AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzTU və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib

  • + A
  • - A
  • 18-02-2021, 18:55


    Azərbaycan Texniki Universiteti (AzTU) ilə Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Dördüncü sənaye inqilabı: Yaşıl enerji zonası, ağıllı şəhər və kəndlər” mövzusuna həsr olunmuş onlayn seminar keçirilib.

    AzTU-nun İctimai Şurasının sədri, Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün moderatorluğu ilə keçirilən seminarda qonaqları salamlayan rektor Vilayət Vəliyev tədbirin çox əhəmiyyətli mövzuya həsr olunduğunu qeyd edib. Rektor azad edilmiş ərazilərdə şəhərlər və kəndlərin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulması ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarını xüsusi vurğulayıb. Bildirib ki, dördüncü sənaye inqilabında universitetlər xüsusilə də AzTU əhəmiyyətli rol oynayır. Hazırda universitetdə müasir çağırışlara uyğun islahatların aparıldığını qeyd edən rektor buna misal olaraq Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının yaradıldığını, ixtisasların müasir tələblərə uyğun yeniləndiyini qeyd edib. Bu da onu göstərir ki, AzTU müasir dövrün çağırışlarına cavab verməyə hazırdır.

    Tədbirdə professor, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov “Azad olmuş ərazilərə qayıdışı stimullaşdırmaq üçün enerji siyasətinin özəllikləri”, millət vəkili Etibar Əliyev “IV sənaye inqilabının paradiqmaları”, AzTU-nun İctimai Şurasının sədri, Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” Mərkəzinin direktoru Osman Gündüz “Ağıllı şəhər və kənd: rəqəmsal transformasiyanın tərkib hissəsi kimi”, AzTU-nun tədris işləri üzrə prorektoru, əməkdar mühəndis, əməkdar elm xadimi, professor Nurəli Yusifbəyli “Azərbaycanın postneft dövrü: enerji sektorunun inkişaf trendləri” mövzusunda çıxış edib. Bildirilib ki, azad edilmiş ərazilərdə salınacaq “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının elmi araşdırılması vacibdir. Qeyd olunub ki, həmin ərazilərə əhali köçürülməzdən əvvəl bütün xidmətlər elektronlaşdırılmalıdır. Bu istiqamətdə kadr hazırlığı zamanı əmək bazarının tələbləri nəzərə alınmalıdır. Görülən işlər elmə və tədqiqata söykənməlidir. Müzakirələrlə davam edən seminarda Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Jurnalistlər Birliyinin, “Azərenerji” və “Azərişıq”ASC-nin nümayəndələri də iştirak edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR