İsveçrə səfiri: Gəncədə nələrin baş verdiyini görmək mənim üçün çox önəmli idi
Bütün zərərçəkənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram. Mənim üçün Gəncəyə gəlmək və burada nələrin baş verdiyini görmək çox önəmli idi.
AzadMedia.az-ın məlumatına görə, bunu oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri xanım Muriel Peneveyre bildirib.
O qeyd edib ki, münaqişə ilə bağlı İsveçrə artıq sentyabrın 28-də öz mövqeyini ifadə edib: “İsveçrə bütün tərəfləri dərhal güc tətbiq etməkdən yayınmağa və beynəlxalq hüquq, xüsusilə də beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini yerinə yetirməyə çağırır. Bu, o deməkdir ki, mülki əhalini qorumalıyıq”.
Nəzərinizə çatdıraq ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər. Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.