AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin mətbuat konfransı İraq mediasında

  • + A
  • - A
  • 2-03-2021, 20:20


    İraqın rəsmi mətbu orqanı olan “əs-Sabah” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc edib.

    Azadmedia.az a xəbər verir ki, qəzetin müxbiri işğaldan azad olunmuş torpaqlarımıza, o cümlədən Ağdam şəhərinə səfəri zamanı gördüyü dağıntıların həcmindən dəhşətə gəldiyini qeyd edir.

    Məqalədə müxbir Azərbaycan Prezidentinin fevralın 26-da keçirdiyi mətbuat konfransında iştirak etdiyini bildirib və bu barədə təəssüratlarını çatdırıb. Qəzet Prezident İlham Əliyevin iraqlı jurnalistin sualına cavabından fikirləri təqdim edib.

    Prezident İlham Əliyev təkcə Ağdam məscidinin deyil, vaxtilə işğal altında qalan digər ərazilərimizdəki bütün məscidlərin, dini, tarixi və mədəniyyət abidələrimizin dağıntılara, təhqiramiz hallara məruz qaldığını bildirib: “Doğrudan da, Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağrılıdır və bütün dünya bunu görməlidir. Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir. Biz bunu belə qəbul edirik. Bu təhqiri edənlər bu gün Ermənistan siyasi müstəvisində də özləri üçün yer tapmaq istəyirlər. Ermənistanın keçmiş prezidenti Köçəryanın dağılmış və üzərində təhqiramiz ifadələr olan həmin Ağdam məscidinin önündə fotoşəkilləri var. Onlar bu cinayəti törədiblər və mən dəfələrlə müxtəlif tədbirlərdə, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşlərində və digər beynəlxalq tədbirlərdə qeyd edirdim ki, bu cinayəti törədənlər, İslam müqəddəslərinin təhqirini özünə rəva bilənlər heç vaxt müsəlman ölkələri ilə dost ola bilməzlər”.

    Dövlət başçısı mətbuat konfransında iştirak edən media nümayəndələrinin nəzərinə çatdırıb ki, Azərbaycan dövləti azad olunmuş torpaqları, oradakı tarixi, dini, mədəniyyət abidələrini, eləcə də bütün məscidləri bərpa edəcək. “İslam ölkələrinin nümayəndələri bu məsələ ilə bağlı öz təkliflərini verirlər. Bu yaxınlarda sizin də qeyd etdiyiniz kimi, ICESCO-nun nümayəndə heyəti Azərbaycanda idi. Onlar Ağdam məscidini ziyarət etmişlər və ondan sonra ICESCO-nun Baş katibi ilə görüş əsnasında belə bir təklif irəli sürüldü ki, ICESCO bizim tarixi abidələrimizin bərpası işində öz rolunu oynaya bilər” , – deyə Prezident iraqlı jurnalistin sualına cavabında bildirib.

    Xatırladaq ki, mətbuat konfransında Azərbaycan Prezidenti dünyanın 35 media qurumunun nümayəndələrinin 50-dək sualını cavablandırdı, İkinci Qarabağ müharibəsinin başlanma səbəblərini, Rusiya sülhməramlılarının, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini və digər məsələləri geniş şərh edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR