyi bir vaxtda baş verib. İran hakimiyyəti etiraf edib ki, layner istəmədən vurulub - hava hücumundan müdafiə sisteminin operatoru onu qanadlı raketlə səhv salıb. Beş ölkə İranı vurulan Boeing-ə görə təzminat ödəməkdən imtina etməkdə ittiham edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.