"Əsrin müqaviləsi”nin bağlanmasından 26 il ötür
Bgün "Əsrin müqaviləsi"nin imzalanmasının 26 ili tamam olur.
AzadMedia.az xəbər verir ki, “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında imzalanıb.
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - "Neftçilər günü” kimi qeyd olunur.
“Əsrin müqaviləsi”ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.
Heydər Əliyevin rəhbərliyi və səyi nəticəsində hazırlanaraq imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.
Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatıb – hasilat 5,6 dəfə artıb.
1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG neftinin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanılıb.
1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalanıb. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib.
Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur, bunun gələcəkdə 60 milyon tona çatdırılması mümkündür. Uzunluğu 1768 km olan BTC ilə hazırda Azərbaycandan, əsasən, AÇG nefti və “Şahdəniz” kondensatı daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql edilir.
2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. "Yeni əsrin müqaviləsi" adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, “Chevron”, “Inpex”, “Equinor” (əvvəlki “Statoil”), “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri tərəfindən imzalanıb.
Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1% təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.
Hazırda AÇG-də tərəfdaşların iştirak payı belədir: BP – 30,37%, “AzACG” (SOCAR) – 25%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Statoil” – 7,27%, “ExxonMobil” – 6,79%, TP – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Limited” (OVL) – 2,31%.
İndiyədək AÇG-yə 43 milyard dollardan çox sərmayə qoyulub. Bundan sonra da bir o qədər investisiyanın xərclənməsi nəzərdə tutulur.
AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb. İşlənmənin əvvəlindən bu il sentyabrın 1-dək bu yataqlarından 516 milyon ton neft və 172 milyard kubmetr təbii qaz hasil edilib. Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqları hesabına əldə olunur.
Bu il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 305 milyon ton mənfəət nefti satılıb. Ümumilikdə layihə hesabına 145,8 milyard ABŞ dolları gəlir əldə edilib
Qeyd edək ki, "Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.