Pandemiyanın yayılması bir çox biznes və fəaliyyət növləri kimi ölkədə avtomobil alqı-satqısı proseslərini də təsirsiz buraxmadı. Həyata keçirilən karantin tədbirləri çərçivəsində təkrar avtomobil bazarının fəaliyyəti dayandırıldı. Ölkəyə giriş-çıxışa tətbiq edilən məhdudiyyətlər xaricdən avtomobil gətirilməsində də özünü büruzə verdi. Bəs bütün bu proseslərin fonunda ölkənin avtomobil bazarının hazırkı mənzərəsi necə görünür?
Nəzərə alaq ki, avtomobil bazarının bağlanması maşın alverçilərini alqı-satqı saytlarına üz tutmağa vadar edib. “Report” olaraq ölkədəki alqı-satqı saytlarının birində bəzi avtomobil modellərinin qiymətləri ilə tanış olmuşuq. Məlum olub ki, alqı-satqı saytında 2000-ci il istehsalı olan “Mercedes C 240” modelinin qiyməti 9 000-12 200 manatdır. 2012-ci il istehsalı olan “Hundai Elantra” modelinin qiyməti 16 300-19 200 manat, “Chevrolet Cruze” avtomobilinin qiyməti 10 500-13 500 manat, “Ford Fusion” avtomobilinin qiyməti 16 200 – 21 500 manat, “Kia Rio” avtomobilinin qiyməti 9 000-17 500 manat, “Toyota Prius” avtomobilinin qiyməti isə 16 800-22 600 manat arasında dəyişir.
Avtomobil bazarının ümumi vəziyyətinə gəlincə isə, nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Report”a verdiyi açıqlamada bazarda vəziyyətin ürəkaçan olmadığını qeyd edib:
“Azərbaycanın ikinci əl avtomobil bazarında vəziyyət ürəkaçan deyil. Ötən il ərzində və 2020-ci ilin əvvəlində ölkəyə gətirilən avtomobillərin bir çoxu satılmayıb və sahibkarlar böyük zərər çəkib. Yeni avtomobil bazarında vəziyyət bir qədər dirçəlməyə doğru getsə də, ikinci əl avtomobil bazarında vəziyyət yaxşı deyil. Bunun da əsas səbəbi pandemiyanın yayılması və karantin qaydalarının tətbiqidir.
Yayın əvvəlində təkrar avtomobil bazarında qiymətlərin təxminən 20% enməsini müşahidə etdik. Hazırda bu bazarda qiymətlər stabilləşib. Qiymətlərdə nə kəskin enmə, nə də kəskin artım var”.
Ekspert ekoloji təmiz avtomobillərdən də danışıb:
“Təkrar avtomobil bazarındakı durğunluğa baxmayaraq ölkəmizə hər gün ABŞ-dan, Avropa ölkələrindən, Yaponiyadan, Rusiyadan maşınlar gətirilir. İkinci əl avtomobillərin sırasında ekoloji təmiz maşınların sayının artdığını görürük. Düzdür, bunların əksəriyyəti istismar müddəti 10 ildən artıq olan avtomobillərdir. Lakin yaxşı haldır ki, vətəndaşlarımız artıq ekoloji təmiz, yəni hibrid avtomobillərə üstünlük verirlər. Ölkəmizə elektromobillər də gətirilir, lakin sayları olduqca azdır. Elektromobil və hibrid avtomobillərin ölkəyə gətirilməsinə görə tətbiq edilən gömrük rüsumlarına güzəşt edilsə idi, vətəndaşlarımız onları daha çox alardılar. Hazırda bütün dünyada ekoloji təmiz avtomobillərə üstünlük verilir. Dünya ölkələrində elektromobillərin satışı və istehsalı artıb. Təəssüf ki, Azərbaycanda elektromobillər üçün lazımi şərait yaradılmayıb. Burda ƏDV-dən azadolma və avtomobilin satışı zamanı müəyyən güzəştlərin edilməsini nəzərdə tuturam. Eyni zamanda, elektromobillər üçün şəhərdə infrastruktur yaradılmayıb”.
Paytaxtda avtomobil alqı-satqısı ilə məşğul olan Dəyanət Şirəliyev isə satış qiymətlərinin xeyli baha olduğunu qeyd edib:
“7-8 aydır ki, avtomobil bazarı bağlıdır. Alqı-satqı saytlarına elan yerləşdiririk, amma zəng edən olmur. Hazırda məndə “Mercedes C-class” avtomobili var ki, 7 aydır sata bilmirəm. Həmin maşını dəyərindən 2 min manat aşağı qiymətə alqı-satqı saytına yerləşdirmişəm. Lakin alan yoxdur. Avtombillərin qiymətləri olduqca bahadır. Heç kim ucuz maşın satmır. Mart ayında qiymətlər hansı səviyyəyə yüksəlmişdisə, indi də o səviyyədədir. 1994-cu ilin “Mercedes C-class” avtomobilini 8 500-9 000 manata satışa qoyurlar. 1999-cu ilin “Mitsubishi Pajero İO” avtomobilinin qiyməti isə 7-8 min manatdır. Hətta “Vaz 2107” avtomobilini 7 min manatdan yuxarı qiymətə satışa çıxarırlar.
Hibrid avtomobillərdə satılmır. Rusiya istehsalı olan maşınların da satışı dayanıb. Onların içində nisbətən “Niva” markalı avtomobillərə tələbat var. Fransa istehsalı olan avtomobillərin bazarı tamamilə dayanıb. Ümumilikdə nisbətən “Mercedes”, “Hundai”, “Kia” modellərinə tələbat var”.
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı isə yerli avtomobil istehsalını təşviq etməyin önəmini vurğulayıb:
“Bir neçə il əvvəl dünyanın aparıcı avtomobil şirkətləri Azərbaycanda bazalarını yaratmaq istəyirdilər. Lakin bu mümkün olmadı və həmin şirkətlər digər ölkələrə, o cümlədən qonşu Gürcüstana üz tutdu. Məsələn, “Daewoo” şirkəti Azərbaycanda belə bir addım atmağı planlayırdı. Təəssüf ki, bu alınmadı. Həmin xarici modellər bizdə istehsal olunsa idi çox yaxşı olardı. Azərbaycanda maşınqayırma sahəsinə böyük diqqət yetirmək lazımdır ki, biz həm də başqa ölkələrə avtomobil sata bilək. Bu gün bizdə avtomobil bazarını alverçilər tənzimləyir. Onlar da istədikləri vaxt qiyməti qaldırıb-endirirlər. Bir avtomobili xeyli aşağı qiymətə alıb, üzərində azacıq kosmetik işlər aparıb baha qiymətə satırlar. Dövlətə isə heç bir vergi vermirlər. Nəticədə qazanan yalnız onlar olur. Avtomobil alverçilərini vergiyə cəlb etmək lazımdır. Avtomobil satışı ilə bağlı prosedurlar elə formada aparılmalıdır ki, insanlar aldanmasın.
Bizdə “NAZ-Lifan” avtomobillərinin istehsalına başlanılmışdı. Lakin bu avtomobillər özünü doğrultmadı. Gəncə avtomobil zavodu uzun illərdir fəaliyyət göstərsə də, bu zavodda istehsal edilən avtomobillər əsasən əlillər üçün nəzərdə tutulub və geniş kütləni əhatə etmir. Əsas funksiyanı yerinə yetirən Neftçala avtomobil zavodudur. Bu zavodda istehsal olunan “Xəzər” avtomobillərinin görünüşü yaxşıdır. İnsanlar da bu maşınlara maraq göstərir və müəyyən qədər alıcı kütləsi də var. 15-17 min manata mexaniki və ya avtomat sürət qutulu “Xəzər” avtmobili əldə etmək mümkündür. Amma Neftçala avtomobil zavodu hələ reklam kampaniyası aparmayıb. “NAZ-Lifan” avtomobillərinin də reklam kampaniyası aparılmadığından çöküş yaşadı. Neftçala avtomobil zavoduna gələcəkdə geniş istehsalla bağlı böyük ümidlər bəslənilir”.
E.Muradlının sözlərinə görə hazırda avtomobillərin qiymətində cüzi azalma var:
“Azərbaycana son illər gətirilən maşınların sayı çoxalıb. Pandemiya dövründə bu sayın azalmaqdansa, artmağını müşahidə etdik. Amma bu maşınların çoxu vurulmuş və keyfiyyətsiz avtomobillər olur. Gömrük rüsumlarını ən azı 2017-ci ildəki səviyyə qaytarmaq vəziyyəti bir qədər düzəldə bilər. İnsanlar köhnə maşınlara möhtac vəziyyətdə qalıb. Qiymətlər isə pandemiya ilə əlaqədar bir qədər enib. İlin əvvəlinə 20 min manata olan maşını bu gün 18 min manata almaq mümkündür”.