AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı

  • + A
  • - A
  • 26-02-2021, 08:56



    Ötən il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində növbəti genişmiqyaslı təxribata əl atması düşmən ölkənin bütün sədləri aşması demək idi. Ona görə də özünün güclü Ordusuna güvənən Azərbaycan bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı. 44 günlük müharibə Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası, xeyli sayda canlı qüqvvəsi məhv edildi.

    Beləliklə, Azərbaycan tarixi qələbəyə imza atdı. Üstümüzdən sanki böyük bir yük götürüldü, qamətimiz düzəldi, məğlubiyyət sindromundan xilas olduq. Əsgər və zabitlərimiz böyük rəşadət göstərdilər. Bütün bunların arxasında isə vətənpərvərlik hissi dururdu. Ən əsası odur ki, müharibə dövründə xalq-iqtidar birliyi öz rolunu oynadı. Hamı ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdi, onu dəstəklədi. Sözsüz ki, bu və ya digər amillər qələbənin qazanılmasını şərtləndirdi.

    Fevral ayı gələndə yada istər-istəməz Xocalı faciəsi düşür. Məlum olduğu kimi, fevralın 25-dən 26-na keçən gecə ermənilər sözügedən şəhərə hücum etmiş və ağlasığmaz vəhşiliklər törədərək yerli sakinlərə divan tutmuşlar. 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 200 nəfərdən artıq insan müxtəlif dərəcəli əlilə çevrilib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prokurorluğunda Xocalı soyqırımını araşdıran istintaq qrupu yaradılmışdı. Həmin istintaq qrupları ayrı-ayrı vaxtlarda, daha doğrusu, 1992-ci ildən sonrakı dövrlərdə 100 cilddən artıq istintaq materialları toplamışdılar. İstintaq zamanı 3000 nəfərdən artıq Xocalı sakini və digər şahidlər dindirilmişdi. Nəticədə cinayət işi tam sübuta yetirildi.

    Təəssüf ki, beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq müdafiəçiləri Ermənistanın törətdiyi Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməməsinə hələ də göz yumurlar. Halbuki, bu, heç bir məntiqə və demokratiyaya sığmır.

    Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan ulu öndərimiz Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: “…biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək, Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı bu qüdrətə malikdir”.

    Bir daha yada salmaq yerinə düşər ki, məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanında bu faciənin dəqiq siyasi qiyməti verilir: “1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı”.

    İllər keçəcək və erməni işğalçılarının Xocalıda törətdikləri vəhşiliklər haqqında yazılanlar tarixin ən dəqiq, ən səhih səhifələri kimi öyrəniləcək, tədqiq ediləcəkdir.

    Elə bir Xocalı sakini yoxdur ki, o müdhiş gecədə doğmasını, əzizini itirməsin. Özü də birini yox, beşini, onunu, əllisini… Əsirliyin fəlakətini yaşamasın… Hələ illər boyu dişlə-dırnaqla qurduqları xanimanlarının əllərindən zorla alınmasını, yandırılan, dağıdılan, xarabalığa çevrilən yurd-yuvalarını demirik. Odur ki, xocalılar hələ də təsəlli tapa bilmirlər, hər gün, hər an “Vətən!” deyib sızlayırlar.

    Bir sözlə, Xocalı acıları unudulan deyil! “Zaman bütün yaraları sağaldır”, “Torpağın üzü soyuq olur”, deyilsə belə…

    Vətən müharibəsində qazandığımız Zəfər yəqin ki, əziz xocalılara da xeyli dərəcədə təskinlik olacaq. Namərd, xain, vəhşi ermənilərə ordumuzun verdiyi dərsləri, güman ki, onlar uzun illər unutmayacaq.

    Biz öz torpaqlarımız uğrunda vuruşduq, biz qəhrəmanlıqla vuruşduq, bəs ermənilər necə?

    Son müharibə bir daha onların iç üzünü açdı, necə mərkli olduqlarını bütün dünya gördü. Bütün bunlardan nəticə çıxaracaqlarmı?

    İqbal Məmmədov

    Milli Məclisin deputatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR