AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik

  • + A
  • - A
  • 2-03-2021, 14:46



    Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Orada dəqiq göstərilmişdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Artıq monitorinq mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir. Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək.
    Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermiş, müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış. Eyni zamanda, ilk günlərdən Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini göstərmişdir. Müharibə dövründə ilk günlərdən Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın . Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Eyni zamanda, bütün dünyaya bir siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin.
    Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis Azərbaycana ezam edilib. Türkiyə, İran, gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər. Keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də böyük planlar var və onlar reallaşacaq. Türkiyə ilə maddi-texniki əməkdaşlığımız davam edir. Türkiyədən müasir texnika alınıb, o artıq gətirilib. Bu texnika mina təmizləmə işini xeyli asanlaşdıracaq. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı arada fikir ayrılığı yoxdur. Postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedədirlər. Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da proseslərin tərkib hissəsi ola bilər. Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməzsə, vəziyyəti daha da çətinləşəcək. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar.
    Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvür var. Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir. Azərbaycan bu regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur;
    Elə bu səbəbdəndir ki, Türk şirkətləri Qarabağın yenidənqurma işlərində iştirak edir. İlk kontraktlar Türkiyə şirkətləri ilə imzalanıb. Görüləcək işlərin həcmi çox böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti ilə də dəfələrlə danışıb. Bu işlər birgə görüləcək və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib. Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Azad edilmiş torpaqlarda bir çox sahələrdə Türkiyə şirkətlərini görəcəyik. Əminəm ki, görəcəyik, inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində. Ona görə görüləcək işlər çox olacaq. Bundan sonra da, inşallah, bərabər gedəcəyik. Sevindirici haldır ki, Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, böyük üstünlük təmin etmişdir. Yeni kontraktlar imzalanıb. Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında əməkdaşlıq uzun tarixə malikdir. Bütün dövrlərdə Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bir yerdə olublar. Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müntəzəm olaraq keçirilir. 2019-cu ildə 10 dəfədən çox hərbi təlim keçirilmişdir. Keçən il pandemiyaya görə az keçirildi. Builki Qars şəhərində keçirilmişdir. Bu sahədə də işlər aparılacaq.
    Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Müxtəlif sahələrdə, hərbi sahədə əməkdaşlıq davam etdiriləcək. Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib.
    Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk. Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlı olması, əlbəttə ki, qardaşlıq rəmzi idi, qardaşlıq addımı idi. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra bağlamışdır. Sərhədlərin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktı idi. İndi münaqişə başa çatdı. İndi Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdi və əlbəttə ki, bölgədə yeni vəziyyət yaranmışdır. Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də bu, davam edir. Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib. Onlar Türkiyə və Azərbaycanı hər zaman düşmən sayıblar. Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Müharibədən əvvəl Ermənistan Prezidenti Sevr müqaviləsinə yenidən baxılmalıdır deyirdi. Yəni, ermənilərin Türkiyəyə ərazi iddiası var. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bundan əl çəkməlidirlər. Bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Qondarma dırnaqarası “soyqırımı”nı müxtəlif ölkələrin parlamentində qəbul etdirirlər. Ermənilər ağıllarını başlarına yığmalıdırlar. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır. Yeni vəziyyəti nəzərə alaraq Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına da müsbət baxırıq. Türkiyə özü müəyyən edəcək ki, Ermənistan ilə sərhədlər nə zaman açıla bilər, nə zaman əlaqələr normallaşa bilər. Azərbaycan tərəfindən buna necə deyərlər, hər hansı bir mənfi fikir olmayacaq. Bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır. Əgər koridorlardan söhbət gedirsə, Zəngəzur koridoru gerçəkləşdiriləcəksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Bu, Türkiyənin öz qərarıdır. Ermənistan ilə sərhədlərin açılması Türkiyənin xeyrinə olacaqsa, bu, Azərbaycanın da xeyrinədir.
    Sonda fəxrlə onu qeyd edim ki, mənim oğlum da könüllü Vətən müharibəsində döyüşmüş, yanvara qədər Orduda qalıb, tərxis əmrini gözləmişdir. Keçirdiyi çətinliklərə baxmayaraq, hər an Ali Baş Komandanın çağırışına hazırdır. Oğlumla fəxr edirəm! Yaşasın Azərbaycan Prezidenti! Yaşasın Azərbaycan dövləti! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

    Balaşirin Nəsirov,
    Lerik Rayon Bələdiyyəsinin sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR