Keçirilən mətbuat konfransı Xocalı gerçəklərinin daha geniş coğrafiyaya yayılmasına kömək edəcək
Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Cənab Prezident İlham Əliyev 26 fevral 2021-ci cil tarixində yerli və xarici mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirib, bir daha dünya dövlətləri arasında ilklərə imza atdı. Sevindirici haldır ki, bunu 20 ildən artıq media sahəsində təcrübəsi olan britaniyalı jurnalist xanım da etiraf etdi. 4 saat 4 dildə jurnalistlərə müxtəlif mövzularda cavab vermək üçün dərin siyasi bilik, zəngin dövlətçilik təcrübəsi, peşəkar diplomatiyanı özündə cəmləşdirən Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransından bütün dünya çox yazacaq, çox danışacaq.
Mətbuat konfransı xalqımız üçün olduqca önəmli bir gündə, Xocalı soyqırımı tarixində keçirildi. Düşünürəm ki, mətbuat konfransının tarixi olduqca uğurla seçilmişdi, bu, təsadüfi deyildi.
Mətbuat konfransı zamanı kifayət qədər vacib məsələlərə toxunuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Xocalıda baş verən erməni vəhşiliyinin birbaşa olaraq ölkə rəhbəri tərəfindən xarici və kifayət qədər güclü media nümayəndələrinin diqqətinə çatdırılması Xocalı gerçəklərinin daha geniş coğrafiyaya yayılmasına kömək edəcək.
Ölkə başçısı bir daha Qarabağ problemi ilə bağlı mövqeyi açıq ortaya qoydu və təkrarən bildirdi ki, artıq belə bir problem yoxdur və həmin torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olub və bundan sonra da belə olacaq. Hadisələrə dini don geyindirmək və özlərini üzdə bizə dini ilə yaxın, amma ermənilərə yardım cəhdində bulunanlara da ölkə başçısının cavabı çox gecikmədi, İslam ölkələrinə konkret bir mesaj verdi - məscidlərdə donuz saxlayaraq İslam dinini təhqir edən ölkədən İslam dövlətlərinə dost ola bilməz.
Regionun gələcəyi ilə bağlı sual da cavabsız qalmadı; Azərbaycan regionda həmişə olduğu kimi sülhün tərəfdarıdır və bunun daha da möhkəmlənməsi üçün əlindən gələni edəcək.
Azərbaycanın güclü dövlət olduğunun mesajlarının verilməsi mətbuat konfransının ən danışılan hissəsi olacaq. Cənab Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan problemi özü həll etdi və erməni vəhşiləri tərəfindən dağıdılmış torpaqları özü bərpa edəcək. Bu məsələdə yeganə rəqibimiz zamandır:
Prezidentin hər cavabı, hər cümləsi geniş bir təhlil mövzusudur.
Bir sözlə deyə bilərik ki, bütövlükdə mətbuat konfransı Azərbaycan həqiqətlərinin, regionda yaranmış yeni reallıqların və bu bölgənin gələcəyi ilə məqamların aydınlanması baxımdan kifayət qədər uğurlu oldu.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR