Dağıstan sərhədində düşərgədə məskunlaşan və Vətənə qayıtmağı gözləyən azərbaycanlılarla yerli polis qüvvələri arasında qarşıdurmada 11 nəfər xəsarət alıb.
AzadMedia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Dağıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Ötən gecə baş verən konflikt nəticəsində 6 polis əməkdaşı xəsarət alıb, bir polis xəstəxanaya yerləşdirilib. Həmçinin beş azərbaycanlı xəstəxanaya müraciət edərək tibbi yardım qəbul edib. İnsident zamanı Daxili İşlər Nazirliyinin (Dağıstan) 3 texnikası, Sərhəd Xidmətinin 2 avtomaşını və bir mülki avtomobil zərər görüb”, - deyə bildirilib.
Açıqlamada insidentin anlaşılmazlıq səbəbindən yarandığı da qeyd edilib:
“İnsident yalan informasiyadan qaynaqlanıb. Belə ki, Azərbaycana keçmək üçün siyahının ədalətsizcəsinə tərtib edildiyi haqda yalan yayılıb (Qeyd edək ki, soydaşlarımız Azərbaycana keçmək üçün adlarını siyahıya Dağıstan sərhədçilərinin rüşvət müqabilində saldıqlarını iddia ediblər – red.). Narazılıqlar səbəbindən həyəcan siqnalı verilib və yaxındakı bölmələrdən yardım istənilib. Hazırda vəziyyət stabildir”.
Həmçinin bildirilib ki, Azərbaycan vətəndaşlarından 90 nəfər saxlanılaraq, polis bölməsinə aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.