Sahibə Qafarova Latviyanın Azərbaycandakı səfiri ilə görüşüb
Noyabrın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.
Sədr qonağı salamlayaraq bildirib ki, Azərbaycan dost və tərəfdaş Latviya Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük önəm verir. Qeyd edilib ki, hər iki ölkə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli münasibətlərin tarixində yeni bir dövr başlayıb; siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın uğurlu inkişafı yoluna qədəm qoyulub.
Əlaqələrimizin inkişafında dövlət başçılarının rolundan danışan spiker ölkə liderlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycan və Latviya arasında Avropa strukturları, Şərq tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq mövcuddur.
Görüşdə dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolundan danışan sədr hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb, millət vəkillərinin qarşılıqlı səfərlərinin pandemiyadan sonra da davam etdirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyini qeyd edib.
Söhbətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan spiker cəbhə bölgəsindəki vəziyyət barədə danışıb, erməni tərəfinin təxribatları haqqında geniş məlumat verib.
Görüşdə COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanda və Latviyada həyata keçirilən tədbirlərlə bağlı da fikir mübadiləsi aparılaraq, bu sahədə beynəlxalq əməkdaşlığın rolu qeyd olunub. Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.
Diplomat səfir kimi iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyərək, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının rolunu yüksək qiymətləndirib.
Söhbətdə səfir qeyd edib ki, Cənubi Qafqazın bu bölgəsində baş verən proseslər onların da diqqət mərkəzindədir. O, regional münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması barədə öz dövlətinin mövqeyini bir daha səsləndirib.
Həmçinin, parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın müxtəlif aspektləri, tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.