AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Milli Qurtuluş Günü xalqımızın, Azərbaycan dövlətçiliyinin, sözün həqiqi mənasında, xilası tarixidir"

  • + A
  • - A
  • 14-06-2020, 16:40

    "Milli Qurtuluş Günü xalqımızın, Azərbaycan dövlətçiliyinin, sözün həqiqi mənasında, xilası tarixidir"

    Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin, sözün həqiqi mənasında, xilası tarixidir. Və bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Heydər Əliyevdir.

    AzadMedia.Az Trend-ə istinadən bildirir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi" sərlövhəli məqaləsində yer alıb.

    Spiker qeyd edir ki, 70 il mövcud olmuş sovet imperiyasının süqutu regionda da geosiyasi situasiyanın dəyişməsinə gətirib çıxarmış, keçmiş ittifaqın tərkibində olmuş respublikalar öz müstəqilliyinə qovuşmuşdur. Bu mərhələdə Azərbaycan Respublikasının qarşısında duran ən strateji vəzifə formal olan müstəqilliyinin əsaslarını möhkəmlətmək və suveren dövlət kimi mövcudluğunu qorumaq idi. "Lakin həmin dövrdə bu ali vəzifəyə nail olmaq mümkün olmadı və 1993-cü ilə qədər Azərbaycanın dövlət müstəqilliyi şərti xarakter daşıyırdı. 1993-cü ilin iyun ayına qədər ölkəmizdə bir-birini əvəzləyən bacarıqsız siyasi hakimiyyətlərin səriştəsiz idarəçiliyi ucbatından xalqımızın müstəqillik idealları və arzuları pərvəriş tapmamış, Azərbaycan yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: "Həmin dövrdə mövcud olan xaos, anarxiya, talançılıq, özbaşınalıq, qanunsuz silahlı dəstələrin yol verdikləri cinayətkar əməllər, Azərbaycanın xarici kəşfiyyat orqanlarının siyasi-ideoloji qarşıdurma poliqonuna çevrilməsi, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması dövlət müstəqilliyinin taleyini sual altında qoymuşdu. Total iqtisadi böhran getdikcə dərinləşir, dövlətin sütunları sarsılırdı. Digər yandan da Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti genişlənirdi".

    Məqalədə qeyd olunur ki, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin möhkəm iradəsi, idarəçilik məharəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan dövlətçiliyinin məhv olması, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı, ictimai-siyasi sabitlik təmin olundu: "15 iyunun bizim üçün müstəsna əhəmiyyəti həm də onunla əlaqədardır ki, möhtəşəm qurtuluş tarixi məhz Milli Məclisdə yazılmağa başlanmışdır. Ulu Öndərin parlamentə rəhbərlik etməsi Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsini təşkil edir. O vaxta qədər siyasi çaxnaşmaların, marginal qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən olunduğu strateji bir mərkəzə, ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrildi. Parlamentin ictimai nüfuzu yüksəldi və effektiv qanunvericilik fəaliyyəti həyata keçirildi, mühüm qanunlar qəbul olundu".

    Milli Məclisin Sədrinin məqaləsində qeyd olunur ki, Heydər Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı çox düzgün strateji seçimlər edərək ölkəmizin demokratiya yolu ilə gedəcəyini bəyan etdi və müasir, demokratik ölkə kimi inkişaf paradiqmalarını müəyyənləşdirdi. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlara başlandı, dövlətçiliyin əsasları yaradıldı. Ulu Öndər hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün möhkəm zəmin yaratdı, zəruri hüquqi təsisatlar və qanunvericilik bazası formalaşdırdı. Onun birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası işlənib hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bundan sonra isə müstəqil ölkənin iqtisadi əsaslarını gücləndirmək, dövlətin iqtisadi qüdrətini artırmaq üçün ciddi islahatlara, liberal iqtisadiyyata transformasiya prosesinə başlanıldı: "Bu mərhələdə Azərbaycanın xarici siyasəti tamamilə yeni keyfiyyətdə quruldu, həyata keçirilən praqmatik siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmlə münasibətləri genişləndi və müstəqilliyimizin ilk illərində mövcud olan beynəlxalq təcrid aradan qaldırıldı. Müasir, güclü ordu quruculuğu işində mühüm addımlar atıldı, uğurlu Horadiz əməliyyatı keçirildi və torpaqlarımızın bir hissəsi işğalçılardan azad edildi. 1994-cü ildə ölkəmizin iqtisadi inkişafında müstəsna rolu olan və Azərbaycanın şaxələndirilmiş enerji siyasətinin bazisini təşkil edən, Heydər Əliyevin xalqımız, bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətlərindən biri kimi qiymətləndirilən "Əsrin müqaviləsi" imzalandı. Heç şübhəsiz ki, bunu yalnız Heydər Əliyev kimi güclü iradəyə, böyük dövlətçilik bacarığına və xalqın sonsuz dəstəyinə malik fenomen şəxsiyyət, qüdrətli lider bacara bilərdi".

    Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə görülən bu və digər tədbirlər nəticəsində ölkə qarşısında duran vəzifələrin uğurla icra edildiyini xatırladan Spiker qeyd edib ki, Ulu Öndər Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran burulğanından çıxarmağa, Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasına nail oldu. Ölkəmizin bugünkü yüksək inkişafı və tərəqqisi Heydər Əliyev ideyalarından güc alır, qurtuluş məfkurəsinə istinad edir.

    Daha sonra qeyd edilir ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı uğurlu inkişaf etdirəcək, ölkəmizi dünya dövlətləri sırasında layiqli zirvələrə daşıyacaq və ötən illərdə başlanılmış böyük layihələri, genişmiqyaslı islahatları müvəffəqiyyətlə həyata keçirəcək uğurlu lideri yetişdirmək olmuşdur: "2003-cü ildə Ulu Öndər Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - tarixi xitabına Azərbaycan xalqının heç bir tərəddüd etmədən dəstək verməsi həm də qurtuluşdan başlanan möhtəşəm zəfər yolunun uğurla davam etdirilməsi anlamına gəlirdi".

    Spiker Sahibə Qafarova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli inkişaf strategiyasının onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla, inamla həyata keçirilməsi nəticəsində Azərbaycan bir çox dövlətlərin onilliklər ərzində əldə edə bilmədikləri nailiyyətlərə qısa müddətdə imza atıb. Gənc Azərbaycan dövlətinin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi, uzaqgörənliyi sayəsində mümkün olub. Azərbaycanın əldə etdiyi genişmiqyaslı nailiyyətlər dövlət başçısının qətiyyətli, yaradıcı və milli maraqlara söykənən fəaliyyətinin nəticəsidir. Prezident İlham Əliyevin milli maraqlara, dövrün trendləri və reallıqlarına uyğun davam etdirdiyi strateji kurs növbəti tarixi mərhələdə də Azərbaycanın öz inkişafını, beynəlxalq münasibətlər sistemində uğurlu təmsilçiliyini davam etdirəcəyinə əminlik yaradır.

    2003-cü ildən bu günədək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs nəticəsində əldə olunmuş nailiyyətlərin də geniş təhlil olunduğu məqalədə daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın ölkəmizin bugünkü genişmiqyaslı uğurlarında roluna da diqqət çəkilir. Qeyd olunur ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir: "Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti hörmətli Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Hörmətli Mehriban xanım Əliyevanın sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Liderin zəngin dövlətçilik irsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması işində də uğurla fəaliyyət göstərir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR