HAKAN DİKMEN
Novruz-təzə, gün deməkdir. Yəni təzə gün, ilin başlanğıcı yaz ayının gəlişi deməkdir.Novruz bayramı Azərbaycan xalqının ən qədim milli bayramlarından biridir. Yazın gəlişi, təbiətin, bütün canlı həyatın oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir.
Novruz bayramının mənşəyi qədimdir. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
“Novruz”un türklərin Ergenekon bayramının davamı olması haqqında da fikirlər çox geniş yayılmışdır. İndi “Novruz” adı ilə keçirilən bu bayramın türklərin əski “Ergenekon bayramı” olması haqqında fikirlər vardır. Bu mülahizəyə görə, türklərin əskidən bəri keçirdikləri “Ergenekon bayramı” müəyyən bir dövrdən sonra “Novruz” adı ilə qeyd olunmağa başlamışdır.
Türk tarixində “Ergenekondan çıxış” günü “Novruz” kimi xatırlanmış və bu adla qeyd olunmağa başlamışdır. Əlbəttə ki, bu səbəbsiz deyildir. Ergenekon bayramı təkcə törəyiş deyil, eyni zamanda, əski türklərin 400 il əziyyət çəkərək qaldıqları yerdən bir bozqurdun yol göstərməsi ilə xilas olub çox gözəl bir yerə gəlib çıxmaları və yerləşmələrinin bayramıdır. Türklər xilas olduqları günə və yerləşdikləri yerə “Ergenekon” deyiblər. Bu mənada Ergenekon həm zamandır, xilas, qurtuluş günüdür, həm də məkandır, yeni və çox zəngin bir yerdir.. Türklər həmin yerə gəldikləri günü, həmin gündə və həmin yerdə ənənəvi olaraq qeyd ediblər. Yeni zamanın və məkanın qeyd olunduğu hadisə, Tanrıya alqışetmə ritualıdır.
Şamançı türklərin müəyyən vaxtlarda keçirdikləri ayinlərin yaz, yay və payız mövsümlərində baş verir ki, bunların da çox qədim dövrdən qaldığı şübhə doğurmur. Əski türk imperatorluğu dövründə bu ayinlərin dövlətin rəsmi dini bayramları olduğu Çin qaynaqlarının verdiyi məlumatlardan aydın olur. Yaz və payız bayramlarında ayinlərin icra olunması hunların zamanından məlumdur. Əski türk dininin saxlandığı monqol imperatorluğu dövründə yaz bayramı və bununla əlaqəli mərasimlər dövlətin dini bayramları olmuş və bu bayramlarda möhtəşəm ayinlər icra edilmişdir.
2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Novruz bayramında müxtəlif oyunlar keçirilir.Bunlara atırma.halay,bənövşə,cıdır ,ənzəli Kosa-kosa və bu kimi oyunlar aid edilir.
Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır.
• İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.
• İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.
• Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.
• Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.
Bayramova Xalidə
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR