AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ad günü Zəfər paradına təsadüf edən qəhrəman

  • + A
  • - A
  • 16-12-2020, 11:15


    Nurəddin ƏDİLOĞLU yazır

    Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilən şəhid polkovnik-leytenant Ramiz Cəfərovun dekabırn 10-da Bakının Azadlıq meydanında Böyük Qələbəyə həsr olunan Zəfər paradı keçirilən gün 46 yaşı tamam oldu

    Döyüşlərdə göstərdiyi şücaətə görə "Qartal" ləqəbi ilə tanınan Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynanın paytaxtı Kiyev şəhərində dünyaya göz açmışdı. Əslən Masallının Ağakişibəyli kəndindəndir. Atası Sübhan Cəfərov uzun müddət yük maşını sürücüsü işləyib. Ramiz 1981-1989-cu illərdə Sumqayıt şəhərindəki 11 saylı tam orta məкtəbdə təhsil almışdı. Yeniyetmə çağlarından hərb sənətinə marağı onu 14 yaşında Azərbaycan Silahlı Qüvvələri üçün minlərlə milli zabit heyətini yetişdirən Cəmşid Naxçıvanlı adına Hərbi Liseyə gətirmişdi. 1988-1992-ci illərdə hərbi liseydə, 1992-1996-cı illərdə isə Ryazan Ali Hava-Dесant Komandirləri Məktəbində təhsil alan Ramiz Cəfərov sonralar ABŞ-da, Rusiyada, Türkiyədə, Almaniyada və digər ölkələrdə peşəkar kurslar keçib, hərbi təlimlərdə iştirak etmişdi. Hərbi bilikləri dərindən mənimsəməklə yanaşı, alman, ingilis və rus dillərini mükəmməl bilirdi.

    Azərbaycan Silahlı Qüvvələrinin tank və zirehli texnika xidmətinin yaradıcısı, istefada olan polkovnik Ramiz Məmmədov şəhid tələbəsi, polkovnik-leytenant Ramiz Cəfərovla bağlı xatirəsində yazır: “Ramiz fiziki hazırlıq, bilik və bacarığı çox yüksək səviyyədə olan bir zabit idi. O, Rusiyanın Ryazan şəhərində, daha sonra isə Bakıda Ali Hərbi Məktəbdə təhsil almasına baxmayaraq, daim öz üzərində çalışan bir hərbçi kimi yaddaşlarda qaldı. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət etmişdi və hər zaman yüksək nailiyyətlərinə görə vəzifələrə layiq görülərək komandanlıq tərəfindən qiymətləndirilirdi. Sadəlik və təvazökarlıq da ona ən xas olan göstəricilər idi. Köhnə silahdaşları, müəllimləri və yoldaşları ilə daim ünsiyyət saxlayardı...”

    46 illik ömrünün 28 ilini şərəfli zabit peşəsinə sərf edən Ramiz Cəfərov qüsursuz xidmətlərinə görə dəfələrlə medallara layiq görülmüşdü. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabitinin qəhrəmanlıq səfəri 2016-cı ilin Aprel döyüşlərindən başlamışdı. Döyüş yoldaşlarının dediyinə görə, Ramiz döyüşçülərdə hücum zamanı “İrəli” deməyi heç vaxt xoşlamazdı, özü birinci irəli atılandan sonra “arxamca” deyib, əsgərlərinə nümunə göstərər, bir qartal kimi düşmənin üzərinə şığıyardı. Əmisi oğlu Fərrux Cəfərov deyir ki, Ramiz çox ailəcanlı, həm də Vətənə, xalqa bağlı hərbçi idi. Ən böyük arzusu Qarabağın incisi Şuşa başda olmaqla işğal altında olan bütün torpaqlarımızı azad etmək, müharibənin sonunu, qələbəmizin təntənəsi görmək idi.

    Ramzi Cəfərov özünün rəhbərlik etdiyi döyüş əməliyyatları barədə, yaxın qohumlarına, dost-tanışına danışmazdı. Amma bir dəfə kiçik övladlarından biri zabit yoldaşının yanında ondan soruşmuşdu ki, ata, sən leytenantsan, ya polkovnik? Suala Ramizin zabit yoldaşı belə cavab vermişdi : - Atanız polkovnik-leytenantdır. Onun ən böyük titulu isə döyüş yoldaşlarının ona verdiyi ordunun “Qartalı” rütbəsidir. Zaman gələr, atanız haqqında kitablar yazılar, filmlər çəkilər, onda bilərsiniz ki, siz necə bir qəhrəmanın övladısınız!..

    Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandir müavini vəzifəsində erməni faşizmi üzərində qələbəmizə böyük töhvələr verən polкovniк-leytenantı Ramiz Cəfərov sentyabrın 27-də işğal altında olan ərazilərin azadlığı uğrunda gedən döyüşlərin önündə gedən əsl cəngavər idi. Öhdəsinə götürdüyü çətin əməliyyat tədbirlərinin icrasına qətiyyətlə nail olardı. Düşmənə çox açılar çəkdirmişdi, xeyli sayda canlı qüvvəsini məhv edib, döyüş texnikasını ələ keçirmişdi. Əsgərləri onu gözündə qorxu olmayan qəhrəman kimi tanıyırdılar. Silah yoldaşları danışır ki, düşmənin canına vəlvələ salan Ramiz Cəfərov Şuşa uğrunda savaş meydanda sanki bir əfsanəyə dönmüşdü. “Şuşaya daxil olduğumuz anda o, süngü, tapança ilə elə məharətlə “işləyirdi” ki, elə bil hansısa döyüş filminə baxırdın...”

    Şuşanın mənfur düşmənlərdən təmizlənməsində polkovnik - leytenant Ramiz Cəfərovun misilsiz xidmətləri oldu. Döyüşçülərimiz həqiqi mənada ondan ilham alıb, nümunə götürürdülər. Oğlu Nurlanla son

    dəfə danışanda deyib ki, az qalıb oğlum, artıq Şuşa bizimdir, inşallah gələcəyəm, səninlə balıq ovuna gedəcəyik...

    Təəssüf ki, onun bir çox arzuları yarımçıq qaldı... Şuşanın alındığını görsə də, qələbə sevincini tam axıracan yaşaya bilmədi. Əvvəldən özünün dediyi kimi, düşmən onu güllə ilə vura bilmədi, amma noyabrın 5-də bir neçə döyüş yoldaşı ilə birgə ağır artileriyadan və tankdan açılan atəş zamanı şəhid oldu. Cəsur zabitimizin nəşi böyük ehtiramla əvvəlcə yaşadığı Sumqayıt şəhərini sonra Bakıya gətirildi. Ramiz Cəfərov Azərbaycanın Milli Qəhrəmanı, general – mayor Polad Həşimovla Ryazanda bir yerdə hərbi təhsil almışdı. Hər iki qəhrəmanın yeniyetməlik və gənclik çağları Sumqayıt şəhərində keçmişdi. İndi onların paytaxtımızn İkinci Fəxri Xiyabandakı məzarları da qonşudur.

    Şəhid polkovnik – leytenant Ramiz Cəfərov ikisi əkiz olmaqla 5 uşaq atası idi. Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında qızları, oğlu Nurlan Vətən müharibəsinin qəhrəmanı adına layiq görülən atalarıni ilə fəxr etdiklərini deyirlər. İndi bütün şəhid övladları kimi bu uşaqların da bir məqsədi var: Qəhrəman atalarının böyük arzularını yerinə yetirmək və onun yarımçıq qalan ömür yolunun layiqli davamçıları olmaq. Şəhid atalarının qisasının yerdə qalmaması onlar üçün təsəlli qaynağıdır. Bu gün ömrünün kədərlə qürur hissinin həmahəng olduğu günlərini yaşayan qəhrəmanın həyat yoldaşı Sitarə xanım Cəfərova müharibə başlayandan hər şeyə hazır olduğunu bildirir. Deyir ki, şəhidlər ölmür, ölməyənə ağlamazlar. Çünki müharibədən söz düşəndə Ramiz həyat yoldaşına həmişə deyirmiş ki, bu gec-tez olmalıydı: “Bu müharibədə nəyin bahasına olursa olsun biz qalib gəlməliyik ki, oğlumuz sabah ışıqlı dünyada arzuladığı kimi yaşasın, müharibə görməsin...”

    Polkovnik – leytenant Ramiz Cəfərov dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradının sevincini yaşamasa da, düşmən üzərində böyük qələbənin sevincini milyonlarla insana bəxş edən Vətən Müharibəsinin Qəhrəmanlarından biri oldu. Həmin gün 46 yaşı tamam olan qəhrəman zabitimizin əziz ruhuna Allahdan rəhmət diləyib dedik: -Cənnətdəki ad günün mübarək, cənab polkovnik – leytanant, ruhun şad olsun, sənin Vətən sevgin də, sevdiklərin də xalqımıza əmanətdir...

    Ad günü Zəfər paradına təsadüf edən qəhrəman


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR