İlham Əliyevin inqilabı – Rauf Arifoğlunun yazısı
Ölkədə yuxarıdan inqilab gedir. Buna ”Ağ inqilab” da deyə bilərik.
Bu inqilabın memarı Azərbaycan prezidenti İlham Əliyevdir.
Preses o qədər sürətlidir, həm də çoxları üçün o qədər gözlənilməzdir ki, ”əks-inqilabçılar” kimdir, hələlik bəlli deyil, orda-burda boy qaldırırlar, lakin opponentləri prezidentin sürətinə çata bilmirlər.
Prezident İlham Əliyevsə son 75 gündə bir prezidentlik müddətinə sığa biləcək inqilabi dəyişikliklər edib. ”Ağ İnqilab” belə olur! İqtisadi-sosial sferanı əhatə edən ard-arda verilən sosial fərman və sərəncamlardan sonra siyasi islahatlar istiqamətində çox ciddi addımlar atıldı.Görünən budur ki, bu addımlar daha da dərinləşəcək.
16 mart tarixində verilən əfv sərəncamı miqyaslı, ölkəni və siyasi səhnəni barışa, həmrəyliyə istiqamətləndirən mərhələ xarakterli bir addımdır. Bu hakimiyyətin ardıcıl tənqidçilərindən olan Əvəz Zeynallı yazır ki, prezident 55 nəfərlik siyasi məhbus siyahısından 52 nəfəri azad edib. Daha bir radikal tənqidçi, Meydan TV layihəsinin müəllifi Emin Milli isə prezident haqqında ciddi və hətta inanılmaz, təbriklər-təriflərlə dolu məqalə yazıb, ona inandığını bildirib, cəsarətinə görə alqışlayıb, ölkəsinə dönmək, ondan müsahibə almaq istədiyini söyləyib.
Sabiq spiker İsa Qəmbər bu fərmanı son illərin ən böyük siyasi əfvi adlandırıb. Əli Kərimli, Pənah Hüseyn, İqbal Ağazadə, digər müxalifət liderləri daxil, hər kəs bu fərmanı təqdir edən cümlələr işlədib. Doğrudur, müxalifət prosesin davamını istəyir, azdır deyir. Məndəki məlumata görə, əfv fərmanının davamı bu ilin may ayında olacaq və tamamlanacaq.
Əfv fərmanında Əli Kərimliyə münasibətdə ciddi jestlər sayıla bilən məqamlar var, adam bunu anlayacaqmı, yoxsa tərsdənmi gələcək, ilk reaksiyasından bəlli olmadı. 16-cı ilin aprel döyüşləri zamanı ilk iki gündə Əli Kərimli çox konstruktiv, pozitiv idi, lakin sonradan elə dəyişdi ki, onun çıxışlarını ermənilər manşetlərdən yaydılar. Arzu edirəm, bu dəfə belə olmasın. Üstəlik, prezidentin davranışlarının, islahat və inqilabi addımlarının ideologiyası əslində siyasi müxalifətə heç də yabançı deyil. Prezident İlham Əliyevin ən ciddi müttəfiqləri və onun addımlarına dəstək, əslində, indi siyasi səhnədə fəallaşmaqda olan müxalifətçilər olmalıdır. ”Çörəyi” demokratiyadan çıxan hər kəs İlham Əliyevə dəstək olmalı, onun islahatlarının davamlılığında, daha da dərinləşməsində maraqlı olmalıdırlar. Olmayacaqlarsa, deməli, onlar demokrat deyillər, açılım istəmirlər və ölkələrini, demokratiyanı yox, başqa şeyləri düşünürlər. Ya da yad maraqların daşıyıcılarıdırlar.
Çünki islahatların, İlham Əliyev inqilabının davam etməsi, böyüməsi həm də ölkədəki siyasi müxalifətdən asılıdır. Onlar bu bu prosedə əks-inqilabçı olsalar, imkan verməsələr, küçələrə çıxsalar, fürsətçilik edib mühitin demokratikləşməsindən 2005-ci ildə olduğu kimi, mövcud hakimiyyəti devirməyə çalışsalar, əlbəttə ki, hər şey tərsinə dəyişəcək…
Bu prosesin 14 il daha ləngiməsinin kökü də məhz 2005-ci ilə bağlıdır – bəzi müxalif qurupların parlament seçkiləri zamanı hakimiyyətdəki bir qrupla anlaşaraq, hakimiyyəti əla almaq cəhdinə…
Tarix təkrar olunur?
Bu gün 2005-dəki əks-inqilab cəhdinin əsas fiqurlarından biri və həbsxanada qalan sonuncusu əfvlə türmədən çıxdı… Çıxan kimi də mövqeyini ortaya qoydu. ”Böyük Amerika” dedi, ”Avropa” dedi, həbsdən çıxmasına görə onlara təşəkkürlərini bildirdi. Hesab edirəm ki, bu, bir kursdur, həm də, demək mümkünsə, bir anlaşma. Axı, həbsxanalar o qədər də qapalı yerlər deyil…
Əli İnsanov müxalifətə də iddia dolu reveranslar etdi. Müxalifətin ona qoşulmalı olduğunu ortaya atdı, özünü hakimiyyət almasını quyunun dibindən çıxardacaq Məlik Məhəmməd elan etdi.
Bir sözlə, əks-inqilabın başı özünü göstərdi.
Əminəm ki, cəmiyyətin və müxalifətin sağlam düşünən kəsimi bu kinli qocaya qoşulmayacaqlar. Müxalifətin tanınmış simalarından birindən Əli İnsanovun bu açıqlamalarına münasibətini soruşduqda, belə dedi – ”O, bizdən deyil. Onunla bizim müttəfiqliyimiz baş tutmaz. Əli İnsanov hər kəsdən daha mürtəce olduğunu nazir və YAP-ın rəhbərlərindən biri olanda ortaya qoyub. Bu adam mahiyyətini dəyişməyib. Ona görə də milli müxalifətin onunla anlaşa biləcəyini mümkün saymıram, mümkünsüzdür”.