AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏ TƏDBİRLƏRİNİ YALNIZ ÖZ İQTİSADİ İMKANLARI ÇƏRÇİVƏSİNDƏ REALLAŞDIRIB
İqbal Məmmədov
millət vəkili
İlin əvvəlindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji çağırışlar müəyyənləşdirib.
Bu səbəbdən dövlət başçısı, cənab İlham Əliyevin bu gün reallaşdırdığı iqtisadi islahatlar postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını təmin edir.
Hazırkı əlverişsiz qlobal mühitdə əsas məqsəd isə son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan verməmək və postpandemiya dövründə iqtisadiyyatın artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlər yaratmaqdır.
Təbii ki, dünya iqtisadiyyatını son 8 ayda iflic duruma salan qlobal böhran bütün ölkələrin iqtisadi durumuna mənfi təsirlərini bu gün də göstərməkdədir. Ancaq etiraf etməliyik ki, böyük dövlətlərin iqtisadiyyatındakı tənəzzül 20-31 faiz həddinə yüksəldiyi halda, Azərbaycanda bu rəqəm cəmi 2,8 faizdir. Ancaq onu da vurğulamalıyıq ki, Azərbaycan pandemiya ilə mübarizə tədbirlərini yalnız öz iqtisadi imkanları çərçivəsində reallaşdırıb. Yəni bəzi ölkələr kimi nə beynəlxalq təşkilatlardan ianə alıb, nə də hansısa dövlətlərdən yardım istəyib. Dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər, vətəndaş sağlamlığının qorunması istiqamətində atılan addımlar, insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində qəbul edilən dəstək proqramları digər ölkələr üçün nümunəvi xarakter daşıyıb. Məhz bu tədbirlərin nəticəsidir ki, bu gün ölkəmizdə koronavirusla mübarizədə müsbət dinamika müşahidə olunur.
Normal həyata qayıdış isə dövlətin postpandemiya dövrü üçün yeni çağırışlara adekvat addımlar atmasına real zəmin yaradır. Buna görə də Prezident İlham Əliyev hər zaman olduğu kimi, uzaqgörən siyasəti ilə növbəti ildə iqtisadiyyatın hazırkı tənəzzüldən yüksəliş mərhələsinə qədəm qoyması üçün mütərəqqi islahatlarını reallaşdırmağa başlayıb.
Prezidentin iqtisadiyyatın liberallaşdırılması istiqamətində atdığı addımlar, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin, İqtisadi Şuranın yaradılması islahatların tərkib hissəsidir.
Dövlət başçısı hesab edir ki, əldə edilmiş sosial-iqtisadi göstəricilərin qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır. Bunun üçün isə milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək tələb olunur.
Qlobal böhran göstərdi ki, daha çevik, operativ qərarların qəbul olunması, korporativ idarəçilikdə yeniliklərin tətbiq edilməsi və bəzən mərkəzləşdirilmiş siyasətə üstünlüyün verilməsi yarana biləcək daha böyük problemlərin qarşısının alınmasında öz faydasını verə bilər.
Buna görə də ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığının artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, idarəçilik modelinin təkmilləşdirilməsi və nəticədə dövlət büdcəsinin səmərəli istifadə olunmasını təmin etmək zərurəti yaranıb. Bu da, əlbəttə ki, müasir çağırışlar, yeni trendlər fonunda iqtisadiyyatın liberallaşdırılması nəticəsində reallaşa bilər.
Bir sözlə, İlham Əliyev qlobal böhran şəraitində həyata keçirdiyi struktur islahatları ilə iqtisadi və korporativ idarəetməni daha da modernləşdirir. Dövlət başçısı çevik, şəffaf, obyektiv informasiya sisteminə əsaslanan və ayrı-ayrı strukturları bir tam halında sinxronlaşdırmağı bacaran yeni idarəetmə modeli yaradır.
Bu da onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin möhkəm təməl üzərində formalaşdırdığı iqtisadi strategiyası böhran şəraitində belə sosial-iqtisadi və struktur islahatlarının həyata keçirilməsinə təkan verir.
Son 8 ayda Azərbaycanda reallaşan sosial-iqtisadi layihələrə nəzər yetirsək görərik ki, İlham Əliyev həm vətəndaş sağlamlığının qorunması, həm də sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul edib, böyük layihələr reallaşdırıb. Bütün bunları isə dövlət öz imkanları hesabına həyata keçirib.
Bu çətin dönəmdə Azərbaycan heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almayıb. Dünya ölkələrinin əksəriyyəti maddi yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyi halda, Azərbaycan heç kimdən yardım almadan, öz imkanları hesabına yaşayır. Hətta dövlətin xarici borcu da əksər ölkələrlə müqayisədə aşağı səviyyədədir.
Bütün bunlar, əlbəttə ki, cəbab Prezidentin iqtisadi islahatları nəticəsində əldə edilən bazanın hesabına reallaşır. Dövlət başçısının söylədiyi kimi, bununla da Azərbaycan istənilən böhranla mübarizə aparmağa qadir olan dövlət olduğunu təsdiqləyir.
Pandemiya ilə mübarizə tədbirləri fonunda ölkə iqtisadiyyatında 8 ayda 2,8 faizlik azalma müşahidə olunsa da, qeyri-neft sektorundakı 1,6 faizlik artım sevindirici haldır. Çünki bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir. Həm də onu təsdiq edir ki, Azərbaycanda qeyri-neft sektoru qlobal böhran şəraitində də inkişafdadır.
İqtisadçılar ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72,2 faizə, neft sektorunun payının isə 27,8 faizə bərabər olacağını proqnozlaşdırırlar. Qeyd edilir ki, neftin qiyməti 35 dollar olacağı halda ölkəmizdə ÜDM-in həcmi 2021-ci ildə 3 faiz, 40 dollar olacağı halda 3,4 faiz, 45 dollar olacağı təqdirdə isə 3,8 faiz artacaq. Proqnozlara görə, 2021-ci ildə ölkəmizdə ən sürətli inkişaf tempinə 35,7 faizlə turizm sektoru başçılıq edəcək. Daha sonra informasiya və rabitə (9 faiz), kənd təsərrüfatı (4,9 faiz) sektorlarının artımı gözlənilir. Bu, bir daha onu göstərir ki, cənab prezidentin qarşıya qoyduğu inkişaf konsepsiyası Azərbaycanın hərtərəfli yüksəlişi üçün yol xəritəsidir. Ölkə rəhbərinin həyata keçirdiyi islahatlar, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edib. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilib, idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılıb.