AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət siyasətinin müasir modeli

  • + A
  • - A
  • Bu gün, 12:04

    Dövlət siyasətinin müasir modeli

    Məşhur Məmmədov,
    Millət vəkili


    İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
    2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.
    Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətini yada salaq: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
    2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
    Sonuncu prezident seçkisini Zəfər seçkisi də adlandıra bilərik.
    2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri doğrudan da Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdi. Seçkilərdə seçici fəallığı 76,43 faiz oldu. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
    Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
    Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu.
    Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
    İlham Əliyev həm də dünənin, bu günün, sabahın partiyasının - Yeni Azərbaycan Partiyasının sədridir.
    Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Prezident İlham Əliyev öz islahatçı kursuna sadiq qalaraq 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etmişdir. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır. Partiyanın yeni Proqramı qəbul edilmiş, həmçinin kadr islahatlarına başlanılmışdır.
    Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.
    Milli həmrəyliyin inkişafına xidmət edən demokratik təcrübə barədə də söz açsaq, yerinə düşər.
    Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.
    Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
    Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilib.
    Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır.
    Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarə edir.
    Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
    2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
    COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-a 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatılmışdı.
    Siyahını uzatmaq da olar, İlham Əliyevin ölkəyə rəhbərlik etdikdən sonra ölkəmizin daxildə və xaricdə əldə etdiyi nəaliyyətləri sadalamaqla bitməz.
    Bir sözlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR