Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Bayrağı Günü ilə əlaqədar dünya azərbaycanlılarının iştirakı ilə “Bir olaq, Qarabağa dəstək olaq!” adlı virtual görüş təşkil edib.
49 ölkədən 100-dən çox soydaşımızın qatıldığı görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin "Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır” fikrini diqqətə çatdırıb və soydaşlarımızın hər birini Dövlət Bayrağı günü münasibətilə təbrik edib.
Komitə sədri Azərbaycan dövlətinin işğal altında olan torpaqlarımızı azad etmək üçün apardığı haqlı mübarizədən, Ali Baş Komandanın misilsiz xidmətlərindən və rəşadətli ordumuzun uğurlarından danışıb, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük əzmkarlıq göstərən, ordumuza və mülki şəxslərə humanitar yardımını əsirgəməyən Azərbaycan diaspor təşkilatlarına, diaspor üzvlərinə minnətdarlığını çatdırıb, soydaşlarımızı erməni təxribatlarına qarşı diqqətli olmağa çağırıb.
Xaricdə yaşayan soydaşlarımız bildiriblər ki, Vətən torpağının hər qarışında, o cümlədən düşmən tapdağından azad olunan ərazilərimizdə əzəmətlə dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımız hər bir azərbaycanlının qəlbində qürur və fərəh hissi yaradır. Biz milli qürur mənbəyimiz olan üçrəngli bayrağımızı dünyanın müxtəlif ölkələrində dalğalandırmağımızla fəxr edirik.
Komitəyə gələrək görüşə qatılan xalq artisti Fəxrəddin Manafov, Türkiyədə yaşayan böyük sənətkarımız Cahangir Novruzov, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür və digər qonaqlar dünya azərbaycanlılarının birliyindən fəxarət hissi keçirdiklərini, bir bayraq eşqinə bir bayraq altında toplaşan dünya azərbaycanlılarının hər zaman dövlətimizin yanında olduqlarını, öz zəkası, siyasi iradəsilə dünyada Azərbaycanın nüfuzunu qaldıran Ali Baş Komandana və xalqımıza zəfər sevinci yaşadan Ordumuza minnətdarlıqlarını bəyan ediblər.
Dünya azərbaycanlılarının Qarabağa dəstək aksiyalarının əks olunduğu maraqlı videogörüntülər, Türkiyədə yaşayan məşhur Manafzadələr ailəsinin ifa etdiyi “Əsgər marşı”, İsveçdəki “Qarabağ” uşaq qrupunun çıxışı dünya azərbaycanlılarının birlik toplantısının bədii-emosional ruhunu daha da zənginləşdirib.
Qarabağ üçün hər zaman bir olduqlarını, birliyimizlə tarix yazdığımızı bildirən soydaşlarımız əllərində üçrəngli bayrağımızı dalğalandıraraq görüşü bu möhtəşəm mənzərə ilə başa vurublar.