AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZAL Naxçıvana müntəzəm reysləri bərpa edir – VİDEO

  • + A
  • - A
  • 18-06-2020, 17:00

    AZAL Naxçıvana müntəzəm reysləri bərpa edir – VİDEO


    COVID-19 koronavirus pandemiyasının başlandığı müddətdən ilk dəfə olaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) 18 iyun tarixindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reysləri bərpa edir.

    AZAL-dan verilən məlumata görə, qeyd edilən reyslərə 2-ci Terminalda xidmət göstərilir.

    Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) üçün müayinədən keçən və mənfi nəticə əldə edən sərnişinlər buraxılır. Müayinə uçuşdan ən gec 48 saat əvvəl aparılmalıdır.

    Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar, sərnişinləri yola salan vətəndaşların aerovağzal ərazisində toplaşması qadağandır.

    Reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək. Aviabiletin dəyərinə 23 kq çəkidə baqaj daxildir. Kişi portfeli və ya qadın çantası istisna olmaqla, əl yükü, o cümlədən “Duty free” mağazalarından alınan əşyaların daşınması qadağandır.

    Cari şərtlərə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı reyslərinə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim olunmuş sərnişinlərin siyahısına əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağırış mərkəzi sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edir.

    Reyslərdə yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, AZAL ilk növbədə təcili uçuşa ehtiyacı olan sərnişinlərin aviabilet almaq üçün müraciət etmələrini tövsiyə edir.

    Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən uçuşlarda həm uçuş və çıxış hava limanında, həm də hava gəmisində xüsusi qaydalar tətbiq ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR