Hazırda respublikamız pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır desək, yanılmarıq. Çünki qısa müddətdə modul tipli yeni xəstəxanaların tikilib istifadəyə verilməsi, onların ən müasir tibbi avadanlıqlarla və xüsusi hazırlıq keçmiş ixtisaslı tibbi heyətlə təmin olunması buna sübutdur. Demək olar ki, ölkəmizdə səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı ilə bağlı bütün məsələlər uğurla həll edilib.
Bu fikirləri
Azadmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə söyləyib.
Deputat diqqətə çatdırıb ki, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz bu çətin vəziyyətdən az itkilərlə çıxmaqdadır. Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycan dünyada COVID-19 pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdən biri kimi tanınır.
Cənab Prezident koronavirus infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti altında qlobal pandemiya ilə mübarizədə vaxtında qabaqlayıcı və kompleks tədbirlər görülüb. Ölkənin bütün resursları vətəndaşların sağlamlığının qorunmasına səfərbər edilib. Şükürlər olsun ki, görülən qabaqlayıcı tədbirlər və tətbiq olunan qadağalar öz müsbət nəticəsini verib və verməkdədir.
Ə.Salahzadə sonda bildirib ki, vətəndaşlarımız bu çətin vəziyyətdə məsuliyyətli olmalı, həm özlərinin, həm də yaxınlarının sağlamlığını qorumalıdırlar. Prezident İlham Əliyev bu yaxında FHN-nin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirakı zamanı bu barədə xüsusi danışdı, bərabərliyin, ədalətin və qanunun aliliyinin əsas prinsiplərdən olduğunu deyən dövlətimizin başçısı bildirdi: “Mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.
Deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bu çətin imtahandan uğurla çıxacağına əminliyinin ifadə edərək bildirib ki, vətəndaşlarımızın məsuliyyətli davranışı sayəsində həyatımızın çox yaxında normal axara düşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.