AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir

  • + A
  • - A
  • 19-09-2020, 14:55


    Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

    Texnobloqer Fərid Pərdəşünasın “Facebook”da yaydığı məlumata görə, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan polis onu içəri buraxmayıb.

    Bildirib ki, onun içəri buraxılmamasına səbəb isə əynindəki şortikin olması göstərilib:

    “Qeyd etdi ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin olmadığını vurğulayanda, bildirdilər ki, “bunun üçün qərara ehtiyac yoxdur, içəridə ana, bacı var. Bu, ictimai asayişin pozulmasıdır”. İçəridə dar şortik geyinən qızları göstərsəm də, polis qətiyyətlə məni oradan uzaqlaşdırdı. Beləcə qanunda olmadığı halda, dövlət müəssisəsində imtahan vermək hüququmdan istifadə edə bilmədim”.

    BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuatda verdiyi açıqlamada bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur.

    Onun sözlərinə görə, kişilərin cəmiyyətimizdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil:

    “Adi bir restoranlara gedəndə müəyyən geyim formalarında ümumiyyətlə içəri buraxmırlar. Hərçənd ki, ora kommersiya təşkilatlarıdır və oradan qazancları var. Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbul olunmazdır. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil.

    Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil. Bəlkə də hələ o zaman gəlib çatmayıb, bizdə kişilərin belə geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bu səbəblə kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.

    K.Əliyevin bu açıqlamasından sonra sosial şəbəkə izləyiciləri tərəfindən müzakirə edilib.

    Vəkillər Kollegiyasının üzvü Anar Mövsümoğlu “Report”a bildirib ki, şortik geyindiyi üçün imtahana buraxılmayan şəxs məhkəməyə müraciət edə bilər:

    “Qanunda belə bir qadağa yoxdur ki, kişilər şortiklə dövlət orqanlarının inzibati binasına buraxılmasın. Ümumiyyətlə Konstitusiyada qeyd edilir ki, dinindən, irqindən, etnik mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün insanlar bərabərdir. Yəni Konstitusiya bütün insanlara bərabər hüquqlar verir. Həmçinin insanlar da bərabər şəkildə gedib imtahanda iştirak edə bilər.

    Geyim qaydaları dövlət orqanlarının daxilində olur, özlərinin daxili intizam qaydalarını tənzimləyən kodeksləri var. Heç bir yerdə konkret olaraq qeyd edilməyib ki, imtahana gələndə vətəndaş hər hansı geyimi geyinməlidir. Belə bir norma yoxdur. Kamran Əliyevin də belə bir açıqlaması absurddur. Şortik geyindiyi üçün imtahana buraxılmayan şəxs məhkəməyə müraciət edə bilər. İnanıram ki, məhkəmə həmin şəxslərin xeyrinə qərar qəbul edər. Mentalitetlə bağlı qanunda qadağa yoxdur. Düzdü, kimsə dövlət orqanlarına paltarsız gedərsə, onda xırda xuliqanlıq kimi içəri buraxılmaya bilər”.

    Kamran Əliyev isə “Report”a açıqlamasında deyib ki, kişilərin şortiklə dövlət orqanlarına daxil olması cəmiyyətdə qəbul olunan hal deyil:

    “Bir daha qeyd edirəm ki, qanunda belə bir qadağa yoxdur. Aydın məsələdir ki, bu, ora gələn vətəndaşların müraciətləri və şikayətləri əsasında olub. Bu, bizim istəyimiz və yaxud da qanunda olan qadağa ilə bağlı deyil ki... Çimərlik paltarında dövlət idarəsinə giribsə, ona icazə verilməli idi? Gərək onu çimərlik formasında içəri buraxardıq? Kiminsə çimərlik formasında hansısa məsələ ilə bağlı dövlət orqanına gəlməsi cəmiyyətimizdə qəbul olunmayan qaydalardır. Bir daha deyirəm ki, bu, cəmiyyətdə qəbul olunan hal deyil”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR