AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kitabxanaçıları İKT sualları ilə işsiz qoydular – Attestasiya ətrafında narazılıq böyüyür

  • + A
  • - A
  • Bu gün, 15:01

    Kitabxanaçıları İKT sualları ilə işsiz qoydular – Attestasiya ətrafında narazılıq böyüyür

    Mədəniyyət Nazirliyinin kitabxana əməkdaşları arasında keçirdiyi attestasiya ciddi narazılığa səbəb olub. Attestasiyada iştirak edənlərin və ictimaiyyət nümayəndələrinin iddiasına görə, kitabxana işi üzrə uzun illər təcrübəsi olan əməkdaşlara peşə fəaliyyətindən daha çox informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə bağlı suallar ünvanlanıb. Nəticədə isə bu suallara cavab verə bilməyən yüzlərlə əməkdaş iş yerini itirib.

    Uzun illər kitabxana sahəsində çalışan insanlardan qəfil şəkildə İKT üzrə yüksək səviyyəli bilik tələb etmək nə peşəkar, nə də sosial baxımdan ədalətli yanaşmadır. Onların fikrincə, əgər attestasiya proqramına bu cür suallar daxil ediləcəkdisə, əvvəlcədən əməkdaşlar üçün ixtisasartırma kursları təşkil olunmalı, müasir texnologiyalar üzrə təlimlər keçirilməli və ya kitabxanalara İKT mütəxəssisləri cəlb edilməli idi.

    Bu insanlar illərlə aşağı əməkhaqqı ilə, bir çox hallarda internet və müasir texniki imkanlardan məhrum şəraitdə çalışaraq kitabxana işinə xidmət ediblər. Belə bir vəziyyətdə onları hazırlıqsız şəkildə yeni tələblərlə üz-üzə qoymaq sosial ədalət prinsiplərinə uyğun hesab edilmir.

    Məsələ ilə bağlı səslənən çağırışlardan biri də attestasiya nəticələrinin yenidən nəzərdən keçirilməsi və işdən uzaqlaşdırılan əməkdaşlara ikinci şans verilməsidir. Təklif olunur ki, əvvəlcə kitabxanaçılar müasir texnologiyalar üzrə kurslara cəlb edilsin, yalnız bundan sonra onların bilik və bacarıqları qiymətləndirilsin.

    Dövlət qurumlarında aparılan islahatların məqsədi vətəndaşı cəzalandırmaq deyil, onun peşə bacarıqlarını inkişaf etdirmək olmalıdır. Əks halda, uzun illər dövlətə xidmət etmiş insanların birdən-birə işsiz qalması həm sosial narazılığı artırır, həm də dövlət-vətəndaş münasibətlərində etimadı sarsıdır.

    Kitabxana sistemi cəmiyyətin intellektual inkişafına xidmət edən mühüm sahələrdən biridir. Bu sahədə islahatlar aparılarkən həm müasir tələblər, həm də illərini kitab işinə həsr etmiş insanların əməyinə hörmət prinsipi qorunmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR