AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət başçısı: “Azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir”

  • + A
  • - A
  • 26-01-2021, 15:05



    “Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik”.

    Bu sözləri Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:

    “Burada infrastruktur layihələri ilə bərabər, mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır.

    Yaşıl enerji zonası ilə bərabər, kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, çox böyük örüş sahələri var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun”.

    “Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı onlarla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir. Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”, -deyə İlham Əliyev bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR