Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinifə qəbulu üçün onlayn müsahibələrə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibəsi təxirə salınan uşaqların valideynlərinə (qanuni nümayəndələrinə) iyunun 1-dən etibarən şəxsi kabinetə daxil olub, onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılıb.
Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları iyun ayının 8-dən etibarən şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.
Müsahibələr (ənənəvi (canlı) və ya onlayn) bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə biləcəklər.
Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.
Ənənəvi (canlı) müsahibə üçün müraciət edən vətəndaşlara isə iyun ayı ərzində qeydiyyatdan keçdikləri mobil nömrəyə müsahibənin keçiriləcəyi tarix və yer haqqında bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında əksini tapacaq.
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarlarından irəli gələn tələblərə uyğun olaraq, valideynlərin onlayn müsahibələrə üstünlük verməsi tövsiyə edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.