AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qoca qoyunları, qısır heyvanları vətəndaşa “Aqri Kon” MMC və “Bis Co” MMC-lər verir...

  • + A
  • - A
  • 24-12-2018, 10:21

    Qoca qoyunları, qısır heyvanları vətəndaşa “Aqri Kon” MMC və “Bis Co” MMC-lər verir...















    Dövlətin puluna niyə şil-şikəst heyvanlar alınır?!

    Azərbaycanda gerçəkləşdirilən özünüməşğulluq proqramının icrası ilə bağlı bəzi regionlarda ciddi narazılıqlar var. Proqram çərçivəsində dövlətin adından vətəndaşlara qısır mal-qara, süddən yanıq, qoca-qotur qoyunlar verilir. Kasıb vətəndaşlar akta imza edib dövlətin verdiyi mal-qaranı, qoyunları qəbul etsələr də, proqramda nəzərdə tutulduğu kimi özlərinin dolanışığını təmin edə bilməyəcəklərini deyirlər. Səbəb isə onlara təqdim olunan heyvanların kökəlməyə, artmağa yararsız olmasıdır.

    “Yeni Müsavat”ın 19 noyabr tarixli sayında “Məşğulluq Mərkəzinin qoyunlu oyunları – film kimi fırıldaq” sərlövhəli yazıda Goranboyun Əlirzalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirovun şikayətini dərc etmişdik. Vətəndaş ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətlənmişdi. Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadırlar və nazirdən kömək istəmişdi. Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini demişdi. Oxşar problem Şəkidə də yaşanır. Bu haqda isə ötən sayımızda qeyd etdiyimiz kimi, ipekchi.info saytı xəbər yayıb.

    Sayt “Kasıbları bir az da müflis etməyin yeni yolu: özünüməşğulluq proqramı!” sərlövhəli yazı dərc edib.

    Həmin yazıda qeyd olunur ki, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər. Cəlb edilənlərin əksəriyyəti heyvandarlıqla məşğul olmaq fikrində olub. Lakin heyvanların verilməsi zamanı məlum olub ki, vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, süddən yanıq dana və toğlular təklif edilib. Bu, aztəminatlı vətəndaşları daha da müflis etməkdən başqa bir şey deyil. Başqa sözlə, vətəndaş 20 qısır qoyunu 2 il yemləmək üçün 3-4 min manat pul xərcləməlidir. Sonda isə həmin qoyunları yalnız 2 min manata sata bilər. Vətəndaş, deməli, 2 min manat ziyan edəcək.

    Nazirlik podratçıların adını niyə gizli saxlayır?

    “Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblının münasibətini öyrənib.

    Mətbuat katibi həmin qoyunların haradan, hansı qiymətə, hansı podratçı şirkət tərəfindən alınması haqda suallara konkret cavab verməyib. Bildirib ki, bu xərclər üçün dövlət büdcəsindən ƏƏSMN-nə 35 milyon manat ayrılıb. Deyib ki, işdə olmadığından həmin podratçı şirkətlərin adını deyə bilmir. Növbəti gün – dekabrın 20-də isə mətbuat katibi zənglərimizi cavabsız qoyub. Yeri gəlmişkən qeyd edək ki, həmin podratçı şirkətlərlə bağlı məlumatlara ümumdünya elektron torunda da məlumatlara rast gəlinmir. Niyə şəffaf olması vacib olan bir məsələdə bunca məxfiçilik var?

    Mətbuat katibinin adını konkret deməkdən yayındığı və dövlətin olduqca vacib layihəni gözdən salan hansı podratçı şirkətlərdir?

    İyunda “anadan” olan MMC-lər avqustda dövlətin 20 milyon manatına necə sahib çıxıb?

    Astna.biz saytı bu mövzuda araşdırma aparıb. Həmin araşdırmadan belə aydın olur ki, dövlətin pulu hesabına vətəndaşlara verilən qoyun və mal-qaranı podratçı – “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu təmin edir. Bu MMC-lər 2018-ci ilin iyulunda yaradılıb və həmin ilin avqustunda ƏƏSMN MMC-ləri podratçı olaraq seçib! Seçim aparılarkən hansı şərtlərin əsas götürüldüyü də ayrıca araşdırma mövzusudur.

    Proqramın məqsədi ilə reallıq arasında – qotur, dişsiz, qısır heyvanları alan kimlərdir?

    Dövlətin vətəndaşı ələbaxımlılıqdan çıxarmalı olan proqramı bəzi hallarda əks effekt verməsi – işsiz vətəndaşlara dişsiz, qotur, qısır, süd yanığı heyvanlar verilməsinə görədir. 1 aylıq MMC-lər vətəndaşları gələcəkdə borc bataqlığına atılmalarına zəmin yaradır. Proqramın məqsədi isə vətəndaşı ayağa qaldırmaq, öz biznesini qurmaq üçün ona dövlətin dəstəyini təqdim etməkdən ibarətdir. Belə bir halda 1 aylıq MMC-lərin hansı meyarlara əsasən ölkə başçısının təşəbbüsü ilə icrasına başladılan proqramda iştiraka buraxılmaları anlaşılan deyil.

    ƏƏSMN sorğuya cavabı isə belədir

    Astna.biz-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yolladığı sorğunun cavabını ixtisarla təqdim edirik;

    sitat:
    “ƏƏSMN 2016-cı ildən başlayaraq yoxsul ailələrin yardımdan asılılığını ortadan qaldırmaq üçün özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına başlayıb. Həmin il proqramın icrasına 6 milyon manat ayrılmışdı və ondan 8 minə yaxın insanın faydalanacağı elan olunmuşdu. Bu il özünəməşğulluq sisteminin genişləndirilməsinə büdcədən 35,6 milyon manat ayrılmışdı”.

    Dövlət satınalmaları registrində açıqlanmış məlumata görə, nazirliyin Dövlət Məşğulluq Xidməti özünəməşğulluq tədbirlərinin icrası üçün iyul və avqust aylarında ümumi dəyəri 30,3 milyon manat olan 3 müqavilə imzalayıb. Müqavilələr satınalma müsabiqəsi keçirilmədən birbaşa bağlanıb. Təəccüb doğuran odur ki, işlərin icrasına cəlb olunan iki lider şirkət “Az Nest” MMC və “Aqri Kon” MMC müqavilənin bağlanmasına 1-2 ay qalmış yaradılıb.

    Nazirlik şübhəli məqama aydınlıq gətirməkdən niyə yayınır?

    Nazirlik müqavilələrə dair informasiya sorğusuna cavabda bu şübhəli məqama aydınlıq gətirməyib.

    Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan vəsait isə belədir:

    - iş və xidmətlər, eləcə də istehsalat mallarının təqdim olunmasına görə “Az Nest” MMC və “SRS Consulting” şirkəti (ABŞ) konsorsiumuna 9 milyon 894 min 357,82 manat;

    - kənd təsərrüfatı malları ilə təminata görə “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumuna 19 milyon 225 min 246 manat.

    Nazirliyə ünvanlaşmış sorğuya digər sual-cavabları təqdim edirik:

    - “Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan «iş və xidmətlər, eləcə də istehsalat malları”, eləcə də “kənd təsərrüfatı malları” dedikdə konkret hallar üzrə nə nəzərdə tutulur?

    - Burada proqrama cəlb olunan insanların potensiallarına uyğun olaraq öz məşğulluqlarını qurmaq üçün seçdikləri iqtisadi fəaliyyət növləri üzrə işlər və xidmətlər, istehsalat malları nəzərdə tutulur. Kənd təsərrüfatı malları isə özünəməşğulluq proqramı çərçivəsində ayrı-ayrı kənd təsərrüfatı sahələri üzrə kiçik təsərrüfatlarını yaratmaq istəyən insanlar üçün nəzərdə tutulan mallardır. Buraya əsasən iri və xırda buynuzlu mal-qara, arıçılıq üçün arı ailələri və s. aiddir.

    -“Az Nest” MMC və “SRS Consulting” MMC konsorsiumu” və “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu”nun iştirakı ilə bağlanmış satınalma müqavilələri üzrə neçə ailənin özünəməşğulluğu təmin olunacaq?

    - Ümumilikdə, bu il proqram çərçivəsində 7 minədək şəxsin kiçik ailə biznesinin aktivləri (mal və materiallar) alınıb verilməklə dəstəklənməsi planlaşdırılıb. Proqrama cəlb olunmaq üçün müraciət edən və müvafiq potensialları olan şəxslər ilk növbədə biznesin təşkili üzrə zəruri bilik və bacarıqlara malik olmaları üçün onlar Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən kurslara cəlb edilir. Kursları bitirənlərdən biznes-planları uğurlu hesab edilənlərin aktivlərlə təminatı həyata keçirilir. Artıq 6,5 mindən çox şəxsin biznes planı qiymətləndirmə zamanı uğurlu hesab edilib və qiymətləndirmə prosesi davam etdirilir. Eyni zamanda bölgələrdəki proqram iştirakçılarının özünüməşğulluqlarını qurmaq üçün mal və materiallarla təmin edilməsi prosesi də gedir.

    Bu prosesə ilk növbədə Cəbrayıl və Füzuli rayonları üzrə proqram iştirakçılarına aktivlərin verilməsi ilə başlanılıb. Cəbrayılın Cocuq Mərcanlı kəndində 25 ailə kiçik təsərrüfatlarını qurmaq üçün mal-qara ilə təmin olunub. Hazırda digər bölgələrdə də aktivlərlə təminat həyata keçirilir.

    Proqrama cəlbetmə zamanı həssas qruplardan olan ailələrə üstünlük verilir. Məsələn, proqram iştirakçılarından 1000 nəfərdən çoxunu əlilliyi olan şəxslər, 1255 nəfərini məcburi köçkünlər, 158 nəfərini şəhid ailələrindən olanlar, 816 nəfərini ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 388 nəfərini sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, 65 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar və s. təşkil edir. Həmçinin proqramda iştirak edənlərdən 1026 nəfəri gənclərdir.

    Eyni zamanda, dövlət uşaq müəssisələrinin məzunları olan, valideyn himayəsindən məhrum gənclərin mənzillə təmin edildikləri “Məzun evi”ndən də gənclərin bu proqrama cəlb edilməsi təmin olunub.

    - Yuxarıda qeyd olunan 3 satınalmanın həyata keçirilməsi məqsədilə satınalma müsabiqəsi təşkil olunmuşdumu? Əgər birbaşa müqavilə üzrə satınalma proseduru təşkil olunubsa, konsorsium üzvləri eyni gündə, 2018-ci ilin iyun ayının 26-də yaradılmış “Aqri Kon” MMC və “Az Nest” MMC ilə müqavilələrin bağlanması necə izah oluna bilər? Onların özlərinin (yaxud aid olduqları şirkətlər qrupunun), yaxud konsorsiumların digər tərəfləri kimi biznes təcrübələri, o cümlədən müvafiq sahə üzrə bacarıqları mövcuddur?

    - Məşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması məqsədi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun 21-ci maddəsinin müddəaları nəzərə alınmaqla və həmin qanunun 17.3-cü maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu arasında 3 avqust 2018-ci il tarixli birbaşa müqavilələr bağlanıb.

    - İndiyədək özünəməşğulluq tədbirlərinə nazirlik tərəfindən Bakı şəhəri və ümumən regionlar üzrə neçə ailə cəlb olunub? Bu tədbirlərin icrasına nə qədər vəsait sərf olunub və ilkin nəticələr nədir?

    - Proqramın əhatə etdiyi şəxslərin sayı 1200-dən cari ildə 7 minədək artırılır. Proqrama cəlb olunan və aktivlərlə təmin edilmiş şəxslər uğurlu şəkildə öz kiçik ailə təsərrüfatlarını yaradaraq genişləndirməyə səy göstərirlər. Bu da proqramın icrası sahəsində ilkin nəticələrin müsbət olduğunu deməyə əsas verir. Əsas məqsəd aztəminatlı ailələrin, sosial cəhətdən həssas qrupların özünüməşğulluq proqramı vasitəsilə dövlət sosial yardım proqramından asılılığını aradan qaldırmaq, onların kiçik sahibkarlığa çıxışına imkan yaratmaqdır.

    Belə. Göründüyü kimi, kifayət qədər büdcə vəsaitlərinin sərf olunmasına rəğmən, özünəməşğulluq proqramının icrasına az sayda ailələr qoşula bilir. Onların kiçik biznesinin uğurlu olub-olmayacağını isə zaman göstərəcək.

    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR