Dekabrın 20-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.
İclası açan spiker bildirib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti dekabrın 17-də və 18-də qardaş Türkiyə Respublikasında rəsmi səfərdə olub.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, səfər çərçivəsində onun Türkiyə Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Görüş səfərin rəsmi protokoluna uyğun olaraq, spikerin dəvət edildiyi Türkiyə Elmlər Akademiyasının və Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun 2024-cü il üçün Elm mükafatlarının təqdimat mərasimində olub.
Milli Məclisin sədri bildirib ki, onun Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Numan Kurtulmuş ilə görüşündə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələrə dair fikir mübadiləsi aparılıb. Müttəfiqliyin rəsmi ifadəsi və möhürü olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu vurğulanıb.
Spiker onunla söhbət zamanı qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, xalqlarımızın birliyi və həmrəyliyi bizim üçün ən böyük dəyərdir. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı özünü ən parlaq şəkildə təsdiq edir. Möhtərəm cənab Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur. Görüşdə əlaqələrin ən yüksək səviyyəyə gəlib çatmasında dövlət başçılarının müstəsna rolu qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr yüksək qiymətləndirilib. Vurğulanıb ki, qanunvericilik orqanları arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur. Parlamentlərimizin həm ikitərəfli, həm də Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırıldı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.