Düşmən gözü çıxaran birgə təlimlər: NATO yox, Turan ordusu... - TƏHLİL
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimlərinin avqustun 10-dək keçiriləcəyi bildirilsə də, Müdafiə Nazirliyinin rəsmi məlumatında təlimlərin birinci mərhələsinin yekunlasmasından söhbət gedir. Əslində Azərbaycan ictimaiyyəti təlimlərin tez bitməsini gözləmir, hətta Türkiyə ordu bölmələrinin və döyüş texnikalarının ölkəmizdə qalmasını çox arzulayır.
Çünki artıq heç kəsə sirr deyil ki, himayədarlarının arxasında gizlənib Azərbaycan ərazilərinə iddia edən işğalçı Ermənistan Türkiyə ordusunun bölgəmizə gəlişindən və İrəvanın 56 km-liyində hərbi təlimlər keçirməsindən sonra Ankara-Bakı hərbi müttəfiqliyinin ciddiliyini anlamağa başlayıb. Artıq düşmənin “kürkünə birə düşüb” və Turan ordusunun yaradıldığı barədə vaxtaşırı materiallar dərc etməklə özlərinə dəstək axtarışına çıxıblar. Ancaq düşmənin nə söyləməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyə qardaşlığı öz sözünü deməkdədir. Elə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bu statusda ilk səfərini Türkiyəyə etməsi də Bakı-Ankara qardaşlığının əbədi olmasına növbəti sübutdur. Hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri çox mühüm mesajlar veriblər.
Ceyhun Bayramov deyib ki, Azərbaycan həmişə Türkiyənin haqq işini dəstəkləyir və türk xalqının yanındadır.
Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməlidir. “Türkiyə ilə münasibətlərin genişlənməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətidir. Bu münasibətlərin inkişafında iki ölkə rəhbərinin şəxsi dostluq münasibətləri, aralarındakı səfərlər xüsusi önəm kəsb edir. Bu gün hərtərəfli dinamik inkişafın müzakirəsi aparıldı. Çoxsaylı enerji və nəqliyyat məsələləri müzakirə edilib”, - nazir deyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumunu xatırladaraq deyib ki, Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq".
Göründüyü kimi, hər iki qardaş ölkənin XİN rəhbərləri dövlətlərarası əlaqələrin daha da inkişafında, ortaq maraqların və təhlükəsizliyin təmin olunmasında israrlıdırlar və ortaya konkret iradə qoyulub. Azərbaycanda əksər insanlar bu qənaətdədirlər ki, Türkiyə və Azərbaycan ordusu 102 il əvvəlki Qarabağ zəfərini təkfrarlamalıdır. Ermənistanın öhdəsindən gəlmək Azərbaycan ordusu üçün elə də çətin məsələ deyil, amma Türkiyə prezidenti demişkən, son baş verənlər göstərdi ki, bunlar Ermənistanın boyunu aşan məsələlərdir. O halda Bakı və Ankaranın bir yerdə olmasına əşhədü-ehtiyac yaranır.
Ancaq hansı şəkildə? Azərbaycan və Türkiyə silahlı qüvvələri hansı çətir altında bir araya gələ bilər, bu, Turan ordusunda mümkündür, yoxsa NATO-ya inteqrasiya halında? İllərdir ki, Türkiyə və Azərbaycanın konfederasiyada birləşməsi təklifi də vaxtaşırı gündəmə gətirilir. Necə ki, Belarus-Rusiya ittifaqı, yaxud Ermənistan-Rusiya hərbi birləşmələri mövcuddur, nədən Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi, yaxud iki dövlətin konfederasiyada birliyi mümkün olmasın? Qeyd edək ki, artıq beynəlxalq ictimai rəy Azərbaycan və Türkiyənin bu istiqamətdə irəliyə addım atacağına şübhə etmir və ictimai rəy buna hazırdır. Düşmənin gözünü çıxaran, dostları isə qürurlandıram ötən 13 günlük hərbi təlimlərin sonucunda hansı qərar verilə, addımlar atlıla bilər? Ümumən geridə qalan təlimləri necə dəyərləndirmək olar? Ekspertlərimizdən maraqlı cavablar var.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, iyulun 29-dan start götürən və davam edən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri tarixə düşəcək: “Hər mənada bu təlimlər həm iki ölkədə, həm də ölkələrimizdən kənarda böyük ajiotaja və səs-küyə səbəb oldu. Əslində bunun belə olması çox yaxşı oldu. İki qardaş ölkələrin Silahlı Qüvvələri bu dəfə də Quru Qoşunları bölmələri və HHQ-nin aviasiya və döyüş helikopterləri ilə çox mürəkkəb döyüş elementlərini həm nəzəri, həm də praktiki şəkildə yerinə yetirdilər. Bu təlimlərin ən önəmli məqamlarından biri Quru Qoşunlarının bölmələrinin indiyə kimi sınaqdan keçirtmədikləri mürəkkəb taktiki elementləri məşq etmələri oldu. Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetirdilər. Əlbəttə ki, bu, ordumuzun həm təkbaşına, həm də lazım olan anda qardaş Türkiyə ordusu ilə bərabər sabah verilə biləcək hər hansı döyüş tapşırığının yerinə yetirilməsi elementlərini sınaqdan keçirilməsi üçün yaxşı fürsət oldu. Bu təlimlərin bir vacib elementi də iki qardaş ölkənin ordularının bir vahid komandanlıq altında bundan sonrakı təlim və real döyüş əməliyyatları zamanı istifadə olunması məqsədinə xidmət edəcək qərarların tez bir zamanda hüquqi bazasının yaradılmasıdır ki, bu istiqamətdə təcili addımlar atılmalıdır”. Ü.Cəfərov hesab edir ki, vaxt itkisi yolverilməzdir: “Baxın, qardaş Türkiyə ordusu qısa bir zamanda Nigerdə hərbi baza yaradacağını artıq bəyan etdi və bu istiqamətdə konkret addımlar da atılır. Biz də eyni şəkildə vaxt itirmədən bunu reallaşdırmalıyıq. Yəni Türkiyə ilə Azərbaycan arasında daimi əsaslarla orduların fəaliyyət göstərməsi və lazımı anda istifadəsi işləri beynəlxalq hüquqa söykənən prinsiplər əsasında möhkəmləndirilməlidir. Bunun üçün hər cür imkanlar mövcuddur və yalnız qətiyyətli qərarlar qəbul olunmalı və bunu birdəfəlik həll etməyimiz lazımdır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qəzetimizə dedi ki, Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlərin indiki gedişində də müttəfiqlər arasındakı əməkdaşlığın yeni konturlarının müzakirəsi davam edir: “Bu, təbiidir. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək istəyir və bu zaman Türkiyənin siyasi və hərbi dəstəyinə ehtiyac duyur. Əlbəttə, Azərbaycan ordusu qarşısına qoyduğu hədəflərə çatmaq iqtidarındadır. Ancaq Ermənistanın arxasında müxtəlif güclər var və həmin güclər Azərbaycanın hədəfinə çatmasını istəmirlər. Azərbaycanın həmin güclərlə mübarizədə Türkiyənin hərtərəfli dəstəyinə ehtiyacı var. Cəmiyyətimizdə Türkiyə ilə bağlı iki təklif gündəmdədir. Birinci təklif bundan ibarətdir ki, Türkiyənin Azərbaycanda hərbi bazaları olmalıdır. Bu, Azərbaycan üçün niyə vacibdir? 1990-cı illərin əvvəllərində torpaqlarımızı işğaldan azad etmək, gözlənilməz hücumların qarşısını almaq istəyəndə, müxtəlif güclər, ayrı-ayrı siyasi mərkəzlər, şimallı cənublu fərqli dövlətlər Azərbaycana problemlər yaratdılar. Hətta daxildə xaricdən idarə olunan çox ciddi təxribatların şahidi olduq. Biz nəinki döyüşlər zamanı əldə etdiyimiz torpaqları itirdik, düşmən daha çox ərazilərimizi işğal etdi. Bu acı təcrübədən çıxış edərək Türkiyənin Azərbaycanda hərbi bazalarının olmasını vacib hesab edirəm. Məsələn, Naxçıvan kimi strateji ərazimizdə qardaş ölkənin hərbi bazası olmalıdır ki, düşmən burada nə vaxtsa bizə problemlər yaratmağı ağlına gətirməsin. Abşeronda isə Türkiyənin hərbi hava qüvvələrinin bazası olmalıdır və türklərin müasir təyyarələri burada yerləşdirilməlidir”.
E.Şahinoğlu qeyd etdi ki, Türkiyənin hərbi bazaları Azərbaycanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış edəcək: “Necə ki, hazırda işğalçı ölkə olan Ermənistanda düşünürlər ki, Rusiyanın məlum hərbi bazaları onlara təhlükəsizlik üçün təminat verir, eynilə Türkiyənin də Azərbaycanda hərbi varlığı bizim təhlükəsizliyimizin qarantı rolunu oynayacaq. Bu, o demək deyil ki, türk ordusu Azərbaycanda yerləşməklə problemlərimizi bizim əvəzimizə həll etməlidir. Qətiyyən belə anlaşılmamalıdır. Ordumuz ilbəil öz gücünü xeyli artırır. Bunu ayrı-ayrı beynəlxalq hərbi araşdırma mərkəzlərinin hesabatlarında da görmüşük, keçirdiyimiz hərbi əməliyyatlar və təlimlərdə də bunun şahidi olmuşuq. Sadəcə olaraq dəstək lazımdır ki, sabah ərazilərimizi azad etməyə qalxanda, bütün gücümüzü ön cəbhəyə sərf edəndə ən azından arxa cəbhədəki təhlükəsizliyimizdən arxayın olaq. Əmin olmalıyıq ki, çətin günlərdə kimsə bizə 1990-cı illərdə olduğu kimi, arxadan zərbə vurmayacaq. Belə olan təqdirdə həqiqətən də biz Qarabağ istiqamətində işimizi rahat və effektiv görə biləcəyik”.
“Atlas” rəhbəri də qeyd etdi ki, Türkiyə ilə bağlı aparılan ikinci müzakirə mövzusu konfederasiyadır: “Bu mövzunun müzakirəsini də təbii sayıram. Bəziləri fikirləşir ki, Türkiyə ilə konfederativ əsasda birləşsək, bu, Azərbaycanın müstəqilliyinin itirilməsinə səbəb olacaq. Müstəqilliyimizə təhlükələr başqa istiqamətlərdəndir. Bəzən belə bir sual ağlıma gəlir ki, Atatürk Türkiyədə Cumhuriyyəti bir neçə il tez formalaşdırıb Azərbaycan Cumhuriyyəti ilə konfederasiya yaratsaydı, Rusiya məmləkətimizi işğal edə bilərdimi? Aydındır ki, Atatürkün o illərdə rus bolşevikləri ilə əlaqəsi var idi, onlardan silah alırdı və Azərbaycan Cumhuriyyətini işğaldan qorumaq çətin idi. Ancaq kommunistlərdən xoşu gəlməyən Atatürkün Azərbaycanın rus bolşevikləri tərəfindən işğalı ilə daxilən barışdığını söyləmək çətindir, əks halda o, ”Cumhuriyyəti bizdən əvvəl Azərbaycanda qurdular" ifadəsini işlətməzdi. Türkiyə ilə konfederativ əsasda birləşmək istəsək, sazişdə hər iki tərəfin hüquq və məsuliyyətləri müəyyənləşəcək, bu, o deməkdir ki, müstəqilliyimiz əsas tutulacaq".
NATO-ya inteqrasiya məsələsinə gəldikdə, politoloq bunları söylədi: “Gürcüstan NATO və Avropa İttifaqının üzvü olmaq istəyir. Gürcüstan bu yolla müstəqilliyini qorumaq və təhlükəsizliyini təminat altına almaq istəyir. Azərbaycanın NATO üzvü olması müxtəlif səbəblərdən problematikdir. Ancaq Azərbaycanın da təhlükəsizliyini əbədi təminat altına almaq istəyi var. Azərbaycan Türkiyə ilə konfederativ əsasda birləşməklə təhlükəsizliyinə ömürlük təminat almış olacaq. Buna baxmayaraq, xarici siyasətdə fərqli çalarlar mümkündür. Məsələn, Türkiyənin İsraillə münasibətləri soyuqdur, Azərbaycanınki isə yaxşıdır. Konfederativ əsasda birləşmə o demək olmamalıdır ki, Azərbaycan da Türkiyə kimi, İsraillə münasibətlərinə yenidən baxmalıdır. Əksinə, Türkiyənin Azərbaycanın yaxşı münasibətldə olduğu dövlətlərlə Bakı üzərindən dialoq imkanı yaranacaq və əksinə. Əlbəttə, konfederasiya mövzusu uzun müzakirələrin predmetidir. Bütün müsbət və mənfi tərəfləri öyrənilməlidir. Ancaq hərbi baza məsələsini uzatmaq olmaz”.
Ekspertlərimiz də ictimai rəyin qənaətini bölüşür. Heç şübhəsiz hökumətlər də “Bir millət”in rəyinə sayğılı və həssasdırlar. İnanaq ki, siyasi iradə xalqın səsini nəzərə alacaq, necə ki, 14 iyulda orduya dəstək məqsədilə küçələrə çıxan Azərbaycan xalqı əmr gözlədiyini bir nəfər kimi bəyan etdi və ölkənin birinci şəxsi də buna görə vətəndaşa təşəkkürünü bildirdi. İndilikdə nəzərlər Bakı və Ankaraya dikilib. Türkiyə ordusu ilə birgə addımlamağımız gücümüzü qat-qat artıracaq, bəlkə heç o zaman torpaqlarımızın azadlığı üçün böyük savaşada ehtiyac qalmayacaq...
“Yeni Müsavat”