Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut etdilər - Rektor
İbrahim Cəfərov,
Professor, ADAU-nun rektoru
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
2 fevral Gənclər Günündən danışarkən, Ulu Öndəri xatırlamamaq mümkün deyil. Çünki bu bayram birbaşa onun gənclərə verdiyi qiymətin nəticəsidir.
Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verirdi.
Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.
O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində əməli işlər görülmüşdür.
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübuta yetirmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir.
Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur.
Həqiqətən də gənclik böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut etmişlər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir. Bütün bunlar onu bir daha sübut edir ki, dövlət gənclərə diqqət və qayğısını əsirgəməyəcək, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması, cəmiyyətin bütün sahələrində fəal iştiraklarını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
Bu, böyük xoşbəxtlik, böyük səadətdir ki, indiki gənclər müstəqillik dövründə formalaşırlar. Bəzi hallarda indiki gənclərin təsəvvürlərinə belə gələ bilməz ki, vaxtilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər olmuşdur, azadlıqlar yox idi. Sərbəst fikir söyləmək, başqa cür düşünmək, fərqli dünyagörüşünə malik olmaq kimi hər bir insan üçün təbii olan imkanlar mövcud deyildi. Bu gün müstəqil ölkədə yaşayıb fəaliyyət göstərməyimiz bizim hamımız, o cümlədən gənclərimiz üçün ən böyük xoşbəxtlikdir. Eyni zamanda, müstəqil, azad, demokratik dövlətə xas olan bütün amillər Azərbaycanda mövcuddur.
Bu gün ölkəmiz öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Bununla belə, müstəqilliyimizin dönməz xarakter alması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür.
Ömrümün çox hissəsi tələbə-gənclərin əhatəsində keçib.
Gənclərimiz nikbindir, gələcəyə ümidlidirlər. Vətən Müharibəsi onları daha qürurlu edib, özünəinam hisslərini daha da artırıb. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut etməyə çalışır. Belə gənclərimizlə fəxr edir, hər zaman onlarla işləməkdən, onların əhatəsində olmaqdan qürur duyur, hər bir Azərbaycan Gəncini Gənclər Günü münasibətilə təbrik edirəm.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR